“Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır”. Bunu Rusiyaya işgüzar səfər etmiş Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, əlaqələrin inkişafından çox razıdır: “Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada – Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.
Azərbaycan Prezidenti vurğulayıb ki, Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndirir: “Baykal-Amur magistralı ümumittifaq miqyaslı layihə idi. Heydər Əliyevin bu layihənin icrasında əməyini yüksək qiymətləndirdiyinizi xüsusi qeyd etmək istəyirəm. Bu qlobal layihənin icrasında əmək sərf etmiş insanlarla da görüşəcəyik. Əziz xatirəsi olan hadisələr bizim dövlətləri daha da yaxınlaşdırır, münasibətlərimizin yüksələn xətlə inkişaf etməsinə töhfə verir”. Rusiya Prezidenti Vladimir Putin də bildirib ki, Azərbaycanla münasibətləri yüksək səviyyədədir və inkişaf edir. Putin deyib ki, ölkələrimiz arasında bir çox istiqamətlərdə əməkdaşlıq mövcuddur: “Sözsüz ki, təhlükəsizliyin təminatı nöqteyi-nəzərindən regiondakı vəziyyət barədə danışacağıq. Burada bir çox məsələlər var, onlar çox həssasdır”. Putin əlavə edib ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır. Ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb: “Hökumətlərarası komissiya aktiv işləyir”.
Aprelin 22-də dövlət başçısı İlham Əliyevin Moskvaya işgüzar səfəri bir sıra mühüm hadisə fonunda baş tutub. Rusiya sülhməramlıları Azərbaycan ərazisini vaxtından əvvəl tərk edir. Qazaxın işğal altındakı kəndlərindən dördünün qaytarılması haqda razılaşma ilə delimitasiya prosesində ciddi irəliləyiş baş verir. Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri gözlənilir. Qarabağdan tamamilə çıxan Rusiya Cənubi Qafqazda mövqelərinə yaranmış risklərdən narahatdır.
Moskva Bakı-İrəvan xəttində iştirakını bundan sonra əsasən sərhədin delimitasiyası məsələsi üzərindən təmin edə bilər. Bunun üçün delimitasiya prosesində Rusiya Baş Qərargahında saxlanılan xəritələrin aktuallaşması lazımdır. 4 kəndin qaytarılması ilə nəticələnən 19 aprel razılaşması xəritələri arxa plana keçirir. Hərçənd razılaşma Bakıya sərhədin digər hissələrinin delimitasiyasında prinspin dəyişdirilməsi – xəritələrin ön plana çıxarılması imkanını da verir. Moskva Bakıdan sərhədin digər hissələrinin müəyyənləşməsində xəritələrdən çıxış etməsini istəyə bilər. Bu həm də, SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərimizlə bağlı olduğu üçün Azərbaycanın da maraqlarına uyğundur. Bakı və Moskvanın bu məsələdə uzlaşan gündəliyi müzakirə mövzularında biri ola bilər.
Ümumilikdə ölkə rəhbəri İlham Əliyevlə Putinin əsas gündəliyi sülhməramlıların gedişindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyətlə bağlıdır. Ermənistanda anti-Rusiya siyasi xəttin inkişafı Moskvanın bölgədə Azərbaycanı əsas tərəfdaş kimi görməsini şərtləndirib.
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri Azərbaycanın qazandığı iki böyük nəticənin ardınca baş tutdu. Birincisi, Azərbaycan öz ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl regionu tərk etməsinə nail oldu. İkincisi, Azərbaycan Qazaxın Ermənistanın nəzarətində olan yeddi kəndindən dördünün geri qaytarılmasını təmin etdi.
Vahid İsmayılov Tarix üzrə fəlsəfə doktoru