image-a1backend

Şimali Qafqazda hər dik yerin başına xaç taxılıb-CAMALƏDDİN QULİYEV YAZIR

image-reklam_sirab_01
image-camaleddin
Hərbi xidməti Baltiyada keçsəm də, indi Qazaxıstan hadisələrinin episentrlərindən olan Aktöbədə 3 dəfə olmuşam. 1987-ci ilin yayında, hələ sovet ordusunun “molodoy” ( sovet hərbi jarqonunda yeni and içmiş əsgər mənasında) əsgəri ikən. İkinci dəfə 1988-ci iln dekabrında və sonuncu dəfə 1989-cu ilin aprel-may ayları.
Bütün sovet ordusunun Hava Hücumundan Müdafiə qoşunları üçün Aktöbə( o zaman Aktubinsk) vilayətinin Emba rayonu sınaq poliqonu sayılırdı. Hərbi eşalonlarla təxminən 10-12 gün yol gəlirdik. Qatar dayanmaz, yalnız qarşı qatar(vstreçni) gələn zaman yüyürə-yorta hərbi keşik növbəsini dəyişə bilirdik. Bəzən də yataq vaqonlarından çıxıb keçik çəkməli olduğumuz platformaya(üstü açıq yük vaqonuna da platforma deyilir) çatanadək qatar sürət götürdüyündən eyni vaxtda iki əsgər açıq küləkli-qarlı havada növbəti yavaşımanı gözləməli olurduq-birimizin əynində yalnız platformada saxlanan qalın kürk (tulup), digərinin əynində qatarın hərəkət etdiyi Mərkəzi Rusiyanın, Uralın ya Şimali Qazaxıstanın sərt iqlimi üçün yalın sayılacaq əsgəri geyim.
Mərkəzi Rusiyanın ün versən qulaq tutulan ucsuz- bucaqsız, “qeyri-qara torpaq zonası” dedikləri düzənlərindən şütüyüb keçirsən, qatar səkkiz saat yol gedəndən sonra qarşına bir stanitsa çıxır. Budur, uzaqda bir koma qaralır, yaxınlaşanda komanın yanında qatarların ötüb keçməsinə vecsiz, laübalı tamaşa edən rus qarısı. Əlində özü qədər əpriyib heydən düşmüş keçisinin ipi. Bir azdan əngin məchulluqda o da itir. Və yenə 7-8 saat belə izsiz, ins-cins gözə gözükməyən boşluq. Sovet İttifaqının qüdrəti haqda miflər mənim nəzərimdə o boş, yiyəsiz, insan nəfəsinə həsrət düzənləri seyr edəndə dağılıb getdi. Rusiyanın həyat qaynayan Peterburq-Moskva-Nijni Novqorod üçübucağının bir neçə yüz kilometrliyində bu qədər sahibsizlik, yiyəsizlik, kimsəsizlik adamı üşəndirirdi.
image-a
Emba qəribə yer idi. Sınaq poliqonları, hərbi şəhərciklər rəsmi xəritələrdə əks olunmurdu. Silahların ixtisarı haqda Qərblə anlaşmalardan sonra nüvə başlığı çıxarılmış ortamənzilli raketlər böyür- böyürə kilometrlərcə sıralanıb qalmışdı. O “yer-hava” raketlərinin qismətinə hədəf(mişen) kimi istifadə edilmək yazılmışdı. Bizim- 600 nəfərlik polkun işi buraxılan o raketlərdən minimum birini, maksimum 4-nü vurmaq idi. “Kub” adlanan hava hücumundan müdafiə sistemi ilə silahlanmış polk yalnız buna qabil idi. Orta yaşlı zabitlərimiz sistemin hələ 1973-cü il “Məhşər günü”müharibəsindən(ərəb- İsrail ) sonra mənəvi baxmdan köhnəldiyini, çoxdan imtina edilməli olduğunu deyirdilər. Həmin müharibə ilə bağlı bizə nümayiş olunan guya yasaq sənədli filmlərdə İsrail bomdardmançıların hücumundan sonra “Kub” sisteminə daxil olan lokator çanaqların yerdə dığırlanmasını izləmişdik. Göz işlədikcə uzanıb gedən ortamənzilli raketlər qəbiristanında gəzişib, sonra həftələrlə Emba çöllərində vurduğumuz raketin hissələrini axtaranda sovet hərbi qüdrəti haqda miflər də nəzərimdə əryib getdi.
O raket xarabalıqlarını 90-cı illərin əvvəllərində Bakıda bir ümumi məclisdə Qazaxıstandan əlvan metal daşıyan azərbaycanlı işbazlarla rastlaşanda xatırladım- qoçaqlar həmin ortamənzilli raketlərin qiymətli əlvan metallarını doğratdırıb Bakıya daşıtdırır, burdan da xarici ölkələrə xırıd edir, onların hazırlanması üçün sovet büdcəsinin iliyini çalmış mənasız xərclərin hayıfını çıxırdılar.
Raket xarabalıqlarını bir də 2020-ci ilin oktyabrında xatırlayacaqdım. Döyüş xəbərlərində ermənilərin “Kub”( yeni modifikasiyası “Buk”) hava hücumundan müdafiə sistemlərinin ordumuzun dəqiq atışları ilə sıradan çıxarılması haqda məlumat gözümə sataşanda inanmamışdım. Ola bilməz, erməni bu qədərmi axmaqdır ki, hələ 1973-cü ildə lüzumsuzluğu sübut olunmuş silahlardan 50 il sonra istifadə edir? Rus və erməni saytlarına baxdım, xəbər təsdiqlənirdi. Axmaq deyildilər, müftəxorluq, parazitlik evlərini yıxmışdı. KTMT-dən müqavilə ilə əta edilən təmənnasız və ya ucuz silah ancaq belə ola bilərdi. Xoşbəxtliyimizdən…
….Sovet İttifaqının dörd bir yanından Aktöbəyə ezam edilən sovet əsgərləri arasında bizdən olub pasportlarında bizdən yazılmayanlarla- axıskalılarla, eləcə də sənədlərində “ironi “yazılan, əsasən 19-cu əsrdə Cənubi Azərbaycandan miqrant kimi Xivə, Xocənd və Buxara yarımmüstəmləklərinə, Türküstan vilayətinə işləməyə gəlmiş soydaşlarımızın törəmələri ilə də tanış olmuşdum. Özümə moldavan, eston, litvalı, latış, özbək-qıpçaq (fərqanəli), xivəli, tacik, tatar –meşerdən ibarət beynəlmiləl dostlar komandası da yığmışdım. Meşer dostum Eduard Yusubov məni İdil irqçilərinin nəzəriyyəsi ilə tanış etmişdi-“Türk millətindən, İslam ümmətindən, Avropa qiyafətindən”. Qiyafət deyəndə o avropoid görkəmi nəzərdə tuturdu. Meşerlərlə içi-içə yaşayan başqırdlar, qazaxlar, sibirkiji-lər(Sibirin türkdilli icmaları) monqoloid olduğundan Yusubov onları bizdən deyil deyib uzaqlaşdırırdı. Mən də ona Türkiyə türkcəsi və əski əlifba öyrədirdim. Ali təhsilli bioloq olan tacik Nuraliyev “dayıma oxşayırsan, onun da adı Jamaldır” deyib dururdu, əslində onun da bir suyumu bizim adamlara oxşayırdı-arıq, hündür, qaraşın, uzun sifət, açıq göz. O da bir səhra sünbülqıranının saman təpilmiş müqəvvasını hazırlayıb mənə hədiyyə etmişdi. Baltiyaya qayıdandan sonra bir müddət kazarmanın çardağından gizlətmiş, sonra samovolkaya görə cəzalanmamaq üçün karel əsilli rota komandirinə bağışlamışdım.
Bozqırın-stepin ənginliyini ilk dəfə Aktöbədə görmüşdüm. Ora Dəşti-Qıpçağın şərq sərhədləridir. Açığı, hətta o yaşım üçün də nə romantikası məni çəkib, nə yovşan ətrini sevə bilmişəm. İqlimi kəskin kontinental idi. Həmxidmətlərimin çoxundan fərqli olaraq belə iqlim mənə yad deyildi. Qışın sərtliyinə də, qızmar quru yay havasına da öyrəncəliydim. Amma yayın toz burulğanları, iri sarı bövləri, karakurt əqrəbləri, yazın sədəf boyda, yaşıl rəng mığmığa-hünü sürüsü, qışda quru şaxtadan dodaqların çatlaması mənimçün də dözülməz idi. Su əvəzinə adətən nar qabığı, çobanyastığı dəmləməsi içirdik, kəskin qarın yatalaq xəstəliklərindən qorunmağın başqa yolu da yox idi. Tozlu hava, torpağın suyu filtrasiya etmə qabiliyyətinin olmaması yalnız xəstəliklər vəd edirdi.
image-a1
Elə iqlimdə yalnız xüsusi, nizamlı şəhərsalma qaydalarına riayət edildikə, yüksək maaş verildikdə yaşamaq olardı. Amma izlədiyim qədər Şimali Qazaxıstanın sanaye şəhərlərində sanitar tibbi normalar da, maaş səviyyəsi də hələ də aşağıdır. 1989-cu ildən üzü bəri baş verən permanent üsyanların hər halda bir səbəbi var. O səbəb təəssüf ki aradan qaldırılmayıb.
