image-3backend

Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının daha bir bariz sübutudur

image-reklam_sirab_01

Aprelin 22-də Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə olub. Əvvəlcə iki dövlət başçılarının təkbətək görüşü keçirilib. Görüş zamanı ölkələrimiz arasında iqtisadi-siyasi sahələrdəki əməkdaşlıq əlaqələrinin müzakirəsi ilə yanaşı həm də bu il 50 illik ybileyi qeyd edilən Baykal-Amur Magistralının tikintisi və bu zaman Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətləri yad olunub.
Prezident İlham Əliyevin dünya siyasətində əsas söz sahiblərindən biri olan Rusiyaya səfəri regionun gələcək mənzərəsi, ölkəmizin daxili və xarici siyasəti baxımından çox əhəmiyyətlidir. Azərbaycan və Rusiya regionda sabitləşdirici mövqe sərgiləyiblər və təhlükəsizliyin qorunmasında mühüm addımlar atıblar. Hər iki dövlətin genişlənən əməkdaşlığı xalqların və dövlətlərin marağına uyğundur. Eyni zamanda, bu, həm də bütövlükdə regionda təhlükəsizliyin qorunub saxlanmasına xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərini əhəmiyyətli saymaq olar. Keçmişdə Rusiya ilə münasibətlərdə müəyyən gərginliklər, suallar olub. Lakin ikinci Qarabağ müharibəsindəki qələbəmizdən, separatizmə son qoyduqdan və rus hərbi kontingenti Qarabağı tərk etdikdən sonra münasibətlərdə elə bir problemli mövzu qalmayıb. Tərəfdaşlıq var, ticarət mübadiləsi artır, Şimal-cənub nəqliyyat dəhlizinin işə düşməsində əsas açar dövlətlərdən biri də Azərbaycandır. Azərbaycan da bu nəqliyyat dəhlizinin işə düşməsində maraqlıdır. Sadəcə bunun üçün Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisini sürətləndirməlidirlər.
Görüşdə Prezident İlham Əliyev Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razı olduğunu bildirib. Azərbaycan dövlətinin başçısı vurğulayıb: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada – Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.
Digər tərəfdən Moskvadakı görüşdə Baykal-Amur magistralının tikintisinin 50 illiyi ilə bağlı toplantının keçirilməsi və bu tikintidə keçmişdə mərhum dövlət başçısı Heydər Əliyevin iştirakının xüsusi vurğulanması da əlamətdar hadisə idi. Bunun özü də iki dövlət arasında münasibətlərin hazırda inkişaf dövrünü yaşadığını göstərir. Biz Rusiya ilə münasibətlərdə problemlər istəmirik. İqtisadi-ticarət əlaqələrinin inkişafı da diqqətimizdədir. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə, siyasi münasibətlərdə də hər hansı sualların yaranmayacağını ehtimal etmək olar.
Azərbaycan Prezidenti İlham Əliyev Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərdiyi ehtirama görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib. Azərbaycan dövlətinin başçısı deyib: “Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə ehtiramla yanaşdığına görə Vladimir Vladimiroviç Putinə xüsusi təşəkkür sözləri ifadə edirəm. Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. 2001-ci ildə Vladimir Vladimiroviç Putin Azərbaycana səfər etdi və bu, bizim birlikdə keçdiyimiz uzun bir yolun başlanğıcı oldu”.
Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının daha bir bariz sübutudur. Bu səfər regionun gələcək mənzərəsi, ölkəmizin daxili və xarici siyasəti baxımından çox böyük əhəmiyyətə malikdir. Dünya siyasətində əsas söz sahiblərindən biri olan Rusiya ilə hazırda da münasibətlərimizin inkişafının dönməz, dayanıqlı və davamlı əsaslara söykənməsi bunu bir daha sübut edir.

                                                                                                                  Tufan Məmmədov – iqtisadçı ekspert


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki