image-img-20230325-wa0004backend

Yaddaşımızdan silinməyən faciə

image-reklam_sirab_01

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanan soyqırımı hadisəsidir. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı.

Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, 1918-ci ilin mart-aprel aylarında təkcə Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Bakıda bir həftə ərzində 12 mindən çox insan, vəhşicəsinə qətlə yetirilib. Azərbaycanlıların soyqırımı təkcə Bakı və Şamaxıda deyil, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi.

Ulu Öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub.

Nəhayət ki, 2020-ci ilin sentyabrında 44 günlük Vətən müharibəsi günlərində Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi düşmənimiz üzərində Şanlı Qələbə qazandı, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da düşməni darmadağın edən ordumuz bütün şəhidlərimizin, bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırım qurbanlarının qisasını aldı. Bu da hər bir Azərbaycanlıda sevinc və fərəf hissi doğurur.

Həcər Verdiyeva  – Tarix elmləri doktoru, professor

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki