image-yubbackend

YUNUS OĞUZ Felyeton

image-reklam_sirab_01

Bir gün Molla Nəsrəddin eşşəyinə minib bazara gedir. Oğlu da düşür eşşəyin qabağına. Məhəllənin lotuları bunu görüb məzələnirlər. Biri deyir:

– Utanmır, yekə kişidir. Özü eşşəyə minib, yazıq uşağı qoduq kimi salıb qabağına.

Molla bu sözü eşidib heyvanın üstündən düşüb oğlunu otuzdurur.

Yenə kimsə söz atır:

– Buna bax, e… Özü qoca kişidir, piyada gedir, cavan uşağı mindirib palanın üstünə.

Bu dəfə Nəsrəddin də minir eşşəyin üstünə. Lotular gülüşürlər. Atmaca davam edir:

– Vay, vay… Bunlara bax ,e… Dədə-bala miniblər eşşəyin üstünə. Yazıq heyvana əziyyət verirlər. Ayıbdır, vallah ayıbdır.

Molla hirslənir. Ata-oğul eşşəyin üstündən düşürlər. Bu dəfə Molla heyvanı alır çiyninə, üzünü lotulara tutaraq:

– Di, dincəlin, – deyir.

İndi, ay başınıza dönüm! Mollanın sözü olmasın, “Di, dincəlin!” Bir dənə şeyximiz var, düşmüsünüz onun üstünə. Guya ölkədə başqa problem yoxdur? Nə var, nə var deyib ki, İranın dini rəhbəri müharibə başlayanda fətva verib. Hə, nə olsun? A, kişilər, bu şeyximiz belə deyəndə millətçi qisim, elə deyəndə iranpərəstlər, öz fikrini də deyəndə hökumət düşür üstünə. Bəs, hörmətli şeyximiz neyləsin, nə desin? Lap, o kinodakı kimi oldu. Deyir: “Ay camaat, qoyun rejissorumuz kinosunu çəksin”.

Fətva aləmi qarışdırıb bir-birinə. Nə çox fətva veriləsi adam, qurum, ölkə var.

İranın Ermənistandakı səfirinin fətvadan xəbəri olmayıb, yoxsa vallahi-billahi, Kəlbəcər tərəfə ayaq da basmazdı.

Odey, Milli Məclis o deputatın fətvasını nə təhər verdisə, hələ də tərpənə bilmir. Gərək, o binava polisi döyəndə deyərdi ki, sənin fətvan verilib, ona görə döyülürsən. O yazıq da belə şeylərdən qorxub heç yerə şikayət etməzdi.

Elə belə deyərdi:

– Fətva verilibsə, vur, qadan alım! Ona canım fəda olsun!

Yoxsa durub gəlib “Fəxz elə ki, səni deputat döyüb”, – deyir. Belə şeylər olmaz, canım, gözüm! Hələ iclasda başqa bir deputat ona qahmar çıxıb. Bəh-bəh, gül dərib, gülab çəkib. Bəs sən bilmirdin ki, Milli Məclisin özü sənin yiyəndir? Belə sadə şeyləri bilməmiş olmazdın. Yüzdə yüz bilirəm ki, o deputatın fətvasını verən doxsan doqquz nəfərin yarısı əvvəllər onunla yeyib-içib. Bəz nə bilmişdiniz? Arada “Starıy dvor” restoranı pulsuz reklam olundu. Di gedin o məkana, yaydır, bir az dincəlin.

Bax, Tokioda idmançılarımız haqqında fətva verilməyib deyə, elə bil əl-qollarını bağlayıblar. A kişilər, ən titullu idmançılarımız belə mübarizə apara bilmirlər. Qurban olduğumun gücünü görürsünüz? Olimpiadanı izləmirsinizsə deyim. Üzgüçümüz az qalır suda batsın. Velosiped sürənimiz onu kürəyində aparır. Tataminin üstündə güləşçimizin kürəyi necə yerə vurulursa, qalxa bilmir. Qərara alır ki, güləş döşəyinin üstündə uzanıb bir qədər istirahət etsin. Karateçimiz ayağını rəqibinin boynuna necə qaldırıb qoyursa, sonradan nə illah edirsə, ayağını aşağı sala bilmir…

Günah onlarda deyil, günah onların rəhbərliyindədir. Fətvasız basa-basa o boyda yol gedirlər. Dincəlməyə getmişdinizsə, di dincəlin!

O gün Mirzə dostum zəng edib soruşur ki, tanış fətva verən molla var? Deyirəm ki, nə məsələdir?

Cavab verir ki, balalarından görəsən. Övladıma toy etmək istəyirəm. Deyirəm qabaqcadan xeyir-duasını alım. Çox keçməz ki, onlar da gəlib şadlıq saraylarına “toy mismarı”nı vuracaqlar. Bildirəcəklər ki, “molla kəbini” yoxdursa, evdə xeyir-bərəkət olmaz. Özü də mollalarımızın əlləri bir az aşağıdır. Çoxdandır “bərkgedən” məclis tutmurlar. Bəs eşitməmisən ki, xalq iki sənət yiyəsini dolandırır: Biri aşıqdır, müasir dildə desək manısdır, o biri də molladır. Biri toy sahibini dincəldir, o biri ölünü. Elə dincəldir ki, hər iki halda, həm toy sahibi, həm də ölü sahibi mərasimdən borcla çıxırlar. Di dincəlin!

Nə isə buna tanış bir mollanın telefon nömrəsi verib başımdan elədim.

Sonra qəzeti götürüb vərəqlədim ki, görüm ölkədə nə baş verir? Baxdım ki,  başqa bir Mirzə Daxili İşlər Nazirliyinə şikayət edib ki, bəs Beyləqan-Sabirabad yolunda yol polisi özlərinə fətva verib. Gələni soyur, gedənin cibinə pul qoyur. İndi heç kim gəlmir, hamı gedir.

Öz-özümə güldüm. Dedim ki, rəhmətliyin oğlu! Belə yol polisi təkcə sən dediyin yerdə deyil. Belə yol polisləri Salyanda, Qobustan rayonunda, Kürdəmir-Ucar yolunun üstündə də var. Onlar dolanışıq üçün deyil, dolaşıq üçün işləyirlər. Neyləsinlər fətvaları belə verilib. İstəsələr də, yoldan çıxa bilməzlər.

Əlqərəz, bu fətva ki, var, çox qəliz şeydir. Pul qazanmaq, vəzifəyə təyin olunmaq, gözdən düşmək istəyəndə də gərək fətvan yanında olsun, yoxsa əlli-ayaqlı, həmişəlik gedərsən dincəlməyə. Di dincəlin!

Mən də durum gedim. Görüm neyləyirəm? Heç dincəlməyin vaxtı deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image