image-sahibebackend

 Sahibə Qafarova Milli Məclisin fəaliyyətindən danışdı

image-reklam_sirab_01

Bu gün Milli Məclisin 15 mart tarixli iclasında  parlamentin sədri  Sahibə Qafarova  çıxış edib. Sahibə Qafqarovın  çıxışını ixtisarla diqqətinizə çatdırırıq.

Hörmətli həmkarlar !
İcazənizlə, mən ötən iclasdan bəri, yəni təqribən 10 gün ərzində Milli Məclisdə görülmüş işlər haqqında sizə qısa məlumat vermək istəyirəm.
Qeyd edim ki, bu dövrdə Milli Məclisin 13 komitə iclası keçirilmişdir. Bir sıra qanunvericilik aktlarının layihələri ətraflı və geniş müzakirə edilmiş və plenar iclasda baxılmasına dair rəy verilmişdir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda geniş ictimai dinləmə keçirmişdir. Dinləmədə Milli Məclisin müxtəlif komitələrinin üzvləri, Aparatın müvafiq şöbələrinin işçiləri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Yerüstü Nəqliyyat Agentliyinin rəhbər vəzifəli şəxsləri, habelə Boston Consulting Group şirkətinin nümayəndəsi və müstəqil ekspertlər də iştirak etmişlər.
Hörmətli həmkarlar!
Ötən dövrdə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir.
Belə ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin üzvü Əfzəl Xan, Almaniya Bundestaqının Hüquq siyasəti komitəsinin sədri Elizabet Vinkelmayer-Beker və rəhbərlik etdiyi heyət, Avstriya Parlamentinin Cənubi Qafqazla dostluq qrupunun rəhbəri Andreas Minnix və qrupun üzvləri, Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Givi Mikanadze və komitənin üzvləri, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullah ilə mənim görüşlərim olmuşdur.
Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri, xüsusən parlamentlər arasında iş birliyinin gücləndirilməsi yolları nəzərdən keçirilmişdir.
Həmsöhbətlərimə Azərbaycanın bugünkü reallıqları barəsində geniş məlumat verdim. Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri barədə fikirlərimi bölüşdüm. Bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ikili standartların olduğunu da vurğuladım.
Hörmətli həmkarlar!
Milli Məclisdə bu ərəfədə Türk Dövlətləri Parlament Assambleyasının  Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 11-ci iclası da keçirilmişdir. İclas “TÜRKPA üzvü olan dövlətlərdə elmi və texnoloji inkişafda parlamentlərin rolu və qanunvericilik dəstəyi” mövzusuna həsr edilmişdi.
Hörmətli həmkarlar!
Son olaraq onu da qeyd edim ki, martın 13-də Avropa Parlamenti ölkəmizə qarşı qərəzli münasibətini bir daha nümayiş etdirərək “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnamə qəbul etmişdir. Milli Məclis anti-Azərbaycan xarakterli bu növbəti qətnaməyə yenə də öz qəti etirazını bildirmişdir. Yəqin ki, müvafiq sənədlə mətbuatda tanış olmusunuz.
***
Hörmətli cənab Baş nazir və hökumət üzvləri!
Hörmətli deputatlar!
Xanımlar və cənablar!
Bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir.
Hörmətli həmkarlar,
İlk öncə qeyd edim ki, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdıqdan sonra hökumət üzvləri ilk dəfədir, Milli Məclisin iclasında iştirak edirlər. Xatırladım ki, fevralın 16-da Baş nazirin təyinatına razılıq məsələsinə baxılarkən biz hörmətli Əli Əsədovu təbrik etmişdik. İndi isə fürsətdən istifadə edərək, hökumətin bütün üzvlərini səmimi qəlbdən təbrik edirik və onlara yeni uğurlar arzulayırıq.
Hörmətli cənab Baş nazir və hökumət üzvləri!
Hörmətli deputatlar!
2023-cü il milli inkişaf tariximizə “Heydər Əliyev İli” kimi daxil olmuşdur. Bununla birlikdə, ötən il möhtərəm cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü qeyd edilmişdir. Keçdiyimiz tarixi dövrün təhlili göstərir ki, Ulu Öndərin rəhbərliyi ilə ölkə iqtisadiyyatında bərqərar edilmiş inkişaf dinamikası möhtərəm cənab Prezidentin rəhbərliyi ilə ildən-ilə daha da möhkəmlənmiş və 2023-cü ilin uğurlu göstəricilərində yeni ifadəsini tapmışdır.
Hörmətli həmkarlar,
Mən yalnız bir neçə rəqəmi qeyd edəcəyəm və bilirəm ki, bu haqda ətraflı məlumat veriləcək. Sadəcə onu qeyd edim ki, ötən il ölkədə 123 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Bu, 2022-ci illə müqayisədə 1,1 faiz çoxdur. Sevindirici hal odur ki, artım qeyri neft-qaz sektorunun hesabına təmin edilmişdir.
Diqqəti çəkən məqamlardan biri də dövlətin strateji valyuta ehtiyatlarının 17 faizdən çox artması və 68,5 milyard ABŞ dolları təşkil etməsidir.
2023-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün 20 milyard manatdan çox investisiya qoyuluşu həyata keçirilmişdir. Bu isə əvvəlki illə müqayisədə 9,8 faiz çoxdur.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ildə 5,6 milyard manatadək vəsait xərclənmişdir. Ötən üç ildə isə bu vəsait 12 milyard manatdan çox olmuşdur.
Bütün bunlar, hörmətli həmkarlar, dövlət başçısı möhtərəm cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və neft gəlirlərindən asılılığın azaldılması, infrastrukturun inkişafı və digər sahələrdə hökumətin fəaliyyətinin səmərəli qurulduğunu söyləməyə əsas verir.
Hörmətli cənab Baş nazir və hökumət üzvləri!
Hörmətli deputatlar!
Əminliklə söyləmək olar ki, bu gün ölkəmizin malik olduğu zəngin resurslar qarşıya qoyulan hər bir vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır. Mən bu il fevralın 14-də möhtərəm cənab Prezidentin andiçmə mərasimində söylədiyi nitqdən bir fikri xatırlatmaq istəyirəm. Cənab Prezident demişdi ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq.
…Bu yeni dövr uğurla başlayır, uğurla da davam edəcək.
Hörmətli cənab Baş nazir və hökumət üzvləri!
Hörmətli deputatlar!
Biz həmişə məmnunluqla qeyd edirik ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır.
Onu da deyim ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat bizə təqdim edilmişdir. Eyni zamanda, artıq 4 ildir ki, hesabata ayrıca olaraq, sosial və infrastruktur obyektlərinin əsaslı təmiri və tikintisi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması barədə Milli Məclis deputatlarının təkliflərinin icrası barədə məlumat da daxil edilir.
Düşünürəm ki, deputatlar bu gün aparacağımız müzakirələrdə fəal iştirak edəcək və səmərəli təkliflər irəli sürəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image