Cənab İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçiləndə Azərbaycanın ərazi bütövlüyünü, süverenliyini bərpa edəcəyinə, bir qarış torpağımızın belə kimsəyə güzəştə gedilməyəcəyinə and içmişdi. Biz, bu andın hər kəlməsinin addım-adım, məharətlə, qətiyyət və yüksək siyasi iradə, zəka nümayiş etdirilərək həyata keçirildiyinin şahidi oluruq. Tarixi günlər yaşayırıq və düşünürəm ki, bu tarixi hadisələrə şahid olmaq hər bir Azərbaycan vətəndaşı üçün böyük xoşbəxtlikdir.
Son bir neçə gün ərzində Azərbaycan iki tarixi nəticə əldə edib, bölgədənkənar qüvvələrin oyunlarını pozub, Ermənistanla birbaşa təmaslar yolu ilə nəticə əldə etməyin mümkünlüyünü bir daha sübuta yetirib. Azərbaycanın uğurları üzərinə şübhə toxumu səpməyə çalışan xəyanətkarların və onları idarə edənlərin ümidlərini puça çıxarıb, xalqın mənafeyinə xidmət edən uğurlu siyasətin növbəti səlnaməsini yazıb.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə altı konseptual istiqamətdə əldə olunan nəticə, ilk növbədə, Prezident İlham Əliyevin prinsipial qələbəsidir. Azərbaycan beynəlxalq hüquqla, o cümlədən Ermənistanın tez-tez istinad etdiyi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən özünəməxsus bir qarış da olsun torpağı güzəştə getmək niyyətində deyildi və rəsmi Bakı bu mövqeyini açıq formada dəfələrlə bəyan etmişdi. Vətən müharibəsi və antiterror tədbirlərində atılan qəti addımlar fonunda ötən dövrün təcrübəsinə əsaslanan Ermənistan və havadarları da yaxşı anlayırdı ki, bu məsələdə Prezident İlham Əliyevin səbrini sınamaq heç də yaxşı nəticə verməyəcək.
Azərbaycanın Konstitusiyasının 9-cu maddəsində rəsmən bəyan edilib ki, Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Lakin biz, eyni zamanda işğalda qalan 8 kəndimizi azad etmək üçün güc tətbiq etməyəcəyimiz barədə öhdəlik də götürməmişik. Bu mənada, Azərbaycanın yaratdığı hərbi-siyasi reallıqların nəticəsi olan 19 aprel tarixli ilkin razılığın əsas əhəmiyyəti ondan ibarətdir ki, hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan Ermənistanın bizim ilkin şərtimizə uyğun olaraq qeyri-anklav kəndlərimizi bir güllə atılmadan, dinc şəkildə təhvil verməsi ilə qan tökülməsinin qarşısı alındı.
Razılaşmanı uğurlu edən digər amil, delimitasiya prosesinin sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan sülh prosesində delimitasiya prosesinin məhz bu şərtlər üzrə aparılmasını doğru hesab edirdi. Görünən odur ki, Ermənistan, nəhayət, üç il yarım sonra Bakının mövqeyinin hüquqi cəhətdən qanuni və ədalətli, praktiki cəhətdən isə səmərəli olmasını dərk etməyə başlayıb. İndi qalır yaxın 25 gün ərzində məsələnin tərəflər arasında müvafiq protokol-təsvirlə sənədləşdirilib, razılaşdırılıb imzalanması və bununla da delimitasiya, hətta demarkasiya prosesində ilk real addım atılmış olacaq.
Azərbaycan və Ermənistanın arasında adıçəkilən razılaşmasının digər diqqət çəkən önəmli məqamı delimitasiya ilə bağlı ilkin müzakirələrin məhz anklav olmayan kəndlərimizdən başlanmasıdır. Delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı komissiyaların iclasında alınan qərar isə nümayiş etdirdi ki, gündəlik məhz Azərbaycanın diktəsi ilə müəyyənləşir.
Ümumiyyətlə, delimitasiya və demarkasiya uzun sürən çox mürəkkəb bir prosesdir və dövlətlər arasında münasibətlərin hətta ən yüksək səviyyədə olması belə bu prosesin on illərlə uzanmasına əngəl törədə bilmir. Məsələn, Azərbaycanın dost Gürcüstanla sərhədinin cəmi 70 faizi müəyyən olunub və təsdiqlənib. Yaxud Rusiya ilə 20 il davam etmiş delimitasiya prosesi 2012-ci ildə başa çatsa da, hələ də demarkasiya tam aparılmayıb. Azərbaycanla uzun illər münaqişədə olmuş, 30 il ərazilərimizi işğalda saxlamış Ermənistanla isə delimitasiya və demarkasiya prosesinin daha çətin keçəcəyi sirr deyil. Lakin dövlət sərhədinin delimitasiyası, habelə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların sayca 8-ci iclasında işğalda olan 4 kəndimizin dinc yolla qaytarılması barədə razılığa gəlinməsi daha bizə nikbin düşünməyə əsas verir.
Qarşıda isə prosesin davamlılığının təmin olunması kimi ciddi bir vəzifə dayanır. 2024-cü il iyulun 1-dək Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başa çatdırılması və tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq sənədin təsdiqinə başlamaq barədə razılığa gəlməsi proseslərin ardıcıllığının təmin olunması üçün hüquqi bazisin formalaşdırılması baxımdan mühümdür. Iki ölkə arasında birgə komissiyanın növbəti görüşlərinin keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılma təcrübəsinin oturuşması – hər hansı üçüncü tərəfin vasitəçilik təşəbbüslərinə daha ehtiyac qalmadığını göstərir. Bu isə Azərbaycanın ilk gündən nümayiş etdirdiyi prinsipial niyyətlə üst-üstə düşür.
Təbii ki, prosesləri qabaqlamaq faydalı deyil, lakin indiki məqamda dəqiqləşən növbəti addım Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərindən erməni ordu hissələrinin çıxarılaraq həmin məntəqələrin təhvil verilməsindən sonra sərhəd xəttinin razılaşdırılmış hissələrində tərəflərin öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi təşəbbüsüdür. Daha sonra isə növbə anklav kəndlərindir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü