Azərbaycanın mədəniyyət paytaxtı Şuşa bu günlərdə dünyanın ən aktual media çağırışlarının müzakirə olunduğu bir mərkəzə – qlobal informasiya platformasına çevrilib. IV Qlobal Media Forumu sadəcə peşəkar bir toplantı deyil, həm də Azərbaycanın yeni dövr strategiyasının informasiya müstəvisindəki təzahürüdür.
İllərlə həsrətində olduğumuz, bu gün isə öz əzəmətini bərpa edən Şuşa, artıq yalnız tarixi və mədəniyyəti ilə deyil, həm də diplomatik və intellektual gücü ilə dünya xəritəsindəki yerini möhkəmlədir. Dünyanın müxtəlif nöqtələrindən gələn media rəhbərləri, jurnalistlər və ekspertlər üçün Şuşa – həqiqətin səsinin eşidildiyi və gələcəyin mediasının müzakirə olunduğu bir məkandır.
Müasir dünyada informasiya ən böyük gücə çevrilib. Dezinformasiya, süni intellektin mediaya təsiri və kibertəhlükəsizlik kimi problemlər dövlətlərin milli təhlükəsizliyini sınağa çəkir. Azərbaycan bu Forumla dünyaya mühüm bir mesaj verir: Biz qlobal problemlərin həllində tərəf və təşəbbüskar olmağa qadirik.
Forumun Şuşada keçirilməsi təsadüfi deyil. Bu, həm də bölgədə formalaşan yeni reallıqların – sülh, sabitlik və əməkdaşlıq mesajlarının dünyaya birbaşa çatdırılmasıdır İnformasiya Etibarlılığı: Azərbaycan mediası beynəlxalq əməkdaşlıq çərçivəsində öz mövqeyini gücləndirir və dünya ictimaiyyətinə obyektiv məlumatları çatdırmaq üçün yeni körpülər qurur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu təşəbbüslər, Şuşanı yalnız bir şəhər olmaqdan çıxarıb, qlobal dialoq məkanına çevirir. IV Qlobal Media Forumu Azərbaycanın dünyadakı nüfuzunun, söz azadlığına və informasiya bütövlüyünə verdiyi önəmin növbəti təsdiqidir.
Şuşa artıq tarix yazır və bu dəfə qələmi dünya mediasının ən nüfuzlu nümayəndələri ilə birgə tutur.
Nahid Canbaxışlı
“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin sədri,
Vətəninfo.az İnformasiya Agentliyinin Baş redaktoru


























