image-e6b7451e-fefb-4a5d-8789-e35fc83f95a4backend

Azərbaycan-Qırğızıstan münasibətləri yeni müstəvidə

image-reklam_sirab_01

 

 

Azərbaycan Respublikası Mərkəzi Asiyada yerləşən türk dövləti olan Qırğızıstan Respublikası ilə ortaq qədim tarixə və eyni mədəni köklərə malikdir. Bundan başqa Azərbaycan xalqı Qırğızıstan xalqı ilə eyni dini və oxşar dili paylaşır. Hər iki ölkə uzun müddət Rusiya imperiyasının və daha sonra Sovet İttifaqının tərkibində olmuş, eyni zamanda Moskvadan-Sovet höküməti tərəfindən idarə olunmasına baxmayaraq bir-birilə qarışılıqlı iqtisadi və mədəni əlaqələri qurmuş və inkişaf etdirmişdir. Sovet İttifaqının dağılması ilə Azərbaycan və Qırğızıstan da digər ölkələr kimi yenidən müstəqillik əldə etmiş, iqtisadi və mədəni əlaqələr əsasında ikitərəfli siyasi münasibətləri inkişaf etdirmişdir.

Azərbaycan və Qırğızıstan arasında ikitərəfli siyasi münasibətlərin inkişafında dövlət başçılarının qarışılıqlı səfərləri xüsusi rol oynamışdır. Belə ki, 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti, ümümilli lider Heydər Əliyev Qırğızıstan Respublikasına işgüzar səfər etmiş və qırğız həmkarı Əsgər Akayevlə iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün geniş fikir mübadiləsi və müzakirələr aparmışdır. Bunun nəticəsi olaraq 1996-cı ildə hər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında “Əməkdaşlıq haqqında Protokol” imzalanmışdır. 1997-ci ildə isə Qırğızıstan prezidenti Əsgər Akayev Azərbaycan Respublikasına ilk rəsmi səfərə gəlmiş, rəsmi səfər çərçivəsində Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında “Dostluq və Əməkdaşlıq haqqında Müqavilə” və digər sahələrdə əlaqələrin qurulmasını nəzərdə tutan daha 13 sənəd imzalanmışdır. Bu müqavilənin və  sənədlərin imzalanmasıyla iki ölkə arasında qarışılıqlı münasibətlərin inkişafında yeni bir səhifə açılmış oldu. Belə ki, Bakıdakı görüş zamanı ümumilli lider Heydər Əliyev bildirmişdi ki,  “Azərbaycan bundan sonra da bütün sahələrdə Qırğızıstan üçün çox etibarlı tərəfdaş olacaq, qarşılıqlı surətdə faydalı əməkdaşlığı inkişaf etdirməkdən ötrü bütün imkanlardan istifadə edəcəkdir…”

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşən Qırğızıstan prezidenti Əsgər Akayev Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini, yəni onun ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bilidirmişdir. 2004-cü ildə isə hər iki ölkənin müdafiə nazirləri arasında “Hərbi sahədə əməkdaşlıq haqqında Saziş” imzalanmışdı. Bundan başqa iki ölkə arasındakı siyasi münasibətlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasi çərçivəsində də yüksələn xəttlə inkişaf etmişdir. Azərbaycan və Qırğızıstan bütün beynəlxalq qurumlarda daima bir-birinin haqlı mövqeyini dəstəkləmişdir. 2022-ci ilin aprelin 20-də “Azərbaycanla ilə Qırğızıstan arasında Strateji Tərəfdaşlıq haqqında Bəyanamə” və “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum” da daxil olmaqla 10 sənəd imzalandı. Bu bəyannamənin imzalanması ilə iki ölkə arasında qarışılıqlı münasibətlər keyfiyyətcə yeni bir mərhələyə – ən yüksək səviyyəyə yüksəlmiş oldu. Cənab Prezident İlham Əliyev vurğulamışdır ki,  “strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Bundan sonra da bütün məsələlərdə bir-birimizi tam dəstəkləyəciyik, qarışılıqlı əməkdaşlığı davam etdirəciyik”. Bu bəyannamə ilə birlikdə Azərbaycan bütün türk dövlətləri ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalamış oldu. Bu gün  bu bəyannamə həm ikitərəfli münasibətlərin daha da dərinləşməsi, həm regional əməkdaşlığın möhkəmləndirilməsi, həm də türk dünyasının inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb edir.  Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında digər sahələrdə də əlaqələr qurulmasına, inkişaf etdrilməsinə və möhkəmlənməsinə əlverişli şərait yaradacaqdır.

2022-ci ilin oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri iki ölkə arasında ticari-iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi və möhkəmkəndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, səfər çərçivəsində birgə İnkişaf Fondunun yaradılması haqqında verilən qərar bəyyanamənin artiq real fəaliyyətə başladığının göstəricisidir. Birgə İnkişaf Fondu əsasən hər iki ölkədən investisiyaların cəlb olunması üçün fəaliyyət göstərəcək.

Bundan başqa nəqliyyat sahəsində Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni dəmir yol xəttinin çəkilməsi nəzərdə tutulur ki, bu da iki ölkə arasında ticarət dövriyyəsinin artmasına və yüklərin daşınma xərclərinin daha ucuz olmasına səbəb olacaq. Bu dəmir yol xətti Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin bir hissəsi kimi fəaliyyət göstərəcək.

Hər iki ölkənin paytaxtının qardaşlaşmış şəhər statusu alması, ulu öndər Heydər Əliyevin və dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan məktəblərin Qırğızıstanda fəaliyyət göstərməsi, həmçinin dostluq parkının açılması münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini göstərir.

Strateji Tərəfdaşlıq haqqında bəyannaməyə uyğun olaraq hər iki ölkə rəhbəri bundan sonra da beynəlxalq təşkilatlarda bir-birinin haqlı mövqelərini dəstəkləməyə davam edəcəklərini bildirdilər. Bu səfər həmçinin, türkdilli dövlətlər birliyi üzvləri arasında qarışılıqlı əlaqələrin daha da dərinləşməsinə real töhfə verəcək.

 

 

Səriyyə Cəfərova

Suraxanı rayonu S.S.Axundov adına 172 №-li tam orta məktəbin psixoloqu

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki