Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı (Aİ) ilə əlaqələr inkişaf edir və bu əməkdaşlıqda iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və digər məsələlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın regiondakı tranzit mövqeyi, onun Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması Avropa İttifaqı üçün cəlbedici faktorlardır.1996-cı ildə Lüksemburqda imzalanmış və üç il sonra qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edir. 10 il müddətinə imzalanmış sazişin icra müddəti 2009-cu ildə bitsə də yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 illiyinə uzadılır. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə Şərq Tərəfdaşlığı proqramına daxil edilib. Ötən dövrdə Azərbaycanın Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sazişlər imzalaması ikitərəfli və çoxtərəfli əlaqələrdə mühüm irəliləyiş kimi qiymətləndirilir.
Bu günlərdə Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsinə daxil olub. Qeyd edək ki, bu xüsusda danışıqlar 2017-ci ildə başlayıb. Həmin ilin noyabrında Brüsseldə V Şərq Tərəfdaşlığı Sammitində qəbul edilmiş birgə bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha dəstəklənib. Ermənistanın bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb. Birgə bəyannamədə Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, təşəbbüskarı Prezident İlham Əliyev olan “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.2018-ci ilin iyulunda Brüsseldə Prezident İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə paraflanan Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədində ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsinə sadiqlik ifadə olunub.Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru mühüm yer tutur. Bu sahədə əməkdaşlığı nəzərdə tutan strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu 2006-cı ilin noyabrında Brüsseldə, Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə isə 2011-ci ildə Bakıda imzalanıb. Sənəddə Azərbaycan Cənub Qaz Dəhlizinə əsaslı töhfə verən və onu ərsəyə gətirən ölkə kimi qiymətləndirilir. 2015-ci ildən Bakı hər il Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarına ev sahibliyi edir və Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur.
Əhmədova Cavahir,
Sahibkar, Nəsimi rayon sakini