image-274686719_353581626617032_5654442424255481011_nbackend

Şuşa Azərbaycanın tarix və memarlıq abidəsidir

image-reklam_sirab_01

Keçən əsrin 90-cı illərinin əvvəllərində həm xarici, həm də daxili faktorlardan yaranan mənfi təsirlər nəticəsində Azərbaycan bir dövlət, xalq, hətta coğrafi ərazi kimi böyük risklərlə üz-üzə qalmışdı. Xalqın səriştəsiz, zəif və qətiyyətsiz rəhbərliyə olan inamının tükənməsi xalq və hakimiyyət arasında böyük uçurumun yaranmasına səbəb olmuşdu. Eyni zamanda ölkədə yaranmış hərc-mərclik mühiti, geniş şəkildə tuğyan edən özbaşınalıq halları, vahid nizami ordunun yoxluğu və ölkədə baş verən vətəndaş qarşıdurması dövlətçiliyimizin sütunlarını ciddi şəkildə sarsıdaraq, onun gələcək mövcudluğunu böyük şübhə altına almışdı.

Bütün bu yaranmış anarxik vəziyyətdən və xaosdan yararlanan məkrli düşmən öz çirkin planlarını reallaşdırmağa müvəffəq oldu. Tarixi və əzəli torpaqlarımız ardı-arda işğal edilməyə başlanıldı. Xüsusilə münaqişənin ilkin dövrlərində məhz Şuşanın itirilməsi digər rayonların da işğalına rəvac verdi. Belə ki, Şuşanın mənsub olduğu mühüm əlverişli coğrafi mövqe ümumilikdə bütöv Qarabağ və Şərqi Zəngəzur bölgəsinə tam nəzarəti həyata keçirməyə hərbi-strateji baxımından böyük imkanlar yaradırdı.

Beləliklə, 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə qədim və doğma şəhərimiz olan Şuşa şəhərinə hücuma keçdilər. Hücum nəticəsində 195 nəfər vətəndaşımız qətlə yetirildi, 165 nəfər isə yaralandı, onlardan 150 nəfəri əlil oldu, 522 uşaq valideynlərini itirdi. 20 mindən artıq Şuşa sakinin acı taleyinə isə doğma yurd-yuvalarından didərgin düşərək, məcburi köçkün olmaq yazıldı.

İşğal dövründə qarı düşmən sanki şuşalılarsız tənha qalan, təklənən Şuşanın özü ilə döyüşməyə başladı. İşğal nəticəsində şəhər tamamilə talan edildi, zəngin muzey və kitabxanalara məxsus dəyərli tarixi əsərlər, eksponatlar, xalçalar yağmalanaraq Ermənistana daşındı. Tarix və mədəniyyət abidələri yerlə-yeksan edildi. Dini-inanc yerləri, qəbirstanlıqlar vandalizm aktları nəticəsində dağıdılaraq təhqir edildi, aşağılandı. Hətta xan qızı Xurşidbanu Natəvanın məzarı insanlıq simasını itirmiş düşmən tərəfindən qızıl-zinət əşyalarını talamaq məqsədilə dağıdıldı, yerlə bir edildi. Ən acınacaqlı hal isə ondan ibarət idi ki, şairəyə məxsus cənazədən əsər-əlamət belə qalmamışdı. Qarabağ şahzadəsinin Şuşanın Xanlıq məhəlləsində tikilən, tarixi XVIII-XIX əsrlərə gedib çıxan, bir zamanlar balaca Üzeyir Hacıbəylinin tez-tez şairə qonşusuna qonaq getdiyi, onun qəzəllərinə heyranlıqla qulaq asdığı, çəkdiyi rəsmləri məftunluqla seyr etdiyi sarayı da talanaraq dağıdıldı, xarabazara döndərildi. Bu o mülk idi ki, bir zamanlar Bülbülün təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 1932-ci ildə qəbul etdiyi Qərarı ilə Azərbaycanda ilk uşaq musiqi məktəbi olan “Şuşa Musiqi Məktəbi” yaradılaraq bu binada fəaliyyətə başlamışdı. Bütün bu kimi vandallıq aktları bizlərin nə qədər amansız və faşist düşmənlə mübarizə apardığımızın bariz nümunəsi idi. Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin də vurğuladığı kimi: “… Görün biz kimlərlə üz-üzə idik və biz kimi məğlub etmişik? … bu, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, erməni faşizminin belinin qırılmasıdır. Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik…”. Bəli biz müzəffər xalq, qalib dövlət kimi, öz birliyimizlə, həmrəyliyimizlə erməni faşizmini məğlub etdik, onun başını əzdik,  düşməni önümüzdə diz çökdürdük.

Şuşa xalqımızın qədimliyini, onun zəngin mədəniyyətini özündə tərənnüm edən qədim və unikal memarlıq abidələri ilə zəngin yurd yerlərimizdən biridir. İşğala qədər şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr olan yerli daş döşəməli küçələr, 9 məhəllə, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. Həmçinin Şuşa 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya və turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi, Qafqazda tək və yeganə olan Şərq musiqi alətləri fabriki fəaliyyət göstərirdi.

Eyni zamanda Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünədək şəhərdə 72 mühüm sənət və tarixi abidə, dövlət xadimlərinə və digər tanınmış şəxsiyyətlərə məxsus ev və ev muzeyləri var idi. Bu abidələrin əksəriyyəti XIX əsrdə yaşamış və yaratmış Kərbəlayı Səfixan Qarabağı tərəfindən tikilib və həmin dövrün ən məhşur nəqqaşı olan Kərbəlayı Səfərəli tərəfindən bəzədilmişdi.

Lakin çox təəssüflər olsun ki, bu 30 ilə yaxın davam edən işğal dövründə xalqımıza məxsus tarixi-mədəni irsin məhv edilməsi siyasətini həyata keçirən erməni vandalları tərəfindən yüzlərlə tarixi memarlıq abidəsi məhv edildi, Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər Ağa məscidi, Xurşüdbanu Natəvanın, Üzəyir bəy Hacıbəylinin, Bülbülün ev muzeyləri dağıdılaraq xarabalığa çevrildi. Əvəzində isə Şuşanın tarixi adını saxtalaşdıraraq “Şuşi” adlandıran, “bura qədim erməni yurdudur” deyə dünyaya tanıtdırmağa çalışan məkrli düşmən, şəhərdə oliqarxların öz şəxsi istirahətləri üçün tikdirdikləri malikanələri çıxmaqla daşı-daş üstünə qoymadılar, bir fidan belə əkmədilər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı vurğuladığı kimi: “…Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər və əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb”. Bu real faktlar bir daha bu qədim Azərbaycan torpağının onlar üçün əziz və doğma olmadığının, bu yerlərdə qorxu və səksəkə içində müvəqqəti yaşadıqlarının bariz nümunəsidir.

Bütün bu kimi əzablara və çətinliklərə baxmayaraq nə zamansa ədalətin bərqərar olacağına, sülh və danışıqlar yolu ilə münaqişənin sona yetəcəyinə, işğal edilmiş bütün tarixi torpaqlarımızın geri qaytarılaraq haqqın öz yerini tapacağına böyük inam və ümidlər var idi. Lakin çox təəssüflər olsun ki, dünya birliyi tərəfindən nümayiş etdirilən ikili yanaşma, siyasi riyakar münasibətlər qəbul edilmiş və icrasını gözləyən mühüm beynəlxalq əhəmiyyətli qərarların masa üzərində qalmasına səbəb oldu.

Nəhayət, dünya birliyi tərəfindən sərgilənən ədalətsiz və haqsız mövqelərə rəğmən məğrur və qürurlu Azərbaycan xalqı işğalla heç vaxt barışmayacağını, ədalətsizliyə boyun əyməyəcəyini ortaya qoydu. Xalqımız üçün mədəniyyət qibləgahı olan müqəddəs Şuşanı içki məclisləri ilə murdarlayan, yallılar gedərək “Qarabağ Ermənistandır və nöqtə”, “yeni ərazilər uğrunda yeni müharibə” kimi hədələyici, sərsəm və məsuliyyətsiz bəyanatlar səsləndirən, onu təbliğ edən azğınlaşmış düşmən öz layiq olduğu cavabı aldı. 44 günlük Vətən müharibəsində Qalib Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu otuz ilə yaxın düşmən tapdağında inildəyən vətən torpaqlarını işğaldan azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu. Qalib Azərbaycan əsgəri onun xalqına və dövlətinə qarşı illərdir həyata keçirilən işğalçılıq, talançılıq və soyqırımların qisasını döyüş meydanında və ona yaraşacaq şəkildə – ləyaqətlə aldı. Düşmənin başı xalqımızın birliyinin rəmzinə çevrilmiş Dəmir Yumruqla əzildi, ərazilərimizə soxulmuş qanlı əlləri kəsildi.

44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan əsgəri öz igidliyi, qəhrəmanlığı, vətənə olan sonsuz məhəbbət və sədaqəti ilə bir növ qəhrəmanlıq salnaməsi yazdı. Xüsusilə qədim və doğma yurd yerimiz, mədəniyyət beşiyimiz – Şuşa şəhərinin ciddi zərər görməməsi məqsədilə yüngül silahlarla silahlanmış Azərbaycan oğulları o, hündür, sıldırım Şuşa dağlarını dırmaşaraq düşmənlə üz-üzə, diş-dişə gəldi, qanlı döyüşlə ona məxsus olanı geri aldı. Qalib Azərbaycanın şanlı bayrağını Şuşa Qalasında dalğalandırdı.

Düşməni vahiməyə salan səhnələrdən biri də o idi ki, qəhrəman Azərbaycan əsgəri vurulsa da, yenidən ayağa qalxır, qana boyanmış əlləri ilə sıldırım qayaların kəsici daşlarından yapışaraq nəinki özünü, kürəyində yaralı, hətta şəhid qardaşını belə özü ilə o müqəddəs şəhərə qaldırırdı. Bu mərd, qorxmaz vətən oğulları kürəklərində təkcə əsgər yoldaşını deyil, sanki Şanlı Qələbəni də o, müqəddəs məkana daşıyırdılar. Məhz bu igid Azərbaycan oğullarının Şuşaya doğru addımladığı mübarək ayaq izləri Zəfər Yolumuzun cığırlarına çevrildi.

Beləliklə şanlı qələbə yürüşümüzün əsas qayəsi, son missiyası olan qədim yurd yerimiz, Qarabağın tacı Şuşa şəhərinin işğalçılardan azad olunduğu gün, xalqımızın qüdrətinin və milli qürurunun təntənəsi olaraq – 8 noyabr Zəfər Günü kimi əbədi tarixə düşdü.

Keçmiş sovetlər birliyi ölkələri sırasında işğal edilmiş torpaqlarını azadlığa qovuşduran yeganə ölkə kimi Azərbaycan – dünyada tarix yazmış, qüdrətli dövlət, qalib xalq olaraq öz layiq olduğu məqama sahibləndi. Məhz bu şücaətin nəticəsidir ki, bu gün Azərbaycan ordusunun qazandığı döyüş təcrübəsi, xüsusilə zərgər dəqiqliyi ilə hazırlanmış və böyük şücaət tələb edən Şuşa əməliyyatının detalları dünyanın nüfuzlu ekspert və hərbi-siyasi mərkəzləri səviyyəsində, hərbi təhsil ocaqlarında öyrənilir və tədris edilir. Ümumilikdə isə bu müharibə nəinki Azərbaycanın, bütöv dünyanın hərb tarixinə qazandırılan böyük hərbi-taktiki bilik təcrübəsi oldu.

Hazırda post-münaqişə dövründə bütün işğaldan azad olunan ərazilərdə sürətli şəkildə böyük bərpa və quruculuq işləri həyata keçirilməkdədir. Əsas məqsəd bölgənin iqtisadi inkişafına nail olmaq, ən yaxın gələcəkdə qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri dönməsini təmin etməkdən ibarətdir. Bu məqsədlə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsindən 2 milyard manat sərf edilmiş, cari ilin dövlət büdcəsindən isə 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Ən başlıcası isə ondan ibarətdir ki, bütün bu görülmüş işlər və gələcəkdə icrası nəzərdə tutulan tədbirlər, zəruri layihələr xarici yardımlar olmadan ölkəmizin bu günkü iqtisadi gücünə əsaslanan real maddi imkanlar hesabına həyata keçirilir. Bu isə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi-iqtisadi kursun möhkəm təməllər üzərində olduğunun və Prezident İlham Əliyev tərəfindən düzgün və uğurlu şəkildə davam etdirildiyinin sübutudur.

İşğaldan azad olunmuş ərazilərdə ilk bərpa və quruculuq işlərinin məhz Şuşada həyata keçirilməsi isə Qarabağın tacı olan Şuşanın xalqımız üçün nə qədər önəmli, müqəddəs və əziz olduğunun göstəricisidir. Çünki Şuşa tarix boyu bütün çətinliklərə rəğmən, hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz bir parçası olmuş və bu cür də qalacaqdır.

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmanı zəruri edir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli, 2632 nömrəli Sərəncamı ilə Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.

Eyni zamanda, Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli, 1375 nömrəli Fərmanı ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.

Həmçinin bərpa və quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi də məhz Şuşa rayonuna təyin edilmişdir.

Şuşada işğalın səbəb olduğu dağıntılar nəticəsində milli-mədəni irsimizə məxsus bütün tarixi-memarlıq abidələrinin bərpası, eyni zamanda təbiətə vurulmuş zərərlərin aradan qaldırılması məqsədilə təxirəsalınmaz işlərə 2021-ci ilin yanvarın 14-dən başlanılmış və qısa müddət keçməsinə baxmayaraq, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının əvvəlki görkəminə qaytarılması yönündə nəhəng layihələr gerçəkləşdirilməkdədir.

Bu layihələr azad olunan ərazilərdə inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir həyata keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını da əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda bərpa və quruculuq işləri ilə yanaşı, eyni zamanda mənən və ruhən də dirçəlməkdədir.

İlk addım kimi vaxtıilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri doğma yurdlarına geri gətirildi və Şuşa şəhərinin mərkəzi meydanında yerləşdirildi. Eyni zamanda mənfur düşmən tərəfindən dağıdılmış şərqdə ilk operanın müəllifi, müasir musiqimizin qurucusu – dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin abidəsi yenidən ucaldıldı, dahi bəstəkarın viran edilmiş evinin bərpası ilə bağlı işlərə başlanıldı. Görkəmli sənətkar, bülbül avazlı, məlahətli səs sahibi, böyük xanəndəmiz Bülbülün ev muzeyi bərpa edildi.

Bu gün uzun sürən ayrılıqdan sonra azad Şuşamız yenidən festivallar, poeziya günləri və bir çox başqa mühüm mədəni tədbirlərə də ev sahibliyi etməkdədir. Belə ki, 12-13 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı qala-konserti keçirildi. Festival çərçivəsində Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin və digər böyük Azərbaycan bəstəkarlarının əsərləri təqdim olundu, tanınmış ifaçıların çıxışları dinlənildi.

Konsertdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” tarixi fikirləri və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözləri qürur və duyğulu hisslər fonunda hörmət və ehtiramla anıldı.

30 Avqust 2021-ci il tarixində isə ölkə başçısı, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Vaqif Poeziya Günləri böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri, Azərbaycan ədəbiyyatında, poeziyasında xüsusi yeri olan, yeni səhifə açan Molla Pənah Vaqifin doğma şəhərində yenidən təşkil olundu. Çox təəssüflər olsun ki, vaxtıilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də o, qarlı, şaxtalı, soyuq qış günündə açılışı olan məqbərə işğal dövründə bütün digər tarixi-mədəni abidələrimiz kimi erməni vandalizminin qurbanına çevrilmişdi. Şükürlər olsun ki, bu gün artıq azad Şuşada məqbərə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən tam bərpa edildi, böyük şairin xatirəsinə ucaldılan məqbərə yenidən öz əvvəlki əzəmətini geri qaytarmış oldu.

Bütün keçirilmiş mədəni tədbirlər bir daha Şuşamızın sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolunda mətin addımlarla irəlilədiyini göstərir.

Eyni zamanda Şuşada bir sıra infrasturuktur sahələrinin inşası da nəzərdə tutulmuşdur. Bu məqsədlə ölkə başçısı tərəfindən bir sıra mühüm Sərəncamlar imzalanmışdır:

  • Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2021-ci il tarixli 2988 nömrəli Sərəncamı. Sərəncama əsasən Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayrılmışdır;
  • Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2021-ci il tarixli, 2989 nömrəli Sərəncamı. Sərəncama əsasən Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ilkin olaraq 200 min manat ayrılmışdır;
  • Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ilə 8 may 2021-ci il tarixli, 2643 nömrəli Sərəncamı. Sərəncama əsasən Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır;
  • Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 8 may 2021-ci il tarixli, 2642 nömrəli Sərəncamı. Sərəncama əsasən Şuşa şəhərində növbəti istilik mövsümündə 31 binanın isitmə və isti su ilə təmin edilməsi üçün qazanxanaların, binadaxili sistemlərin layihələndirilməsi, tikintisi və quraşdırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat vəsait ayrılmışdır.

Vətən müharibəsindən sonra regionda geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişmişdir. Yeni əməkdaşlıq imkanlarına yol açacaq yeni reallıqlar yaranmışdır. Bu reallıqları isə Azərbaycan, onun Prezidenti – Müzəffər Ali Baş Komandan İlham Əliyev formalaşdırmışdır. Yeni reallıqlar prizmasından yanaşdıqda Şuşa daha bir möhtəşəm, ölkəmiz və onun təhlükəsizliyi baxımından önəmli tarixi əhəmiyyət kəsb edən tədbirə ev sahibliyi etdi. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu Bəyannamə iki qardaş ölkənin mövcud birliyini daha üst səviyyələrə daşımağa xidmət edəcəkdir. Dostda güvən, düşməndə qorxu hissləri oyadacaq bu hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək birgə bəyannamənin məhz Şuşada imzalanması isə geosiyasi reallıqlar prizmasından xüsusi önəm daşıyır. Belə ki, tarixdə 100 il əvvəl imzalanmış Qars müqaviləsitək mühüm əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsi sayəsində Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla dünyada ciddi potensiala və böyük nüfuza malik Türkiyə arasında yaranan bu birlik regionda sülhə, sabitliyə və tərəqqiyə öz dəyərli töhfəsini verəcəkdir.

Şuşa şəhərinin Sovet hakimiyyəti dönəmində – ötən əsrin 70-ci illəri və 80-ci illərin əvvəlində keçdiyi sürətli inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz onun şəxsi təşəbbüsü ilə qəbul edilmiş, böyük və əsaslı quruculuq işləri həyata keçirilmişdir. 1977-ci ildə görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmçinin, Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 27 dekabr tarixli 414 nömrəli Qərarı ilə “Şuşa dövlət tarix-arxitektura qoruğu” yaradılmışdır. Qəbul edilmiş bu kimi qərarlar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Belə ki, 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin, avqustun 2-də Xurşidbanu Natəvanın abidəsinin açlışı və bir sıra mühüm mədəni tədbirlərin həyata keçirilməsi buna bariz nümunədir. Bu bir daha Ulu Öndərin öz vətəninə, xalqına, onun tarixinə, mədəniyyətinə xüsusi qayğı və diqqətlə yanaşdığının göstəricisidir.

Eyni zamanda onu da vurğulamaq lazımdır ki, həmin dövrdə erməni tarixçilər və rəsmi dairələr ölkəmizə qarşı saxtalaşdırılmış xəritələr, materiallar əsasında ərazi iddiaları ilə çıxış edirdilər. Lakin xalqının mənafeyini, dövlət maraqlarını hər şeydən üstün tutan, onu canı və qanı bahasına olsa belə müdafiə edəcək müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbirlik etdiyi o, dönəmlərdə (1969-1982) bütün bu kimi əsassız iddiaların qarşısını qətiyyətlə almış, Ermənistana bir qarış belə vətən torpağının pay verilməsinə imkan verməmişdir. Şuşanın önəmini yüksək dəyərləndirən Ulu Öndər onun qorunması və inkişaf etdirilməsinə çox böyük həssaslıqla yanaşırdı.

Hələ sovetlər birliyi zamanında havasının təmizliyi, saflığı və müalicəvi əhəmiyyətə malik olması bu cənnət guşəsini kurort şəhəri kimi də məhşur etmişdi. Nəinki ölkəmizdə, hətta ölkəmizin hüdudlarından kənarda da Şuşa səfalı təbiəti və istirahət məkanları ilə məhşur idi. Şuşa dağlarının ecazkar mənzərəsi, Turşsu yaylaraqları, İsa bulağı, əfsanəvi igidlər oylağı Cıdır düzü yerli və xarici turistlərin üz tutduğu əsas turistik məkanlar sırasında idi. Dünyada ən uzun mineral su kəmərinin – Narzan tipli Şırlan turşsuyunun otuz iki kilometrlik məsafədən birbaşa şəhərə çəkilməsi isə Şuşanın kurort şöhrətini daha da artırmışdı.

Şuşa şəhəri tarixən nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri kimi zəngin inkişaf yolu keçmiş və xalqımız üçün milli-mənəvi dəyərlər baxımından önəmli yerə malik olmuşdur. Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarolunmaz incilərindən biridir. Bu ərazilərdə qədim insanların 200-250 min il bundan əvvəl yaşamağa başlamaları elmi əsaslarla sübuta yetirilmişdir.

Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən, mühüm strateji coğrafi mövqeyə sahib cənnət məkanı Şuşa tarixən həm də hərbi-siyasi əhəmiyyət kəsb edən alınmaz, basılmaz qala olmuşdur. Təsadüfi deyil ki, Ağa Məhəmməd şah Qacarın 33 gün mühasirədə saxlasa da ala bilmədiyi məhşur qala idi Şuşa.

Şuşa Qarabağ xanlığının qurucusu, ilk xanı, sərkərdə Pənahəli xan tərəfindən 1752-ci ildə müdafiə məqsədilə düşmən əlinin çatmayacağı dağ başında böyük qala divarları əhatəsində – istehkam məqsədli tikilən qala-şəhər olmuşdur. Buna görə də şəhər “Şuşa qalası” kimi də tanınır. İlk əvvəllər şəhər xanın şərəfinə “Pənahabad” adlandırılsa da, sonralar öz tarixi “Şuşa” adını yenidən qaytarır. Belə ki, eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus “Sosu” (latın dilində “ş” səsi yoxdur) şəhərinin olması barədə məlumat verir. Xalq əfsanəsinə görə isə sonralar bu yerlərin havasının büllur kimi saf və şəfalı olduğuna görə şəhəri – şüşə, yəni “Şuşa” adlandırırlar.

Şuşa Azərbaycanın paytaxt şəhərlərindən biri kimi 1758-1823-cü illərdə Qarabağ xanlığının mərkəzi olmuşdur. 1921-ci ildə isə Azərbaycanda Sovet hakimiyyəti zamanında Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılan zaman Şuşa vilayətin mərkəzi statusunu alır. Lakin bu status uzun sürmür. Belə ki, 1923-cü ildə vilayətin mərkəzi bir zamanlar xanın istrahət yeri, atlarının saxlanc yeri kimi istifadə olunmuş Xankəndi olur. Bunun isə başlıca səbəbi Şuşa əhalisinin azərbaycanlılardan ibarət olması idi ki, bu da məkrli düşmənin gələcək planlarını alt-üst edirdi. Doğrudur, Şuşa rəsmi olaraq bütün Qarabağın mərkəzi olmaq statusunu itirdi, lakin bu, yalnız rəsmiyyətdə öz əksini tapdı. Belə ki, tarixin bütün dövrlərdə insanların ürəyində məhz Şuşa Qarabağın mərkəzi kimi qəbul olunmuşdur. Əbəs deyil ki, 44 günlük Vətən müharibəsi zamanı Qarabağ separatçılarının lideri, quldur başı – Arayik Harutyunyanın bir zamanlar divanxana olmuş, sonralar rus əsgərlərinin ibadət etməsi bəhanəsi ilə Rus Pravoslav Kilsəsinə çevrilmiş, daha sonralar isə gümbəzi saxtalaşdırılaraq qriqorianlaşdırılmış Qazançı kilsəsinin arxa divarların kölgəsində, yaxınlaşan Azərbaycan əsgərinin ayaq səslərinin qorxusundan gizlənərək, səksəkə içində dünya ermənilərinə yalvardığı bəyanatda: “Şuşaya nəzarət etmək, Dağlıq Qarabağa nəzarət etmək deməkdir” deməsi heç də təsadüfi səslənən fikirlər deyildi. Bu onu bir daha sübut edir ki, hətta düşmən belə bu reallıqla barışır.

Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan Şuşa yetirdiyi böyük şəxsiyyətləri ilə də ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Məşhur rus şairi Sergey Yesenin də dediyi kimi:Əgər oxumursansa, deməli, şuşalı deyilsən”. Azərbaycan ifaçılıq sənətində, musuqi tarixində xüsusi rolu olan bir çox bəstəkarlar, xanəndələr məhz bu müqəddəs məkanda doğulub boya-başa çatmışlar. Bəli, Şuşa Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Bülbülün, Qurban Pirimovun, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin və digər böyük musiqi dühalarının ana vətəni olmuşdur. Şuşanı “Zaqafqaziyanın konservatoriyası”, hətta “Şərqin konservatoriyası” da adlandırırlar. Bu isə bu əziz və müqəddəs məkanın Azərbaycanın musiqi beşiyi olmasının sübutudur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli, 3096 nömrəli Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilmişdir.

Sərəncama əsasən bu il bir sıra önəmli mədəni və dövlət əhəmiyyətli tədbirlərin, xüsusilə Şuşanın 270 illiyinin böyük qürur və sevinc hissləri ilə dövlət səviyyəsində, təmtəraqlı şəkildə qeyd olunması nəzərdə tutulmuşdur.

Həm Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, həm də 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı Sərəncamlar gələcək uğurlara hesablanmış böyük məqsədləri və amalları özündə ehtiva edən müdrik qərarlardır. İmzalanmış bu Sərəncamlar Şuşanın əvvəlki statusunu və şöhrətini bərpa etməklə yanaşı, onun tarixi və əzəli Azərbaycan torpağı olduğunu, xalqımızın bu ərazilərdə çox əsrlik mədəniyyətə sahib olduğunu, milli-mədəni və tarixi irsimizin dərin köklərə əsaslandığını bütün dünyaya nümayiş etdirmiş olacaqdır.

Beləliklə, azad Şuşanın bərpa-quruculuq və inkişafı fonunda qürurla deyə bilərik ki, vaxtıilə düşmən tapdağı altında inildəyən müqəddəs vətən torpaqlarının, o cümlədən mədəniyyətimizin incisi, qədim, tarixi şəhərimiz olan Şuşanın dağıdılmış və xarabalığa döndərilmiş mənzərəsi üzərində dolaşan Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün və digər böyük mədəniyyət xadimlərimizin narahat ruhları bu gün azad, firəvan və günü-gündən çiçəklənən, müasirləşən Şuşanı gördükcə sevinir və rahatlıq tapırlar. Şuşa sanki günəş kimi yenidən doğulur, yenidən yaranır.

Gözün aydın – Şuşa!

Gözün aydın – Vətən!

Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Coşqun Məmmədov

 AMEA Rəyasət Heyəti Vitse-prezidentin xidmətində Elmi katib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image