image-16317024911428613563_1000x669backend

Vilayət Quliyev: “Biz gəldik, Şuşa!”

image-reklam_sirab_01

Şuşada keçirilən Vaqif Poeziya Günlərinin iştirakçıları arasında diplomat, ədəbiyyatşünas alim Vilayət Quliyev də vardı. Uzun illər diplomatik sahədə çalışmış, Qarabağ münaqişəsi ilə bağlı prosesləri yaxından müşahidə etmiş Vilayət Quliyev “Biz gəldik, Şuşa!” sərlövhəli məqaləsində şahidi olduğu hadisələri, xatirə və düşüncələrini, Şuşa səfərinin təəssüratlarını qələmə alıb.

Veteninfo.az  məqaləni təqdim edir

“Nəhayət ki, Şuşa etibarlı əllərdədir! Qəlbim Azərbaycan əsgəri ilə, bütün Azərbaycan xalqı ilə birlikdə sevinc və qürur hissindən coşub-daşır. Burada-Şuşada olmağım əsl möcüzədir. Şuşa, işğalçı üçün sən sadəcə ərazi idin. Amma azərbaycanlı üçün Vətənsən! Məndən ötrü isə dualarımın müstəcəb olması, ədalətin təntənəsisən! Bu sözləri bir and, yaxud gələcəyə yönəlik mesaj kimi böyük məhəbbət və içdən gələn dualarımla yazıram: işğalçının ayağı bir də heç zaman sənə toxunmayacaq! Uzaq 1992-ci ildə, sonra isə 2020-ci ildə uğrunda qəhrəmanlıqla həlak olan hər oğlunun xatirəsi önündə baş əyirəm. Azərbaycan ordusu noyabr ayında Şuşa şəhərini döyüşlə azad edib Ermənistanı tam məğlubiyyət aktını imzalamağa məcbur elədi. Tam və gələcəyə heç bir ümid yeri qoymayan məğlubiyyət!

Azərbaycanın vüqarı Şuşa nəhayət öz əslinə döndü. Sizi – həmişə bu mübarizənin içində olan və qələbəyə dəstək verən hər kəsi bərk-bərk qucaqlayıram. Şuşanın azad olunacağına inanan hər kəsi! Düşünürəm ki, hamı inanırdı. Hamı inanırdı ki, Şuşa mütləq azad ediləcək! Sonra isə yeni tarix yazacağıq. Ən böyük Azərbaycan şəhəri olan Şuşanın inkişaf və çiçəklənmə tarixini! Bütün varlığımla bunu sizə arzu edirəm!”

Hər birimizin ürəyindən keçən, altına tərəddüdsüz imza atmağa hazır olduğumuz bu sözlərin, sətirlərin müəllifi litvalı jurnalist, erməni vəhşiliyini dünyaya yayan “Xocalı gündəlikləri”, “Çıxışsız dəhliz” kimi sənədli filmlərin müəllifi Riçardas Lapaitisdir. Bir müddət əvvəl onun ədalətli davamıza rəğbət və inanc dolu yazısını tərcümə edəndə düşünürdüm: bizdən min kilometrlərlə uzaqda, soyuq şimalda yaşayan bu insan necə olub ki, duyğularımızı bu qədər dəqiqliklə ifadə edə bilib? Hissimizin, həyəcanımızın tərəfsiz tərcümanına çevrilməyi bacarıb?

Yəqin ki, sualın cavabını Qarabağ sehrində, xalqımızın tükənməyən Şuşa sevgisində axtarmaq lazımdır. Bu sevginin yaşı bir il, beş il deyil, Şuşa bina olunduğu gündəndir. Rus çarı Birinci Pyotr “Avropaya pəncərə” açmaq üçün Peterburqun əsasını qoyduğu kimi Pənahəli xan da doğma Qarabağı yağı düşməndən qorumaq üçün mühüm strateji məntəqəyə çevrilən Şuşa qalasını bina etmişdi. Tezliklə bu şanlı tarixin 270 illiyini qeyd edəcəyik. Erməni işğalçıları üçün sadəcə qəsb edilmiş ərazi olan Şuşa sonu görünməyən işğal illərində həqiqətən də dövlətimiz, xalqımız üçün müqəddəs məkan, namus və şərəf ünvanı kimi qalmaqda davam edirdi.

Əcdadlarımız Şuşanı müstəqil dövlətin – Qarabağ xanlığının paytaxtı kimi Ağa Məhəmməd şah Qacardan qoruyub,1920-ci ilin martında Azərbaycan Cümhuriyyətinin ordusu daşnakların müvəqqəti işğalından azad edib. Aradan 100 il keçəndən sonra eyni şərəfli tarix təkrarlanıb – Azərbaycan əsgəri dünya hərb tarixinə həkk olunacaq qəhrəmanlıqla Şuşanı mənfur işğalçılardan təmizləyib.

Atalar üçdən deyib. Şuşaya indiki qayıdışımız əbədidir, dönməzdir. İnanıram ki, Şuşa həqiqi intibahını məhz bundan sonra yaşayacaq. Erməni vandallardan miras qalmış xarabalıqlar içindən əfsanəvi Səməndər quşu kimi tarixi simasını bərpa edərək dirçəlib parlayacaq. “Qafqazın konservatoriyası” statusunu özünə qaytaracaq, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının “mədəniyyət paytaxtına” çevriləcək. Bu proses artıq Şuşanın işğaldan azad olunmasının ertəsi günü başlayıb və düşməni təşvişə salan bir sürətlə davam etməkdədir.

*****

Şuşaya gedirik. Dövlət başçısının və Birinci xanımın iştirakı ilə şəhər azad olunandan sonra keçiriləcək ilk Vaqif Poeziya Günlərinin və bərpadan sonrakı Vaqif məqbərəsinin açılışına…

Hələ 44 günlük Vətən müharibəsinin parlaq qələbəmizlə başa çatmasından az sonra Ali Baş Komandan, Prezident İlham Əliyev qətiyyətli bir şəkildə növbəti ildə Şuşada məşhur “Xarıbülbül” festivalının, ənənəvi Vaqif Poeziya günlərinin keçiriləcəyini deyəndə buna tərəddüdsüzsüz inanmışdım. Bilirdim ki, ölkə Prezidenti sözünün ağasıdır. Şuşanın mütləq azad olunacağı xəbərini də əvvəlcədən vermiş və tezliklə möcüzənin həqiqətə çevrilməsinin şahidi olmuşduq.

İndi budur, Azərbaycan əsgərinin Vətən uğrunda axıtdığı qan izləri ilə çəkilmiş Zəfər yolu ilə 30 illik həsrətimizin, arzularımızın şəhərinə – Şuşaya gedirik.

Yol boyu erməni vandallarının vəhşicəsinə dağıdıb viran qoyduqları kəndlərimizin acınacaqlı mənzərələrinə tamaşa etdikcə müdrik Süleyman peyğəmbər haqqındakı məşhur pritçanı xatırlayıram.

…Eyni körpəyə iddialı olan iki qadın mübahisəni həll etmək üçün Süleyman peyğəmbərin yanına gəlirlər. Peyğəmbər balacanı ortadan bölüb hər parçasını iddiaçılardan birinə verməyi buyurur. Qadınlardan biri dərhal razılaşır. O biri isə ağlayıb-yalvarır, uşaqdan imtina etdiyini bildirir, digər qadına verilməsini xahiş edir.

Peyğəmbər körpəni həmin qadına qaytarıb deyir:

-İndi həqiqi ananın kim olduğu bilindi.

Bu müdrik pritçanı niyə xatırladım?

Ermənilər özlərinin tarixi ərazisi kimi biri-birindən əcayib Şuşi, Akna, Karvaçar, Berdzor, Varanda, Crakan və s. (Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl nəzərdə tutulur – V.Q.) adları qoyduqları şəhərlərimizin, yüzlərlə kəndimizin heç birinin həqiqi sahibi deyildilər, tarixən olmamışdılar. Əks-təqdirdə bu abad şəhər və kəndləri xarabazara çevirməzdilər. Bizim insanlar məcburiyyət qarşısında evlərini tərk edəndə bir ağac budağını qırmamış, bir pəncərə şüşəsini sındırmamışdılar. Çünki buralar Vətən idi, babaların ruhunun uyuduğu doğma torpaq idi. Ermənilər isə başqalarının torpağına soxulduqları üçün hər cür vəhşiliyi özlərinə rəva görmüşdülər. Çünki bu coğrafiyada tarixən gəlmə idilər. Günahsız körpənin parçalanmasına razılıq verən yalançı, qəddar qadın kimi, onları da yalnız özlərinə məxsus olmayan hər şeyi dağıtmaq, yox etmək maraqlandırmışdı.

Şuşaya gedirik. Mədəniyyət paytaxtımızın ziyarətinə, Qarabağ xanını vəziri, dilimizin, şeirimizin böyük ustadı Vaqifin poeziya bayramına. Bu, iştirak edəcəyim ikinci Vaqif poeziya günləridir. Birinci dəfə uzaq 1987-ci ildə keçirilən sonuncu Ümumittifaq miqyaslı tədbirə qatılmışdım. Keçmiş müttəfiq respublikalardan gəlmiş şair, yazıçı, ədəbiyyat və incəsənət xadimləri ilə birlikdə əvvəlcə Molla Pənahın tarixi vətəni Qazax mahalını, sonra isə Şuşadakı əzəmətli məqbərəsini ziyarət etdik. Böyük Heydər Əliyevin təşəbbüsü ilə ucaldılan, 1982-ci ilin qarlı bir qış günündə özünün iştirakı ilə təntənəli açılış mərasimi keçirilən bu məqbərə hamı kimi mənim də nəzərimdə Qarabağda əsrlər boyu mövcud olmuş Azərbaycan varlığının, dilinin və dövlətçiliyinin təcəssümü idi. Yadımdadır ki, qonaqlar hamısı Şuşanın gözəlliyinə, füsunkarlığına vurulmuşdu.

1987-ci il Qarabağda sonuncu sülh, sakitlik, dinclik ili idi. Amma ermənilərin nə isə məkrli planlar hazırladıqlarını sezməmək mümkün deyildi. Sadəcə o vaxt heç kəs milli münaqişənin miqyasının bu qədər yüksək səviyyədə razılaşdırıldığını, belə geniş və dağıdıcı xarakter alacağını ağlına gətirmirdi. Biz tarixin təcrübəsini bilmirdik, yaxud unutmuşduq. “Erməni xəstəliyi”ndən xəbərsiz idik.

İşğaldan əvvəlki Şuşada sonuncu dəfə 1989-cu ilin oktyabrında olmuşdum. Şəhər qərib, tənha və kədərli görünürdü. Bura rus hərbçilərinin müşayiəti ilə gəlmişdik. Yol boyu kəndlərdə rastımıza çıxan ermənilərin nifrət dolu baxışlarını hiss edirdik. Hələ də imtiyazlı vətəndaşlarımız sayılan bu məxluqların hikkəsini başa düşmək mümkün deyildi. İstər-istəməz Yevtuşenkonun məşhur “Əlimizlə yemləyirik alçaqları, Tulalardan böyüdürük buldoqları…” misralarını xatırlamalı olurdum.

1992-ci ilin dəhşətli may günlərinə çox qalsa da, Şuşa mənə taleyin ümidinə buraxılmış şəhər təsiri bağışladı. İnsanlarda bir ruh düşkünlüyü vardı. Görüşüb danışa bildiyimiz bir neçə yerli ziyalı “yiyəsizlikdən” şikayətləndi. Rayon partiya komitəsinin birinci katibi mərhum Vaqif Cəfərovun yanında olduq. Kabinetində hələ də Qorbaçovun şəkli asılmışdı. Narahatlığımızı görüb bizə ürək-dirək verməyə, tezliklə hər şeyin yaxşılığa doğru dəyişəcəyindən danışmağa başladı. Amma hiss olunurdu ki, sözlərində pəhləvan gövdəsinə yaraşmayan inamsızlıq var. Əslində onun özünü də meydanda tək qoymuşdular…

Elə bil ürəyimə dammışdı – Şuşa ilə vidalaşırdım. O zaman çalışdığım Nizami adına Ədəbiyyat institutunun dissertantı olan şuşalı gənc müəllimin bələdçiliyi ilə iki saatın içərisində şəhərin əksər tarixi yerlərini gəzib dolaşdıq. Hətta Xan qızı Natəvanın bağçasında çay içməyə də macal tapdıq.

Heç vaxt yaxın buraxmadığımız, heç vəhclə gerçəkləcəyinə inanmaq istəmədiyimiz o qorxunc məqam gəlib çatdı…Fədakar oğulları son ana qədər döyüş meydanından çəkilməsə də, siyasi oyunların qurbanına çevrilən Şuşa düşmənə təslim edildi. Qarabağ savaşının ən böyük, ən alçaldıcı itkisini verdik.

Bilmirəm başqaları bu ümummilli məğlubiyyət duyğularını necə yaşayıb. Amma mən Şuşa itkisinin ağrısını, əzabını elə bil fiziki şəkildə canımda hiss edirdim. Mənəvi əzablar isə daha dözülməz idi.

Düşmən tapdağı altındakı Şuşanın mənzərələrini ilk dəfə 1999-cu ildə görə bildim. Tam yeni və çətin bir sahədə – Xarici İşlər Nazirliyində çalışmağa başlamışdım. ATƏT-nın fəaliyyətdə olan sədrinin regiondakı şəxsi nümayəndəsi, özünü həm Bakının, həm də İrəvanın dostu kimi göstərməyə çalışan, əslində isə daha çox şəxsi qazanc və firavanlığını düşünən polşalı diplomat Ancey Kasprşik mənimlə isti münasibətlər yaratmağa çalışırdı. Bir dəfə Qarabağdan qayıdanda Şuşada çəkilmiş xeyli şəkil gətirmişdi. On il əvvəl küçə və meydanlarını gəzib dolaşdığım Şuşaya indi şəkillərdə tamaşa edirdim. Hər tərəf acınacaqlı, xarabazar vəziyyətdə idi. İşğaldan keçən yeddi il ərzində şəhərin abadlığı üçün heç bir iş görülməmişdi. Xalqımızın mədəniyyət və mənəviyyat tarixi ilə bağlı zəngin memarlıq abidələri taleyin ümidinə buraxılmış, yaxud bilərəkdən dağıdılıb tar-mar edilmişdi. Ermənilərin guya “tarixi paytaxtlarından biri” kimi ağız dolusu söz açdıqları “Şuşiyə” belə vandal münasibəti məni həqiqi mənada heyrətləndirdi.

Amma qəribə də olsa, başqa mənada bundan həm də təskinlik tapdım. Əgər ermənilər Şuşada geniş miqyaslı quruculuq işlərinə başlamırlarsa, deməli bu təkcə iqtisadi imkansızlıqla bağlı deyildi. Daha çox hərbi-siyasi amillərdən qaynaqlanırdı. Fəaliyyətsizliyin arxasında günün birində Azərbaycanın öz tarixi torpaqlarını nəyin bahasına olursa olsun, geri qaytaracağı qorxusu dayanırdı. Ermənilər nə qədər “Şuşi” deyib bağırsalar da, özlərinin olmayan bu şəhərin yolunda nəinki canlarından, hətta pullarından da keçmək istəmirdilər. Geniş maliyyə imkanlarına malik erməni diasporunun Şuşaya can atmaması da ilk növbədə həmin qorxudan irəli gəlirdi. Bu qorxu onları ilk həlledici qarşılaşmada özlərinin olmayan və heç vaxt olmayacaq Şuşadan biabırçılıqla qaçmağa vadar etdi.

*****

Son 17 ili Vətəndən uzaqlarda yaşasam da işğal olunmuş torpaqlarımızın taleyi, Şuşanın fikri bütün yurdsevər soydaşlarım, həmkarların kimi mənim də ən ağrılı dərdim olub. Çalışdığım ölkələrin KİV-lərinə verdiyin çoxsaylı müsahibələrdə, çap etdirdiyim kitab və məqalələrdə, keçirdiyimiz simpozium və konfranslarda xalqımızın uğradığı dəhşətli ədalətsizliyi, Ermənistanın işğalçılıq siyasətini bəqədri-qüvvə diqqət mərkəzinə çəkməyə çalışmışam. Əslində bu, vəzifə borcum olub.

Yadımdadır, Varşavada işlədiyim dövrdə Polşa XİN-nin Qafqaz regionu üzrə ixtisaslaşan yüksək vəzifəli əməkdaşı bir neçə səfirlə birlikdə məni də şam yeməyinə dəvət etmişdi. Süfrə ətrafında söhbət xalqların milli-mənəvi həyatında, mədəniyyət tarixində müstəsna rol oynayan, milyonlarla insan üçün simvola çevrilən şəhərlərdən düşdü. Yerusəlim-Qüds geniş müzakirə mövzusu oldu. Mən Şuşa haqda danışdım. Onun hər bir azərbaycanlı üçün nəinki Qüds, hətta Məkkə, Mədinə timsalında olduğunu dedim. Həlledici an gələndə vətənpərvər oğullarımızın Şuşa uğrunda döyüşə atılacağına, bu yolda canlarından keçəcəyinə inandığımı əlavə etdim.

Sözlərim nədənsə ev sahibinin xoşuna gəlmədi:

-Bilirsiniz, – dedi, – bəzən tarixin qərarı ilə barışmaq lazım gəlir. 1939-cu ilə qədər Polşanın tərkibində olan Lvov da bizim üçün eyni dərəcədə əzizdir. Amma indi heç bir ciddi polyak siyasətçisi Lvovun geri qaytarılması haqda danışmır.

-Siz Lvovu itirmisiniz, əvəzində Dantsiqi – Qdanskı, Breslaunu-Vrotslavı almısınız. Dənizə çıxışınız təmin olunub. Həm də bütün bunlar dünya müharibəsinin nəticəsində baş verib. Şuşa isə Ermənistanın əsassız ərazi iddiası zəminində, dinc dövrdə işğala uğrayıb. Biz bu haqda danışırıq və tarixi ədalət bərpa olunana qədər də danışacağıq. Həm də təkcə sözlə kifayətlənməyəcəyik. Diplomatik imkanlardan, dinc tənzimləmə mexanizmindən sonadək istifadə etməklə bir sırada yeni savaşa hazırlaşacağıq. Şuşanın binasını bizim babalarımız qoyub. Günün birində Şuşa mütləq yenə Azərbaycan şəhəri olacaq. Buna inanmasaq yaşamağa dəyməzdi…

-Ümid sonda ölür, – deyə polşalı diplomat iddialı şəkildə dilləndi. –Amma inanmıram ki, böyük güclər sizə öz istəyinizi həyata keçirməyə imkan versin.

Mübahisə etmədim. Amma qəhrəman ordumuz Şuşanı azad edəndə keçmiş həmkarımı axtardım. Artıq həyatda olmadığını öyrəndim…

2007-ci ildə Ermənistan hökumətinin sifarişi ilə Polşa Milli Bankı “Şuşinin azad edilməsinin 25 illiyi” münasibəti ilə tədavülə qızıl xatirə sikkələri buraxmışdı. Milli Bankda və Varşava qiymətli kağızlar fabrikində görüşlər keçirdik. Şuşanın erməni işğalına uğramış Azərbaycan şəhəri olması barədə sənəd və materiallar təqdim etdik. Milli Bankın görünür, əsl bankir düşüncəsinə malik sədr müavini:

-Azərbaycan bizə dost ölkədir, – dedi. – Siz də Şuşanın işğal edilməsinin 25 illiyi ilə bağlı sikkə sifariş verin. Məmnuniyyətlə hazırlayarıq.

-Çox sağ olun,- deyə cavab verdim. – Əgər Azərbaycanı həqiqətən dost ölkə sayırsınızsa, gərək bu işi görməzdən əvvəl xəritəyə baxaydınız. İşğalçı dövlətlə belə sıx əməkdaşlıqdan sonra sizə əlavə pul qazandırmağa lüzum görmürük. Eybi yox, biz də Şuşanı azad edəndə Polşa Milli Bankına xatirə sikkələri sifariş verərik…

Yeri gəlmişkən, düşünürəm ki, həqiqətən də müxtəlif nominala malik belə sikkələr hazırlansaydı, çox gözəl olardı. Düşmənə göz dağı, dosta ərməğan kimi…

2012-ci ildə Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının 20 illiyi ilə əlaqədar Macarıstanda silsilə tədbirlər həyata keçirdik. Macar Poçtu ilə razılıq əsasında xatirə markası çap edib geniş coğrafiyada yaydıq. Amma 00001 saylısını özümdə saxladım. Düşündüm ki, həyatda olduğum müddətdə Şuşa azad edilsə, onu şəhər muzeyinə bağışlayım. Taleyimə minnətdaram – arzuma qovuşdum. Sentyabrın 30-da həmin markanı gələcəkdə şəhər muzeyinə vermək üçün Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova təqdim etdim.

Budapeştdə maraqlı bir Şuşa təqvimi də hazırlayıb nəşr etdirmişdik. Hər səhifədə Şuşanın tarixi binalarından birinin münaqişəyə qədər olan, dairə içərisində isə işğalçıların viran qoyduğu şəkli verilmişdi. Şəkillər həm də ilin fəsillərinə uyğun seçilmişdi. Təqvimi diplomatik korpusda, Macarıstanın dövlət və hökumət idarələrində yaydıq. Məncə az da olsa, Şuşanı tanıtmağa köməyi dəydi. Tirajın böyük hissəsini isə xarici qonaqlara hədiyyə etmək üçün Qarabağ icmasının o zamankı rəhbəri, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərova göndərdik.

Macarıstandakı ən uğurlu işımiz isə işğal altındakı Şuşa ilə Döndöş şəhərinin qardaşlaşması oldu. Döndöş də Şuşa kimi hündür ərazidə – Matra dağının ətəklərində yerləşir. İki şəhər arasında qardaşlaşma protokolunun imzalanması Ermənistanda və Macarıstandakı erməni icması arasında böyük səs-küy yaratdı. Ölkədəki erməni milli azlığının nümayəndələri (onlar rəsmi statusa malikdir) başda macar Parlamentinin erməni deputatı olmaqla Döndöşə gəldilər. Şəhər meri Laslo Faraqadan qərarını dəyişməyi tələb etdilər. Şuşanın qədim erməni şəhəri olduğunu deyir, azərbaycanlıların onları aldatdığını iddia edirmişlər. “Şuşinin” erməni merini Macarıstana gətirməyi, erməni “Şuşisi” ilə Döndöş arasında qardaşlaşma müqaviləsi bağlamağa hazır olduqlarını bildirir, Faraqaya müxtəlif vədlər verirmişlər.

Məzəli və hazırcavab adam olan Laslo Faraqo sonralar danışırdı ki, “mən onlara azərbaycanlıların işğal elədiyi erməni şəhərinin merini öz hesabıma Macarıstana gətirməyə və onunla istənilən müqaviləni bağlamağa hazır olduğumu dedim. Bir söz tapa bilmədiklərindən qapını çırpıb kabinetdən çıxdılar…”

*****

Zəfər yolu Daşaltından sağa burulub Şuşaya daxil olur. İgidlərimizim az qala yalın əllə dırmaşıb düşməni xofa saldığı sıldırım qayalardan gözümüzü çəkə bilmirik. Oteldə yerləşib bir az özümüzə gələndən sonra Şuşanın simvoluna – Cıdır düşünə yollanırıq. 90 yaşlı Xalq şairi Nəriman Həsənzadə hamıdan qabaqda gedir…

Ertəsi gün Vaqif Poeziya Günlərinin açılışında iştirak edirik. Prezidentin son dərəcə məzmunlu, gələcək böyük planlar üzərində köklənmiş nitqini dinləyirik.

Səfir həmkarım Həsən Həsənovla birlikdə Bülbülün yenidən bərpa olunmuş ev-muzeyini, Xurşidbanu Natəvanın şəhərin Merdinli məhəlləsində tikdirdiyi Şirin su hamamını, məşhur tarzən, Azərbaycan tarının yaradıcısı Sadıqcanının xarabazarlığa çevrilən evini ziyarət edirik.

Məni ən çox Şuşadan bütün türk dünyasına maarifçilik, milli mücadilə, müstəqillik günəşi kimi doğan, çoxillik tədqiqatlarımın obyekti olan Əhməd bəyin- Əhməd Ağaoğlunun evi maraqlandırır. Digər məşhur şuşalı –Yusif Vəzir Çəmənzəminli “Studentlər” romanında qəhrəmanı Rüstəm bəyin dili ilə onun Şuşanın taleyindəki rolundan söz açaraq yazmışdı: “Belə həyəcanlı bir zamanda Ağabəyin (bu ad altında Ə.Ağaoğlu təsvir olunur-V.Q.) şəhərə gəlməsi kimi fərəhə, kimi qayğıya salmışdı. Ağabəy məsciddə uzun bir nitq söylədi. Şuşanın Zaqafqaziya türkləri üçün böyük əhəmiyyətinin olduğunu anlatdı. Dedi ki, “Şuşa bir qaladır, bura əldən getsə çoluq-cocuğumuzu götürüb Arazı o taya keçməkdən başqa bir çarəmiz qalmır”. Sonra “Difai” məsələsini açdı və gizli bir təşkilat yaradacağını söylədi”.

Erməni vandalları Əhməd bəyin (Əhməd Ağaoğlu) ata mülkünü son daşına qədər dağıdıblar. Sovet dövründə idarə və müəssisə binası, məktəb-pansionat və pioner düşərgəsi kimi istifadə olunan, yerli camaat arasında “Lesnaya şkola” kimi tanınam bu böyük mülkün yerində indi yalnız kol-kos bitir.

Bu qəddarlıq təsadüfi deyil. Ermənilərin Əhməd bəylə xüsusi “haqq-hesabları” vardı. Bizdə onu “burjua millətçisi” kimi damğalayanda Ermənistanda neodaşnakizmin ideologu, Ermənistan KP MK- nın katibi Con Kirakosyan 1967-ci ildə İrəvanda rus dilində çap etdirdiyi “Gənc türklər tarixin məhkəməsi qarşısında” adlı şovinizm mayası ilə yoğurulmuş kitabında “şuşalı pantürkist Əhməd Ağayevi Şuşada erməni qırğınlarının təşkilatçısı və rəhbərlərindən biri” kimi qələmə verirdi.

1914-cü ildə erməni dramaturqu E.Ter-Qriqoryan əsas qəhrəmanının “panislamist” Əhməd bəy olduğu “Qılınc və od” pyesini yazmışdı. Bu üzdəniraq əsər tezliklə rus dilinə çevrilərək Moskvada da çap olunmuşdu.

Daşnak terrorçularının “Nemezis” qisas planına görə Əhməd bəyin adı “qətli vacib və təxirəsalınmaz şəkildə həyata keçirilməli olan” 43 nəfərin siyahısına salınmşdı. Sadəcə, səhvən onun yerinə Behbud xan Cavanşiri öldürmüşdülər.

1918-ci ildə ermənilərin təhriki ilə ingilislərin diktəsi altında işləyən Kürd Mustafa Paşa məhkəməsi Əhməd bəyi saxta erməni soyqırımında suçlu sayaraq Malta adasına sürgün etmişdi… Ölümə bərabər bu sürgündən yalnız Qurtuluş Savaşının öndəri Atatürkün sayəsində xilas ola bilmişdi.

Bizdən fərqli olaraq uydurduqları saxta tarixi heç vaxt unutmayan daşnak tör-töküntüləri Şuşanı müvəqqəti işğal edən kimi ilk qisası Əhməd bəydən, onun xatirəsindən almışdılar.

Eyni vandallıq aktını Xan qızı Natəvanın dövrün şeir, musiqi mərkəzi kimi tanınan mülkündə, son Azərbaycan ensiklopedisti Mir Möhsün Nəvvabın, ilk ədəbiyyat tarixçimiz Firudin bəy Köçərlinin, görkəmli həkim və ictimai xadim Kərim bəy Memehmandarovun, yazıçı və diplomat Əbdürrəhim bəy Haqverdiyevin, həmkarı Yusif Vəzir Çəmənzəminlinin, dahi bəstəkarımız Üzeyir bəyin, muğam ustası Xan Şuşinskinin və digər məşhur şuşalıların ata-baba yurdlarında, vaxtı ilə Şuşaya yaraşıq verən real məktəbin binasında da görürük. Hətta bədnam Şaumyanın əqidə yoldaşı Mirhəsən Vəzirovun ata evi də dəhşətli aqibətdən kənarda qalmayıb.

Ermənilər 30 il ərzində Şuşanı dağıdıblar, sözün həqiqi mənasında cəngəlliyə çeviriblər. Azərbaycan qısa müddətdə şəhərin tarixi simasının özünə qaytarılması üçün mühüm işlər görüb və görür. Şuşa indi böyük bir tikinti meydançasını xatırladır. Dövlət başçısı son Şuşa səfərində şəhərin ilk yaşayış massivinin, beşulduz otelin təməlatma prosesində iştirak etdi. Bərpa-quruculuq işlərinin sürətləndirilməsi ilə əlaqədar göstərişlər verdi. Şəhərdəki 214 tarixi-memarlıq abidəsinin hamısı artıq pasportlaşdırılıb, texniki vəziyyətləri və bərpa imkanları araşdırılır.

Erməni rəhbərliyinin ən böyük fantaziyası Şuşada sərxoş orgiyaların təşkilinə, zövqsüz atılıb-düşməyə çatırdı. Azərbaycan isə ilk gündən tarixi şəhərimizi mədəniyyət paytaxtı elan etdi və bu istiqamətdə biri-birindən maraqlı layihələr həyata keçirilir. Bu sətirləri yazanda başqa şad xəbər eşitdim – sentyabrın 18-dən 24-nə qədər Şuşada xarici musiqiçilərin də iştirakı ilə Üzeyir musiqi həftəsi keçiriləcək…

Vandalların heykəlini güllələdiyi Üzeyir bəy artıq evinə qayıdıb. Yəqin ki illər boyu Şuşa səmalarında dolaşan sərgərdan ruhu da artıq əbədi aram və rahatlıq tapıb.

*****

Səfərimizin məqsədi işğaldan azad edilmiş Şuşada keçirilən ilk Vaqif Poeziya Günləri olduğundan sonda mərhum Prezident Heydər Əliyevin daimi Şuşa qayğısı, narahatlığı ilə bağlı ibrətamiz bir tarixi epizodu da xatırladım.

2001-ci ilin yanvarında Azərbaycan və Ermənistanın Avropa Şurasına üzvlüyə qəbulu ilə əlaqədar Prezident Heydər Əliyev və Robert Koçaryan Strasburqa səfər etmişdilər. Bu panavropa qurumunun çətiri altında əslində formal xarakter daşıyan və münaqişənin həllinə heç bir töhfə verməyən görüş keçirildi.

Rəsmi hissə başa çatandan sonra Heydər Əliyev vidalaşmaq üçün yaxınlaşan Koçaryanı saxlayaraq dedi:

-Yəqin xəbərsiz deyilsiniz – mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir. Qarabağ xanlığının vəziri olub. İndi məqbərə nə vəziyyətdədir? Yoxsa onu da yer üzündən silmisiniz?

-Başımız açılana qədər mərmər üzlükləri, aliminium şəbəkələri söküb aparıblar. Amma karkası yerindədir,- deyə Koçaryan saxta təbəssümlə cavab verdi.

-Ümidvaram ki, şəxsən bu işə əl bulamamısan, – deyə Heydər Əliyev qəsdən diplomatik etiketdən kənara çıxaraq istehzalı şəkildə “sizdən” “sənə” keçdi.

-Nə danışırsınız, Heydər Əliyeviç, – deyə özünü heyrətlənmiş kimi göstərən Koçaryan Prezidentin əlini tələsik sıxıb uzaqlaşdı.

Heydər Əliyev onun arxasınca baxaraq sanki öz-özü ilə danışırmış kimi “Gözünün içinə qədər yalan danışır. Quldurbaşının böyüyü özüdür”, – dedi.

*****

Quldurlardan təmizlənmiş, quldurbaşının fatehlik xülyasına həmişəlik son qoyulmuş Şuşa bu gün xalqımız üçün təkcə qələbə deyil, həm də məsuliyyət rəmzidir, gələcək üçün imtahan meydanıdır. Biz qalib millətik, dövlət başçısının iradəsi, ordumuzun gücü sayəsində tarixi ədaləti bərpa etməyi bacarmış millətik. Bu qələbənin addım-addım bütün Qarabağa yayılacağı gün o qədər də uzaqda deyil!

Şuşa təəssüratını yenə də hisslərimin dəqiq tərcümanı kimi çıxış edən litvalı dostumuz Riçardas Lapaitisin sözləri ilə bitirmək istəyirəm: “Fikirlərimi cilovlaya bilmirdim və düşünürdüm ki, bu otuz ili Şuşa bizsiz necə yaşayıb? Özünün həqiqi sahibləri olmadan! Məhəbbətsiz və nəvazişsiz? Necə??? Şuşa açıq hava altında muzey-şəhərdir. Burada hər addımda mədəniyyət abidələri, məscidlər, qəbiristanlıq – bir sözlə, bütün Azərbaycanın tarixi var. Dağların üzərində bayraq gördüm – Azərbaycanın bayrağı! Bu o deməkdir ki, şəhər bütün insanların üzünə açıqdır. Bu o deməkdir ki, işğalçının çəkdiyi tikanlı məftillər dəmir pərdə kimi qoparılıb bir tərəfə atılıb. Mən Şuşaya Azərbaycan əsgərinin yolu ilə gəldim. O əsgərlə, hər bir azərbaycanlı ilə birlikdə əzab çəkərək və sevinərək gəldim”.

Əski müdriklər deyirdilər ki, “Şuşa kimin əlindədirsə Qarabağa o nəzarət edir”. Biz gəldik, Şuşa!

Şuşa bizimdir!

Qarabağ Azərbaycandır!

 

AZƏRTAC


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image