image-sahibebackend

Sahibə Qafarovanın “İNCSOS-Qarabağ” 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində açılış nitqi

image-reklam_sirab_01

Milli Məclisin sədri Sahibə Qafarovanın “İNCSOS-Qarabağ” 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində açılış nitqi

(Bakı, ADA universiteti, 02 iyun 2022-ci il)

 

Hörmətli Konqres iştirakçıları,

Xanımlar və cənablar,

Əziz qonaqlar, əziz dostlar

Mən bu zalda həm Azərbaycandan, həm Türkiyədən özüm üçün çox doğma insanları görürəm, simaları görürəm və mən Sizi səmimi qəlbdən salamlayıram.

Hörmətli Konqres iştirakçıları, qeyd etmək istəyirəm ki, Azərbaycan və Türkiyə parlamentlərinin himayəsi altında keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi akademik dairələrimizin birgə fəaliyyətinin daha da gücləndirilməsi baxımından çox önəmli tədbirdir.

Bununla əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri, professor, doktor hörmətli Mustafa Şentopa bu möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi ideyasını irəli sürməsinə və verdiyi böyük dəstəyə görə təşəkkürümü bildirirəm.

Həmçinin Konqresin təşkilinə göstərdikləri köməyə, ev sahibliyinə görə hörmətli rektor, professor, doktor Hafiz Paşayevə və ADA Universitetinin bütün kollektivinə minnətdarlığımı bildirirəm.

Beynəlxalq Balkan Universitetinin rektoru, professor, doktor Mehmet Dursun Erdemə də konqresin təşkilində göstərdiyi səylərə görə təşəkkür edirəm.

Hesab edirəm ki, bu cür elmi tədbirlərin keçirilməsi universitetlərimiz, elmi dairələrimiz arasında əməkdaşlığın inkişafı baxımından olduqca zəruridir. Azərbaycan Respublikasının təhsil naziri cənab Emin Əmrullayevin Konqresdə iştirakı bunu bir daha təsdiq edir.

Və onu da qeyd edim ki, Azərbaycanın ən qabaqcıl təhsil ocaqlarından biri olan ADA Universitetinin zəngin beynəlxalq və elmi təcrübəsi bu tədbirin ən yüksək səviyyədə keçiriləcəyini deməyə əsas verir.

Hörmətli Konqres iştirakçıları, 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin Qarabağa həsr olunması çox mühümdür və təqdirəlayiqdir. Çünki Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsi olduqca vacibdir.

Konqresin bir mühüm tərəfi də qardaş ölkələrimiz arasında münasibətlərin siyasi, tarixi, sosioloji və mədəni əsaslarının, inkişaf perspektivlərinin nəzərdən keçirilməsi, prosesə töhfə verəcək yeni ideyaların, təşəbbüslərin işlənib hazırlanmasıdır.

Konqresin ayrı-ayrı panelləri üzrə seçilmiş mövzular da əslində elə bu niyyəti və əzmi nümayiş etdirir.

Hörmətli Konqres iştirakçıları,

Bildiyiniz kimi, bu il yanvarın 14-də biz Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd etdik. Müstəqil Azərbaycanın tarixində qardaş Türkiyə diplomatik əlaqələr yaratdığımız ilk dövlətdir.

Türkiyə də Azərbaycan Respublikasının müstəqilliyini birinci olaraq tanımaqla öz qardaş dəstəyini ilk gündən göstərmişdir.

Dövlətlərimiz arasında rəsmi münasibətlər 30 ili əhatə etsə də, xalqlarımızın ortaq tarix, dil, mənəvi-mədəni dəyərlərə əsaslanan birliyi və həmrəyliyi əsrlərdir davam edir. Azərbaycan–Türkiyə əlaqələrinin bugünkü səviyyəsi isə birlik və həmrəyliyimizin yeni bir təzahürüdür.

Hörmətli konqres iştirakçıları!

Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin dəfələrlə təkrarladığı bir kəlamı sizə xatırlatmaq istərdim:

“Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan, hər zaman bir-birini dəstəkləyən ölkələr tapmaq mümkün deyil”.

Həqiqətən, ötən 30 il ərzində ölkələrimiz arasında əlaqələr məhz dostluq və qardaşlıq məcrasında sürətlə inkişaf edərək, bütün sahələri əhatə etmişdir. Azərbaycan və Türkiyənin ortaq təşəbbüslərinin nəticəsi olan irimiqyaslı birgə layihələr ölkələrimizin maraqlarına xidmət etməklə yanaşı, daha geniş regionda sabitliyə, əməkdaşlığa və rifaha töhfə vermişdir.

Hörmətli dostlar,

Etiraf etmək lazımdır ki, müasir dövrümüzün təəssüf doğuran reallıqları var. Onlardan biri də budur ki, məhz öz xalqlarının maraqlarına xidmət edən, sülhə və əməkdaşlığa yönələn müstəqil daxili və xarici siyasət apardıqlarına görə Azərbaycan və Türkiyə dəfələrlə ikili standartlarla, qeyri-obyektiv münasibətlə üzləşmişlər, və ayrı-ayrı dövrlərdə nələrin baş verdiyini biz hamımız yaxşı bilirik.

Sevindirici məqam isə odur ki, Azərbaycan–Türkiyə birliyi hər zaman bu ikili standartlara qarşı sipər rolunu oynamış, ölkələrimizə qarşı yönəlmiş gizli niyyət və qəsdləri dəf etməyi bacarmışdır.

44 günlük Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana birmənalı siyasi və mənəvi dəstəyi, şübhəsiz ki, bu birlik və həmrəyliyimizin ən parlaq nümunəsidir.

Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində Ermənistan silahlı qüvvələri bütün kənd və şəhərlərimizi yerlə bir etmiş, tarixi, mədəni, dini abidələrimizi dağıtmış və ya təhqir etmişlər.

Aparılmış etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Erməni şovinistləri 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla, yüzlərcə günahsız dinc sakini vəhşicəsinə qətlə yetirmişlər.

Təəssüf ki, bütün bu illər ərzində beynəlxalq birlik Azərbaycan torpaqlarının işğalına biganə yanaşırdı. Lakin biz torpaqlarımızın azad olunması uğrunda apardığımız mübarizədə qardaş Türkiyənin bütün istiqamətlərdə güclü dəstəyini hər zaman hiss edirdik.

Elə müharibənin ilk günündən Türkiyə Respublikasının hörmətli Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövləti özünün qəti və birmənalı mövqeyini ortaya qoydu. Türkiyə Böyük Millət Məclisinin sədri hörmətli Mustafa Şentop və digər parlament üzvləri öz bəyanatları ilə Azərbaycanın yanında olduqlarını nümayiş etdirdilər. Türkiyə xalqı Azərbaycanın tarixi zəfərinə öz zəfəri qədər sevindi, qələbəni bizimlə birgə bayram etdi.

Hörmətli Konqres iştirakçıları,

Azərbaycan torpaqlarının işğaldan azad olunması və ondan sonra baş verən proseslər göstərdi ki, Azərbaycan–Türkiyə birliyi və həmrəyliyi regionumuzda sülhü, təhlükəsizliyi, əməkdaşlığı və rifahı təmin edən başlıca amildir. Bu birlik bütün qardaş türk dövlətlərinin maraqlarına da cavab verir.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması türk dünyasının birlik və bərabərliyinin möhkəmlənməsi üçün də yeni imkanlar yaratmışdır.

Hörmətli dostlar,

Bir neçə gündən sonra – iyunun 15-də biz Azərbaycan–Türkiyə əlaqələrində daha bir əlamətdar hadisəni, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd edəcəyik.

Dövlət başçılarımızın güclü qətiyyəti və iradəsi sayəsində ən yüksək zirvəyə çatmış Azərbaycan–Türkiyə müttəfiqlik münasibətləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi ilə möhürlənmişdir. Bu sənəd ölkələrimiz arasında dostluq və qardaşlığın mahiyyətini əks etdirməklə yanaşı, onların qarşısında dayanan yeni hədəfləri və məqsədləri müəyyən edir.

Xalqlarımızın təmsilçiləri olan parlamentlərimiz də dövlət başçılarının siyasi iradəsini yekdilliklə təsdiqləmişlər.

Hörmətli xanımlar və cənablar,

Bu gün Azərbaycan–Türkiyə əlaqələrində sadəcə bir reallıq var. Bu da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “bir millət, iki dövlət” reallığıdır. Heç şübhəsiz, Azərbaycan–Türkiyə dostluğu və qardaşlığı daim inkişaf edəcək və daha da möhkəmlənəcəkdir.

İnanıram ki, 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi çərçivəsində aparılacaq müzakirələr elmi dairələrimizin birgə fəaliyyətinin gücləndirilməsi, ölkələrimiz və xalqlarımız üçün mühüm mövzuların nəzərdən keçirilməsi baxımından faydalı olacaq, sosial elmlər sahəsində gələcəkdə təşkil olunacaq müzakirələrə dəyərli töhfə verəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki