image-adil-750x470backend

Adil Əliyev: “ABŞ diplomatiya tarixinin ən böyük səhvini etdi”

image-reklam_sirab_01

Təəssüflə qeyd etməliyik ki, dünyada demokratiyanın beşiyi kimi tanıdılan və öz şüarlarında (mottolarında) demokratiya ilə bağlı fikirlər irəli sürən bəzi dövlətlərin son vaxtlar nümayiş etdirdikləri mövqe bütün dünya üçün gözlənilməzdir. Həmin dövlətlər özlərinin səlahiyyət dairələrindən kənara çıxaraq ayrı-ayrı ölkələrin işlərinə qarışır, ikili standartlar tətbiq edir, bölgəmizdə bərqərar olacaq sülhə hər vəchlə maneə yaradırlar.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin 106 il bundan öncəyə söykənən, 24 aprel tarixli uydurma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat ABŞ rəhbərinin yürütdüyü ikili standartlar siyasətinin əyani təzahürüdür. Məlumdur ki, C.Bayden ABŞ Prezidenti seçilmək uğrunda mübarizə apararkən ölkəsindəki erməni diasporunu öz tərəfinə çəkmək məqsədilə bu saxta müddəanı öz seçki platformasına daxil etmişdi və bu günlərdə vədini yerinə yetirməyə məcbur oldu. Əslində dünyaya demokratiya dərsi vermək iddiasında olan ABŞ kimi bir dövlətin başçısı heç bir tarixi əsası olmayan, gerçəklikdə baş verməmiş və yalnız erməni millətçilərinin cəfəng fikirlərindən ibarət olan uydurma “soyqırımı” tanımamalı idi. Cozef Baydendən əvvəlki prezidentlər məhz bu cür hərəkət ediblər.

Əgər ABŞ Prezidenti bu addımını “demokratiyanın təzahürü” sayırsa, o halda görəsən cəmi 30 il bundan əvvəl baş vermiş, Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilmiş və 613 nəfərin amansızcasına qətlə yetirildiyi soyqırımına niyə bu günə qədər ədalətli qiymət verməyib? Təbii ki, bu tərzdə ikili yanaşma ABŞ siyasətinin obyektivliyinə ciddi şəkildə kölgə salır.

Amerika Birləşmiş Ştatları 106 il əvvələ istinad edərək, olmamış bir hadisəyə görə qardaş Türkiyəni ittiham etməzdən öncə özünün tarixdə kökünü kəsdiyi hinduların – mayyalar, asteklər və inklərin cavabını verməlidir. Ola bilər, bu məsələdə yalan danışaraq desinlər ki, ümumiyyətlə hinduları öldürməyiblər; İraqda, Əfqanıstanda və Vyetnamda törədilənlərdən tamamilə xəbərsizdirlər… Yürüdülən siyasət göstərir ki, olmamış hadisəyə olmuş kimi qiymət verən ABŞ-ın zaman-zaman törətdiyi bu sayaq neqativ hadisələrə də “olmayıb” deməsi labüddür. Lakin tarix heç vaxt yalan demir, Co Baydenin etdiyi bu kobud səhv ABŞ tarixinin ən utancverən səhifələrindən biri olaraq qalacaq.

Belə bir deyim var ki, Papadan artıq katolik olmağa ehtiyac yoxdur. Baydenin “soyqırımı” ifadəsini işlətməsi də bölgədə Ermənistanla düzəlməkdə olan münasibətlərə sarsıdıcı zərbə xarakteri daşıyır. Ermənistan hazırda həm Azərbaycanla, həm də qardaş Türkiyə ilə münasibətləri düzəltməyə çalışır. Görünən budur ki, ABŞ isə istənilən sülhdən tamamilə narahatdır və heç bir halda bölgəmizdə  sülhün bərqərar olmasının tərəfdarı deyil. Yoxsa, ATƏT-in Minsk qrupunun həmsədri olduğu 30 ilə yaxın dövrdə mövcud münaqişənin həlli üçün müvafiq addımlar atardı…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda bir daha ermənilər arasında nifaq toxumu səpənlərdən söz açaraq bildirib ki, “bu zəhər əsasən onların Fransanın cənubunda, Kaliforniyada, Krasnodar diyarında və bəzi başqa paytaxtlarda çox sakit və gözəl yerlərdə oturub öz həyatlarından zövq alan diasporundan gəlir”. 

Faktlar açıq-aydın göstərir ki, erməni diasporu hər vəchlə sülhün qarşısındadır, məğlubiyyəti həzm edə bilmir, cəfəng iddialar irəli sürərək Ermənistanda yaşayan soydaşlarına rahatlıq vermir, xalqlar arasında münaqişənin davam etməsini istəyir. Ümid edirik ki, bunu Ermənistanda yaşayanlar da başa düşür ki, diasporanın fəaliyyəti Ermənistanı dövlət olaraq uçuruma aparır və onlar yalan vədlərə aldanaraq etdikləri ilk səhvdə yenidən məğlubiyyətə məhkum olacaqlar.

Əgər ABŞ və digər ermənipərəst dövlətlər tarixə qiymət verərkən ədalətli mövqe ortaya qoymaq istəyirlərsə, ilk növbədə on minlərlə azərbaycanlının qətlə yetirildiyi 1918-ci ilin mart soyqırımına, eləcə də bəşər tarixinin ən qanlı cinayətlərindən sayılan Xocalı soyqırımına obyektiv, ədalətli qiymət verməlidirlər.

Əminik ki, ABŞ bu günlərdə atdığı səhv addımın nəticəsini illərlə hiss edəcək. Faktiki olaraq, Bayden tərəfindən atılan qərəzli və əsassız siyasi addım dünya miqyasında birmənalı qarşılanmadı, hazırda həm regionun lideri olan Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərin soyuqlaşmasına səbəb oldu. ABŞ diplomatiya tarixinin ən böyük səhvini etdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki