Rusiya Avropa İttifaqının 200 müşahidəçisinin Ermənistanda yerləşdirilməsi ilə bağlı İrəvana xəbərdarlıq göndərdi və əsas diqqətçəkən məqam mesajın kifayət qədər hədələyici olmasıdır.
Birincisi, bunun bölgədə geosiyasi qarşıdurma yarada biləcəyi və mövcud münaqişələri daha da gərginləşdirəcəyi qeyd olunur;
İkincisi, Aİ-nin Ermənistanda mövqelənməsi Rusiyanın vasitəçilik missiyasına təhdid, eləcə də Bakı-İrəvan xəttində sülh prosesinə zərbə olaraq qiymətləndirilir;
Üçüncüsü, regionun təhlükəsizliyinin əsas amili kimi Qarabağdakı sülhməramlılar və Ermənistandakı rus sərhədçiləri göstərilir;
Dördüncüsü, Rusiya sərhədçilərinin, proseslərin inkişafına uyğun Aİ müşahidəçilərinə reaksiya verəcəyi açıq şəkildə bildirilir;
Bəyanatda KTMT-nin missiyasının bölgəyə göndərilməsi üçün Ermənistandan cavab gözlənildiyi qeydi, Moskvanın hələlik praktiki mərhələdə addım atmayacağı deməkdir, lakin İrəvanın Aİ missiyasında mövqeyindən geri çəkilməməsi və xəbərdarlığın tonu fonunda Rusiyanın Paşinyan hakimiyyətinə qarşı ata biləcəyi mümkün addımları da aktuallaşdırır.
Və mümkün ssenarilərin üç istiqamətdə tətbiq edilə biləcəyi gözləntisini önə çıxarır.
Ermənistan daxilində proseslərin inkişafı ssenariləşdirilə bilər:
– Rus sərhədçilərinin dayandığı İran və Türkiyə sərhədində qaçaqmalçılıq kimi insidentlərin intensiv baş verəcəyi istisna deyil və bu kimi hallarla Moskva ermənilərə mövcudluğunun nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirəcək;
– Aİ müşahidəçilərinin rus sərhədçilərinin işini təftiş edəcəyi haqda məlumatlar var və Moskvanın xəbərdarlığı da bu informasiyaların reallığını gücləndirir: rusların buna qarşı reaksiyası gərginliyin yaranması ilə nəticələnəcək və Moskva bu gərginliyi sərhəddə təhlükəsizliyə təhdid yarada biləcək “hadisələrlə” öz xeyrinə həll etməyə çalışacaq;
– Ermənistanda siyasi qüvvələrin hakimiyyətə təzyiq kartlarını aktivləşdirməklə yanaşı, erməni ordusu daxilində ruslara bağlı qüvvələrin hərəkətə gətirilməsi, eləcə də hərbi və ictimai təhlükəsizliyin pozulması kimi gedişlər edilə bilər;
Azərbaycan-Ermənistan sərhədində mümkün eskalasiya təşkil edilə bilər:
– Moskva xəbərdarlıq edir ki, Aİ missiyasının gətirilməsi “mövcud münaqişələri daha da gərginləşdirəcək” və istisna deyil ki, burada Azərbaycan və Ermənistan arasında baş vermiş sərhəd toqquşmaları nəzərdə tutulur: Rusiya erməni ordusu daxilindəki qüvvələrin əli ilə sərhəddə Azərbaycana qarşı təxribatlar törədə və Bakının adekvat cavabına zəmin yarada bilər; bu ssenarinin baş verməsi Ermənistan üçün ağır nəticələr vəd edir;
– Xəbərdarlıqda İrəvana verilən əsas mesajlardan biri Ermənistanın Azərbaycan qarşısında yalnız buraxılmasıdır: İrəvanın üçtərəfli razılamlarda götürdüyü öhdəlikləri icra etməməsi, eyni zamanda, sərhədin Azərbaycanın tələblərinə uyğun delimitasiyası problematik olaraq qalır və hadisələr Bakının praktiki addımlar mərhələsinə keçidi istiqamətində də inkişaf edə bilər, misal üçün, son günlər xüsusilə gündəmə gələn Qazaxın 7 kəndi, Kərki kəndi və SSRİ dövründə ermənilərə bağışlanan ərazilərin azad edilməsi mümkün ssenarilərdən biridir və belə bir perspektivdə Rusiyanın neytral mövqeyi ilə İrəvanı cəzalandırması istisna deyil;
Qarabağda Azərbaycanın məcburetmə addımlarına şərait yarada bilər:
– Erməni qoşunların çıxarılması istiqamətində müəyyən gedişlər edilə bilər;
– Bununla həm də üçtərəfli razılaşmanın icrasında irəliləyiş edə və regional proseslərdə Bakının dəstəyini qazana bilər;
Mövcud vəziyyət, Moskva-İrəvan toqquşması Bakıya prosesləri öz xeyrinə dəyişmək imkanı yaradır.axar.az