İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa İranla əldə edilən yekun razılaşmaya zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması tələblərini və Tehranın raket istehsalına məhdudiyyətləri daxil etdiyinə görə təşəkkür edib.
İsrail Baş Nazirinin Ofisi bu barədə iki lider arasında telefon danışığından sonra məlumat yayıb.
Bəyanatda deyilir: “Prezident Tramp Baş nazir Netanyahu ilə danışıqlar prosesinə başlamaq üçün əsas kimi İranla hazırlanan razılaşmaları müzakirə etdi. İsrail bu razılaşmaların tərəfi olmasa da, Baş nazir danışıqlar nəticəsində əldə edilən yekun razılaşmanın zənginləşdirilmiş nüvə materiallarının çıxarılmasını, zənginləşdirmə infrastrukturunun sökülməsini, raket istehsalına məhdudiyyətlərin qoyulmasını və İranın bölgədəki terror təşkilatlarına dəstəyinin dayandırılmasını əhatə edəcəyinə dair verdiyi vədə görə Prezident Trampa təşəkkür etdi”.
Bundan əvvəl Tramp Netanyahu da daxil olmaqla bir sıra ölkələrin liderləri ilə İranla münaqişənin həllinə yönəlmiş razılaşmalar barədə danışıqlar apardığını açıqlamışdı.


























