image-zengezurbackend

Üçtərəfli Bəyanat Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını təsdiq edir.

image-reklam_sirab_01

Yaxın Şərq ölkələri ilə Azərbaycanı, eləcə də bütün Qafqazı əlaqələndirən əsas yolların kəsişdiyi, əlverişli mövqedə yerləşən Naxçıvan bir əsr əvvələdək Azərbaycandan ayrı deyil, ona bitişik olmuşdur. Tarixi sənədlərə görə, Naxçıvanla Azərbaycanın quru əlaqələrinin kəsilməsi düz 101 il əvvəl baş verib. 44 günlük müharibənin sonunda Azərbaycanın xeyrinə imzalanan üçtərəfli bəyanat əsasında Zəngəzur dəhlizinin açılması yüksək resurs potensialına malik olan Naxçıvanın iqtisadi gücünü artırmaqla yanaşı, onu mühüm nəqliyyat qovşağına çevirəcək.

Dağlıq Qarabağ münaqişəsindən sonra baş tutmuş razılaşmanın ən diqqət çəkən məsələlərindən biri də Naxçıvan Muxtar Respublikasının quru yol vasitəsilə Azərbaycana birləşdirilməsi məsələsi idi. Razılaşmanın maddələrinə əsasən, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinə zəmanət verir. Bu müddəa o deməkdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin adlandırdığı “Zəngəzur dəhlizi” və yaxud “Naxçıvan dəhlizi” nəqliyyat xətti Ermənistan tərəfindən qəbul edilib.  Bu dəhliz reallaşacağı təqdirdə Azərbaycan, Ermənistan və Naxçıvan Muxtar Respublikası, eləcə də region ölkələri, Türkiyə, Rusiya, İran və digər türk respublikaları üçün yeni iqtisadi və ticari imkanlar yaradacaq. Əslində, dəhlizin ortaya qoyacağı əlavə dəyər bundan çox da böyük potensiala malikdir. Avropa-Asiya ticarət əlaqələri baxımından qiymətləndirildikdə, Naxçıvan dəhlizi Cənubi Qafqazdan keçən həm şimal-cənub, həm də şərq-qərb nəqliyyat dəhlizlərinin bir hissəsi olmağa namizəddir. Naxçıvan dəhlizi Türk Şurasına üzv dövlətlərin ərazisindən keçən Avropa ilə Asiya arasında ən qısa dəhliz və regional nəqliyyat xətti kimi region ölkələri üçün iqtisadi imkanlar yaradacaq.

Naxçıvan dəhlizinin daşıyacağı digər strateji dəyər isə Türkiyə ilə Azərbaycanı və digər türk dövlətləri arasında birbaşa əlaqəni təmin edən yeni xətt yaratmasıdır. Bu dəhlizdən istifadə edən Türkiyə, Gürcüstan və İranın quru yollarından istifadə etmədən birbaşa Azərbaycana, oradan da digər türk respublikalarına çatmaq imkanı əldə edəcək. Bundan başqa, Azərbaycanı Gürcüstan üzərindən Türkiyəyə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu ilə müqayisədə yeni dəhlizin təxminən 340 kilometr qısa olacağı gözlənilir. Bu dəhliz daşıma məsafəsini qısaldacaq və daşıma xərclərini azaldacağı üçün orta dəhlizdə ikitərəfli və çoxtərəfli ticarəti, yük və sərnişin daşımalarını stimullaşdıracaqdır.

Nəticədə Naxçıvan dəhlizinin həm şərq-qərb, həm də şimal-cənub istiqamətində yüklərin daşınması üçün yeni alternativ yaratdığından Avropa, Mərkəzi Asiya ölkələri və Çinin iqtisadi maraqlarına uyğun variantlar yarada biləcəyi görünür. Dəhlizin ortaya qoyacağı potensial üstünlüklər onu göstərir ki, Naxçıvan dəhlizi zaman keçdikcə ən qısa xətt üzərindən Avropa ilə Asiyanı birləşdirən orta dəhlizin əsas elementlərindən birinə çevriləcək. Regionda təhlükəsizlik problemlərinin həlli, bütün iqtisadi blokadaların aradan qaldırılması və yeni dəhlizin yaradılması regional inkişaf və əməkdaşlıq üçün əlverişli şərait yaradacaq. Yaradacağı yeni rəqabət mühiti sayəsində yeni dəhliz nəqliyyat xərclərini və digər ənənəvi marşrutları əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və bu xətlərin səmərəliliyinə müsbət təsir göstərəcəkdir. Bu vəziyyət region ölkələrinin ikitərəfli iqtisadi və ticarət əlaqələrini artıracaq və Avropa ilə Asiya arasında ticarət hərəkətliliyində oynadıqları tranzit rolunu gücləndirəcəkdir.

 

 

Qərbi Kaspi Universitetinin doktorantı- Tahir Ağayev.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki