image-reklam-veteninfo
image-3backend

Yaddan çıxmayan soyqırımı

image-reklam-veteninfo

Tarix boyu Azərbaycan qonşu ölkələrin təcavüzünə, işğalına məruz qalıb.  Təbii ki, məqsəd, türk varlığına son qoymaq, dövlətimizi parçalamaq, torpaqlarını bölüşdürmək olub. Eyni zamanda xalqımız işğallar zamanı qəddar işgəncələrə məruz qalmış, tarixi abidələrimizə, milli mədəniyyətimizə qarşı barbarlıq olunmuşdur.

Ölkəmizə qarşı ən dəhşətli qırğınlardan biri də 1918-ci il mart-aprel aylarında baş vermişdi. Bu qırğın yalnız Bakıda deyil, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağa, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütun partiyasından erməni silahlı dəstələri vasitəsilə törədilmişdir. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.

Həmin dövrlərdə Azərbaycanın müxtəlif ərazilərində ermənilər məskunlaşdırılmışdı. Ermənilərin azlıq təşkil etməklərinə baxmayaraq məqsədləri böyük idi. Onlar çalışırdılar ki, azərbaycanlıları tamamilə məhv edib, ölkəmizi işğal edib, daimi məskunlaşsınlar, bir sözlə, “Böyük Ermənistan” xülyası ilə yaşayırdılar. O dövrdə Bakı Soveti rəhbərliyini erməni əsilli Stepan Şaumyan ələ keçirmişdi. Erməni qəsbkarlarının rahat şəkildə xalqımıza qarşı təcavüzündə məhz Şaumyanın həmin ermənilərlə iş birliyində olması böyük rol oynamışdır. Bakıda azərbaycanlılara qarşı bolşevik və erməni birliyini təmin etmişdir.

1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Eləcə də Azərbaycanın başqa bölgələrində də bu qırğın xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Bakı şəhərində müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri qanlı cinayətlərini açıb göstərən sənədlərdə qeyd olunur ki, yaxşı silahlanmış, təlim keçmişerməni əsgərləri çoxlu miqdarda pulemyotların mühafizəsi ilə hücum edirdilər.   1918-ci ilin martında, yalnız Bakıda daşnaklar bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə 15 mindən çox günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi. Eləcə də Quba, Şamaxıda dinc əhaliyə qarşı tutulan divan, məhv edilən məhəllələr əslində erməni xislətinin göstəricisidir.

Beləliklə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımıza qarşı törədilmiş cinayətlər öz hüquqi qiymətini almağa başladı. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Belə ki, bu soyqırımın digər bir sübutu da 2007-ci ildə Qubada tikinti işləri zamanı kütləvi qəbiristanlıq aşkar edilmişdir. Bundan sonra  bölgəyə mütəxəssislər cəlb edilmişdir. Mütəxəssislərin rəyi nəticəsində Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib. Həmin məzarlıqda arşadırmalar zamanı məlum olmuşdur ki, insanlar xüsusi qəddarlıqla, işgəncə ilə qətlə yetirilmişlər.

Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” nin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü il sentyabrın 18-də açılmışdır və sahəsi 3,5 hektardır. Bu gün də erməni vandalizminin sübutu olaraq həmin kompleks ziyarət edilir.

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

Bütün bu faciələr, qırğınlara baxmayaraq erməni vandalları öz istəklərinə, “Böyük Ermənistan” xəyallarına çata bilmədilər. Onların bu xəyallarına 2020-ci il İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatları zamanı tamamilə son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu erməni millətinə, vandallarına son 200 ildə tarixin ən böyük həyat dərsini verdi. Bu qalibiyyətə nəinki Ermənistan, hətta dünya şahidlik etdi. İndi Azərbaycan bütöv, suveren ölkə olaraq inkişaf edir və hər zaman da belə olacaq.

Gülər Baxışova

 Pedaqogika üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki