image-85d6ab5c-db2a-4a12-b8a5-9099301b1708backend

Vətənin qəhrəman oğlu

image-reklam_sirab_01

Vətən sevdam ilham qaynağımdır,deyə bilərəm. Bu günə qədər yazdığım sətirlərdə, məqalələrdə hislərimin ən qabarıq büruzə olunduğu məqamlar Vətənlə bağlı, şəhidlərimizlə bağlı olub. Bacardığım qədər şəhidlərimizi, Vətən qəhrəmanlarını vəsf edirəm yazılarımda, oxşayıram bir bacı dili ilə. Bəzən analarının dilindən, bəzən də yarımçıq arzulu könüllərin dilindən.
Bu dəfə fərqli qəhrəmanım var; Vətən müharibəsinin əvvəldən sonadək iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, 1ci Kəşfiyyat manqası,Kəşfiyyatçı snayper Həsənov İmaməli Nəsimi oğlundan danışacam sizə.
Əlini tanımağım fərqli oldu- Qarabağ yolunda tanıdım onu, önəmli bir tədbirə dəvətli idik. Yol yoldaşı olduq. Gözlərindəki o qartal baxışdan sezdim döyüşçü olduğunu. Bir də heç gülməməyindən. Yol boyu bizə sevinc,qürur yaşadan, üzü Hadrutdan ta Laçına qədər o yollarda ciddi, bir az da hüzünlü görkəmini pozmadı, biz hər daşı, hər mənzərəni incələyib şəklini çəkdikcə onun qapqara gözləri uzaqlara daldı. Hərdən sinədolusu nəfəs alaraq düşüncəli baxışlarla lap uzaqlara baxırdı. Sanki yanında kimsə yoxmuş kimi qayğılı-qayğılı xəyala dalır, hərdən də suallarıma cavab verirdi.
-Əli, səndən yazsam, izin verərsənmi? Sən deyirəm ,incimə ha, mən də sənin böyük bacın.
-Yox,Gülər xanım, incimək niyə? Buyurun. (Sonra sanki yuxudan ayılır)
-Necə yazmaq, kimdən, məndən?
“Hə,Əli, səndən. Çox istəyərəm.” deyə cavab verirəm.
Düşünür, dalğın nəzərləri uzağa dikilir: “Nə yazacaqsız ki?”
-Yaxşı, gəl söhbət edək, sadəcə. Səni dinləmək istəyirəm. Döyüş xatirələrindən, 44 günlük zəfər mübarizənizdən danış mənə.
Canlanır bir az… Yaxşı kəlməsindən bir saniyə sonra qəm bürüyür gözlərini. Yavaş-yavaş sözə başlayır, çətinliyini hiss edirəm, ürəyim də sızlayır, amma vaz keçə bilmərəm. Danışdıracam bu igidi, zəfərimizi canlı şahiddən dinləmək bir ayrı duyğudur, əvəzolunmaz və həyəcanlı.
“Hadrutdan başlamışdıq, ən çətin döyüş də ora oldu. Düşmənin müqaviməti də çox idi onda, geri çəkilmək fikirləri yox idi. Ən ağır döyüş də o zaman oldu, çox itki verdik.. (dayanır, dərindən nəfəs alır, susqunlaşır yenə)
Səbirsizlənirəm:
-Hə, sonra? Bəs sonra nə oldu? Neylədiz?
-Heç nə, Gülər xanım, dedim də. Döyüşdük, çətin oldu, ilk qələbəni qazandıqdan sonra daha da əzmimiz artdı, artıq gücümüzə bələd idik. Hər qarışında bir can qurban verdik o torpaqların. Addım-addım irəlilədik, bizə əmr olunan strategiyalar üzrə, tapşırıqları yerinə yetirdik, ən sonuna qədər getdik, çıxdıq. Şuşanı da azad etdikdən sonra geri döndük. Allah qorudu də, nə deyim, yəqin belə məsləhət imiş…
-Elə bu? Qardaş, danış də, necə döyüşürdüz, haralara gedirdiz, hansı əmrlər üzrə istiqamət götürürdünüz?
Gülümsəyir o ağıllı gözləri ilk dəfə, təmkinli baxışlarla baxır. Bu susqunluqdan cavabımı alıram “Bu qədərdən artığı olmaz”
Susuram mən də razılıq əlaməti olaraq, sənə də qurban , aldığın o vətənpərvərlik dərsinə, təliminə də.
Qarabağa,Şuşaya, Laçına doğru hər kəndi, hər postu keçdikcə ürəyinin yanğısını hiss edirəm, təlatümünü hiss edirəm qəlbindəki o fırtınanın. Ağrılarına, duyğularına qurban, vətən oğlu… Sən deməsən də, bilirəm, anlayıram hansı çətinliklərdən keçdiyini, nələr yaşadığını, nələri yaşaya bilmədiyini, nə acılar yaşadığını, həyəcanını, fəxarətini, susqunluğunu, əsalətini, kişiliyini, mərdliyini. Bunları görmək üçün xüsusi gözə, həssaslığa gərək yoxdur, azərbaycanlı olmaq kifayətdir. Səni , sənin kimi qeyrətli oğulları dünyaya gətirən anaların qarşısında baş əyirik,əllərindən öpürük, şükranlarımızı yetiririk.
Qəhrəmanımız mənim kimi hamının marağına səbəb olmuşdu. Uzaqdan görən hər kəsin marağına səbəb olan iki metrə yaxın boy-buxunun, şax duruşun, əsl Azərbaycan kişisinə məxsus yaraşığın, bir az da sərt görkəmindən daha üstün yaxından görənlərin gördükləri idi- sinəsindən asılan saysız-hesabsız medal və ordenlər. Uşaqdan böyüyə, işçidən dövlət rəsmilərinə kimi hər kəs yaxınlaşır, qürurlandıqları igidlə söhbət etməyə çalışırdı.
Haqsız da deyillər bu maraqlarında, haqsız da deyiləm bu marağımda, fəxarətimdə. Bütün dünyaya səs saldılar, meydan oxudular varlıqları ilə, Şuşadakı cəngavərləri xəyal gücü sananlar oldu, terminator adlandıranlar oldu. Dişiylə, dırnağıyla, bütün zehni,fiziki gücünün, qorxmazlığının sayəsində qazandırdılar bizə bu zəfəri, sevilməsinlərmi? Daha da artığına layiqdirlər. Yaşayan qəhrəmanlarımız, canlı əfsanələrimiz oldular. Halal olsun sizə bu vətənin haqqı, sonuna qədər layiqsiniz ən yüksək dəyərlərin hamısına. Sizə analar, bacılar qurban.
Bacı demişkən, bir məqama da aydınlıq gətirim, daha doğrusu etiraf edim. Bu günə qədər yazdıqlarımdan zərrə qədər gözləntim olmadı, kimsədən sağ ol istəmədim, borcumdur, yazmışam, yazacağam da. Amma bu Əlidən istəmişəm. Tam səmimiyyətimlə, ciddiliyimlə demişəm “Əli, mənim qardaşım olarsanmı?”
Cavabımı da almışam, varmı mənə yan baxan, aslan kimi qardaşım var, iki metr boyunda, Vətənin oğul dediyi. Daha nə dərdim?
Haqqınızı halal edin, bu məqaləmin qarşılığını almışam artıqlaması ilə, ömür vəfa etsə, ölənə qədər bəsimdir.
Özü də elə dedi… “Ölənə qədər bacımsan”

Gülər Mübariz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki