image-1backend

Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirən Bəyanat

image-reklam_sirab_01

2020-ci ilin 27 sentyabrında işğalçı Ermənistanın Azərbaycana yenidən təcavüz etməsinə cavab olaraq əks-hücuma keçən Azərbaycan Ordusu sülhə məcbur etmə əməliyyatları keçirdi. Noyabrın 8-dək olan qısa müddətdə müzəffər Azərbaycan Ordusu erməni işğalı altındakı Cəbrayıl, Füzuli, Zəngilan Qubadlı rayonlarını, Şuşanı, azad etdi. Şuşanın azad edilməsindən sonra noyabrın 10-da Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti və Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli bəyanat imzaladılar.
9 bənddən ibarət bəyanat hərbi əməliyyatların dayandırılması ilə nəticələndi. Eyni zamanda bəyanatdakı razılaşmaya görə Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını boşaltdı və rayonlar bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. 10 noyabrda imzalanmış üçtərəfli bəyannamə məhz Ermənistanin kapitulyasiyası idi. Konkret olaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Ermənistan və Azərbaycan arasında dövlət sərhədi tam şəkildə nəzarətimizə keçdi.
Azərbaycan bu bəyannamə ilə həm hərbi, həm də siyasi qələbə çalmaqla yanaşı, Cənubi Qafqazda öz mövqeyini daha da gücləndirdi. 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoydu. Nəhayət, Ermənistan hərbi-siyasi arenada Azərbaycan qarşısında diz çökərək rəsmi Bakının şərtlərini qəbul etməli oldu.
Üçtərəfli bəyannamə təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Regionda nəqliyyat əlaqələri Ermənistanın təxminən 30 il idi davam etdirdiyi işğalçı siyasət nəticəsində məhdudlaşıb. Üçtərəfli bəyannamənin 9-cu maddəsi bu əlaqələrin bərpasını nəzərdə tutur. Həmin maddədə qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Elə həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verir.
Zəngəzur dəhlizi əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxımından son dərəcə mühüm elementdir. Bu, Ermənistan daxil olmaqla, regiondakı bütün ölkələrin maraqlarına xidmət edir. Azərbaycan da öz növbəsində, bu dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı öhdəliklərinə sadiqdir. Bakıda hesab edirlər ki, regionda davamlı sülhün bərqərar olmasında əsas vasitə ölkələrarası əməkdaşlıqdır
Bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradıldı.
Bütün bunlar sübut edir ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.

Aysel Mənsimova – politoloq

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image