Son 30 ildə Mərkəzi Rusiyada, Uralda olmamışam. Amma öz mənbələrindən izləyib oxuduğum qədər, indi 8 saatdan bir uzaqdan qaralan stanitsalar, xutorlar, irili- xırdalı çoxsaylı məntəqələr o axırıncı qarı-qoca sakinləri ilə birlikdə tarixə çevrilib. Təxminən 5 min yaşayış məntəqəsi. Embada yenə də Rusiya hərbi bazaları yerləşir. Əlbəttə, fərq, tərəqqi olmamış deyil. Qorbaçovu Yeltsin, Yeltsini Putin , “Kub” sistemini “Buk” əvəz edib. Şimali Qafqazda hər dik yerin başına xaç taxılıb.
… İşsiz, yarım işsiz vaxtlarımı öldürmək üçün Yeqor Qaydarın ”Гибель империи. Уроки для современной России” əsərini təzədən gözdən keçirmişəm. Əsər Sovet İttifaqının dağılması haqda həqiqətlərə deyil, mifolegemlərə inanmaq istəyən yeni rus cəmiyyətinin düzgün nəticələr, qənaətlər hasil etməsi qəsdilə yazılıb. Amma rus televiziyalarının təqdim etdiyi siyasi tok şoulardan, siyasətçilərinin, o cümlədən Putinin adından yazılan qələmə aldığı yeni analitik yazılarda rus cəmiyyətinin bir qənaət hasil etdiyi sezilmir. Yenə də “müqəddəs mujik qanı ilə qazanılıb sonradan “Qərbin məkri” ilə itirilmiş torpaqlar” xiffəti, “isti sularda çəkmə yuma” vədləri, soyuq müharibə dövrünün stereotipləri***…
…89-cu ilin mayında polk komandirindən mənə təkrar Baltiyaya qayıtmadan Aktöbədən tərxis olunma əmrini verməsini xahiş etmişdim. Qəbul imtahanlarına çatmaq istəyirdim. Amma bəlli oldu ki, xahişsiz də belə seçim sərbəstliyi verilibmiş; kim istəsə qafiləmizin geri-Baltikyanıya sürülməsini gözləyə, kim də istəsə Aktöbədən mürəxxəs ola bilərdi. Komarov familiyalı don kazakı həmxidmətimlə birgə Aktöbədən tərxis olunmağa seçdik. Orenburq, Həştərxan, Rostov, Qroznı və Tiflis marşrutu ilə Bakıya qayıdacaqdım. Yol üstü Komarov ailəsinin də qonağı olacaqdım. Aktöbə stansiyasında bilet aldıqdan sonra bir az gəzişməyə vaxtımız qalmışdı. O pinti, yarımviranə stansiyada gəzişdiyimiz vaxt, yəqin ki, unudub mikrafonlarını açıq saxlamış iki gənc qazax dispetçerin danışığına qulaq şahid olmuşduq .
– Қалайсыз?
– Бір жақсы орыс қызы бар..
-Мені ұмытпа( Arada şaqqanaq çəkib gülüşürlər, indi xatırlayıb dəqiq verə bilməyəcəyim, “orıs kızı” ilə davaranmağın “türfə incəlikləri” haqda tövsiyələr bölüşürlər. Və birdən danışıqlarının hamıya açıq olduğunu fərq edirlər).
image-a2
-Микрофоны ашық тұрған сары қаншықтан ұялып қалдық…
Komarov məndən “сары қаншықтан ұялып қалдық”-ın mənasını soruşdu, tərcüməyə tərəddüd etdiyimi görüb “təxminən anlayıram” dedi. -Mən demişdim axı, katsçap(ukryanlıların ruslara verdiyi ad, türkcə “kassap” sözündədir) deyiləm, don kozakıyam,-əlavə etdi.
30 il keçib. Yenə də mikrafon açıq qalıb. Bu dəfə “сары …..”ların törəmələri efirdə qazaxlarla necə davranmalı olduqlarını çək-çevir edirlər, çox açıq ifadələrlə, “ұялып қалдық”-dan( biabır olmaqdan) çəkinib eləmədən. Görək, kim haqlı çıxacaq-Qaydar, onun dostu, liberal imperiya qurmağa səsləyən Çubays, ya “əzəli rus torpaqları”nı bir yerə yığmaq istəyən intellektual qiyafəli yeni “Çernosoten”çilər…
O yazılardan biri haqda yazıb bağlı saxladığım statusu ümumi baxışa açıb, linkini əlavə edəcəyəm. Onu yazanda Nazarbayevə hədsiz ümidli imişəm.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki