Bu gün Rusiya Azərbaycan münasibətləri tam fərqli şəkildə inkişaf edir. Əslində, bu konteks 2020-ci ildən formalaşmağa başlayıb. Artıq Azərbaycan Rusiya ilə münasibətlərini Cənubi Qafqazda dəyişdirdiyi gedişatlar üzərində qurur. Hazırda Rusiyada iki ölkə arasında regiondakı kommunikasiya məsələlərinin geniş müzakirə olunduğu mütləqdir. Qazaxın kəndlərinin də qaytarılması gözlənilən kommunikasiya xətlərinin açılmasına bir addımda yaxınlaşmaq deməkdir.
Aprelin 22-də Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə olub. Səfər çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının (BAM) 50 illik yubiley tədbirində iştirakı Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin yad olunması ilə yanaşı, dövlətlərimizin və xalqlarımızın əməkdaşlığının və dostluğunun da növbəti ifadəsi olmuşdur.
İndiki şəraitdə dövlətimiz xarici siyasətdə ancaq öz maraqlarından irəli gələn tərəfdaşlıqlar qurur. Doğrudur, böyük dövlətlərin maraqlarının toqquşduğu bir regionda buna nail olmaq olduqca çətindir. Son illər qlobal siyasətin əsas gücləri olan dövlətlər Azərbaycanın milli maraqlarını necə qoruduğunun şahidi oldu və bu maraqlar onlar üçün Cənubi Qafqaza giriş açarı rolunu oynayır. Azərbaycan regionun geopolitik məkanıdır. Cənubi Qafqazla bağlı bütün əməkdaşlıqlar dövlətimizin milli maraqları çərcivəsində baş tutur.
Azərbaycanın geosiyasi cəhətdən çətin bir regionda yerləşməsinə baxmayaraq rəsmi Bakının yürütdüyü rasional və balanslaşdırılmış siyasət nəticəsində bütün vektorlarla sahib olduğumuz isti münasibətlər bu illər ərzində ölkəmizin maraqlarının nəzərə alınmasına gətirib çıxarıb. Azərbaycan-Rusiya münasibətləri heç vaxt indiki qədər inkişaf etməyib. 2024-cü il ərzində tərəflər arasında bütün istiqamətlərdə inkişaf göz qabağındadır. Hər iki dövlət rəsmilərinin Moskvaya və Bakıya qarşılıqlı səfərləri, onların arasında bir neçə dəfə ən yüksək səviyyədə görüşlərin keçirilməsi buna misaldır. Çünki ikitərəfli münasibətlərdə aparıcı rolu ölkələrin liderləri tuturlar. Prezident İlham Əliyevə Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilən yüksək qiymət dövlətimizin başçısının yürütdüyü düsünülmüş siyasətin nəticəsidir.
Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf edir. İki ölkə arasında siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Azərbaycan daima xarici siyasət kursunda Rusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlərə böyük əhəmiyyət verib.
Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Dövlətimiz çoxşaxəli əməkdaşlıqları öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlıqların genişləndirilməsinə çalışır. Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası