İyulun 13-də Şuşa şəhərində keçirilən Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda ənənəvi IV Şuşa Qlobal Media Forumu müstəqil milli mətbuatımızın 151 illiyi ərəfəsində keçirilməsi baxımından həm rəmzi, həm də strateji əhəmiyyətə malikdir. Bu mühüm tədbir informasiya və media mühitində gedən qlobal proseslər fonunda Azərbaycanın təşəbbüskar, ağıllı və proqressiv yanaşmasının daha bir təzahürüdür.
Prezident İlham Əliyevin uzaqgörən və praqmatik liderliyi sayəsində Azərbaycan təkcə enerji və nəqliyyat sahəsində deyil, eyni zamanda, informasiya, rəqəmsal texnologiyalar və media təhlükəsizliyi istiqamətində də beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrilib. Məhz dövlətimizin başçısının iradəsi və siyasi qətiyyəti nəticəsində son illər informasiya təhlükəsizliyinin təmin olunması, milli media sisteminin inkişafı və rəqəmsal suverenliyin qorunması istiqamətində mühüm islahatlar həyata keçirilib.
Qlobal çağırışlara cavab olaraq Azərbaycanın informasiya məkanını süni intellekt və rəqəmsal texnologiyaların yeni imkanları ilə təchiz etməsi, bu sahədə strateji baxış ortaya qoyması Prezident İlham Əliyevin ölkəmizin gələcəyinə hesablanmış inkişaf kursunun tərkib hissəsidir.
Ölkə başçısı IV Şuşa Qlobal Media Forumunun açılışında tədbirin keçirilməsinin məqsədindən danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Tədbirin keçirilməsində ideya elə bir mühitin yaradılmasından – dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələrinin qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarət idi. Əminəm ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər”.
Prezident İlham Əliyev Forumunun açılışındakı çıxışında ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə xüsusi yer ayıraraq qeyd edib ki, “Öz coğrafi üstünlüklərimizdən istifadə edərək, səylər göstərdik ki, çoxtərəfli əməkdaşlıq üçün platforma quraq”.
Hazırda Azərbaycanda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində işlər aparılır. Belə ki, istər Mərkəzi Asiya və Gürcüstan, istərsə də Türkiyə və Avropa ilə ölkəmizin əlaqələri yaxşıdır və onların genişləndirilməsi ilə bağlı işlər davam edir.
Ölkə başçısı Azərbaycanın artıq ortasəviyyəli gücə çevrildiyini qeyd edib. “Mənim fikrimcə, terminologiya ilə belə demək olar ki, bu, ölkənin potensialının etiraf edilməsidir, onun öz milli maraqlarını müdafiə etmək bacarığının müəyyən edilməsidir”, – deyə dövlətimizin başçısı bildirib.
Bu gün Azərbaycan artıq 16 ölkəyə qaz boru kəmərləri ilə qaz nəql edir. Bu göstərici üzrə ölkəmiz dünyada birinci yerdədir və gələcəkdə bu imkanlar daha da genişləndiriləcəkdir. “Biz Avropa İttifaqının digər üzvləri ilə də danışıqları aparırıq. Həm təchizatın başladılması, həm də həcmlərin artırılması ilə bağlı danışıqlar gedir, bununla bağlı bizə müraciətlər var. Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir və 10 il bundan əvvəl ilə müqayisə etsək, rolumuz daha vacibdir”, – deyə dövlətimizin başçısı əlavə edib.
Azərbaycan hazırda Avstriya və Almaniyaya qaz ixracına başlayıb. Avropa və qlobal bazarda ökəmizin mövcudluğunu gücləndirmək Azərbaycanın ümumi strategiyasının tərkib hissəsidir. Dövlətimizin başçısının sözlərinə görə, Avropa bazarı premium bazardır, ən yaxşı qiymətlər ordadır və təbii ki, biz orada öz imkanlarımızı genişləndirməkdə maraqlıyıq. Həmçinin hazırda ölkəmizdən Suriyaya da təbii qa nəql edilir və gələcəkdə buradan qonşu ölkələrə də keçid edilə bilər.
Ənənəvi Media Forumda ölkə başçısı Qarabağda aparılan quruculuq işlərinə toxunub. Bildirib ki, bu gün bizim əsas gündəliyimiz təbii ki, dayanıqlı inkişafın təmin edilməsidir, Qarabağın bərpasıdır, yenidən qurulmasıdır, layihələrimizin yekunlaşdırılmasıdır ki, onların nəticəsində yeni nəqliyyat marşrutları yaradılacaq. Dövlətimizin başçısı əlavə edib ki, bizim gündəliyimizdə, həmçinin rəqəmsal transformasiya və süni intellektin inkişafı məsələləri də yer alır.
Bu gün regionda real təhdidlərdən danışan Prezident İlham Əliyev qeyd edib: “Bir sözlə, biz imkanlarımızı genişləndirməliyik, müdafiəmizi gücləndirməliyik, milli maraqlarımızı müdafiə etməliyik və mümkün qədər çox ölkə ilə praktiki əməkdaşlığımızı gücləndirməliyik”.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


























