Bu gün Müəllimlər günüdür. Müəllim olmayanlar üçün. Müəllimlər üçünsə həyatın hər dərs günü elə onların günüdür. Hər gününü müəllimliklə başlayan bu insanlar cəmiyyətin ən zəhmətkeş, ən fədakar və ən təmənnasız insanlarıdır. Onların işi digər peşə sahiblərinin işinə heç bənzəmir. Kimsə elm öyrənir, kimsə körpü tikir, kimsə yol salır, kimiləri isə ərzaq və ya digər tələbat malları istehsal edir. Müəllimlər isə bu peşələrə yiyələnib xalqa xidmət etmək və öz həyatını firavan yaşamaq istəyən kimsələrin özünü yetişdirir. Fərqi duya bilirsizmi? Alim də, mühəndis də, həkim də, əkinçi də müəllimin məhsullarıdır. Bu qədər məsuliyyətli və bu qədər çətin bir işi öz çiyinlərinə almış müəllimlərimiz bu ağır yükün altında yaşayır, yaradır, öyrədir və yönləndirir. Nəticə isə cəmiyyətin mədəniyyətində və elmində, yaşamında və davranışında, bütövlükdə ictimai şüur səviyyəsində özünü göstərir. Biz bu gün nəyiksə və kimiksə, ona görə valideynlərimizə və müəllimlərimizə borcluyuq. Bəzən müəllimləri ikinci valideyn də adlandırırlar. Bir zamanlar dəbdə olan “əti sənin, sümüyü mənim” ifadəsinin mənasına diqqət yetirəndə övladlarının uğuru üçün çəkilməli olan zəhmətin də bir hissəsinin sanki valideynlər tərəfindən müəllimlərin üzərinə qoyulduğunu sezirik. Bu həm də valideynlərin şəxsində cəmiyyətin müəllimlərə bəslədiyi etimadın göstəricisi idi. Müəllimlər bunu da təvazökarlıqla qarşılayıb, hamının, o cümlədən valideynlərin də missiyalarını qismən öz üzərinə götürməkdən imtina etmirdilər. Elə indi də belədir. Bəzi hallarda övladlar valideynlərin gözləntilərini doğrultmayanda günah müəllimlərdə axtarılır, irad onlara bildirilir. Bütün bunlara baxmayaraq müəllim insan yetişdirmək missiyasından usanmır, gecəsini gündüzünə qatıb bəzən heç tanımadığı insanların övladlarını xoşbəxt etməyə çalışır. Belə bir fədakarlıq heç bir digər peşə sahibinə xas olan məziyyət deyil. Yalnız müəllimlər bunu edir. Müxtəlif fəaliyyət sahələrində çalışan fərqli peşə sahibləri karyerası boyunca daha yaxşı işləməyə, daha çox qazanmağa və nəticədə daha yaxşı yaşamağa cəhd göstərirlər. Müəllimlər isə daha çox işləyib daha yaxşı insan yetişdirmək arzusu ilə yaşayırlar. Yetişdirmələrinin uğurunu da, qazancını da, xoşbəxtlyini də özününkü sayırlar və bununla özlərinə mənəvi rahatlıq tapırlar. Yetişdirdikləri insanların cəmiyyətdəki yüksək yeri və müsbət rolu ilə fəxr edirlər, amma özlərinin bu nailiyyətlərdəki əvəzsiz rolundan heç danışmırlar. Bütün bunlar üçün heç nə tələb etmirlər. Onlar danışmasa da bu barədə biz danışmalıyıq. Biz heç olmasa hər il müəllimlər günündə özümüzə baxıb bu gün kim və nəçi olduğumuza görə vəfa borcumuz olan insanları xatırlamalı və onlara minnətdar olduğumuzu bildirməliyik.