Prezident İlham Əliyev münaqişədən sonra bütün gərgin və sıx iş qrafiki fonunda daha qlobal xarici siyasət həyata keçirir, müxtəlif beynəlxalq platformalarda aktiv iştirak edir.
Dövlət başçımız müxtəlif ölkələrdə təşkil olunan tədbirlərdə öz fəallığı ilə seçilir. Məsələn, bu ay Prezident İlham Əliyev Astanaya səfər edib. Burarda sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi mühüm beynəlxalq platformanın Zirvə toplantısının iştirakçısı olub. Dövlətimizin başçısı sammit çərçivəsində Rusiya, Çin, Qazaxıstanın dövlət başçıları ilə ikitərəfli, Türkiyə Prezidenti və Pakistan Baş naziri ilə üçtərəfli görüşlər keçirib. Şübhəsiz, hər bir görüşü ölkələrimiz arasında əməkdaşlığın imkanlarının dəyərləndirilməsinə bir fürsət kimi qiymətləndirmək olar. Bu baxımdan, dövlətimizin başçısının Çin Xalq Respublikasının lideri Si Cinpinlə görüşü xüsusi vurğulanmalıdır.
Şübhəsiz, ŞƏT-in zirvə görüşündə ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları ilə keçirilən görüşlər Azərbaycan Prezidenti ilə təşkilata üzv dövlətlərin rəhbərləri arasında qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli münasibətlərin daha bir göstəricisi olub.
Elə bu ayda Prezident Pakistana da səfər edib ki, bu da iki ölkə arasındakı qardaşlığa əsaslanan sıx əlaqələrin yeni erasının başlanğıcı kimi tarixə düşüb. Strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və bütün sahələrdə inkişafının təmin edilməsi istiqamətində aparılan müzakirələr, imzalanan sənədlər də bunun təsdiqidir. Bu səfər çərçivəsində 15 sənədin mübadiləsi gələcək münasibətlərin aydın mənzərəsini yaradır.
Bütün bu görüşlərdə daim etibarlı sülh uğrunda mübarizədə Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edib. Unutmayaq ki, bu gün Azərbaycan regionun lider dövləti, əsas söz sahibi kimi böyük bir tarixi missiyanı üzərinə götürüb. Ulu Öndərin layiqli varisinin strateji baxışı, qətiyyəti, doğru qərarlarla yaratdığı yeni reallıqlar sayəsində bu missiya da uğurla yerinə yetirməkdədir. Bunu dövlət başçımızın iyulun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün işgüzar səfərdə keçirdiyi görüşlər də bir daha təsdiq edir.
Dövlət başçımız bu səfəri çərçivəsində qarşı tərəflərin müraciətlərinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd, Macarıstanın Baş naziri Viktor Orban, Litva Respublikasının Prezidenti Gitanas Nauseda, Çex Respublikasının Baş naziri Petr Fiala, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə də görüşüb. Bu görüşlərdə sülh prosesi ilə yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə (COP29) əlaqədar hazırlıq prosesi, həmçinin Qlobal Cənub və Qlobal Şimal arasında konsensusun qurulması, həmrəyliyin artırılması istiqamətində səylərin davam etdirilməsi də vurğulanıb. Yeri gəlmişkən, dövlətimizin başçısı Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda keçirilən dəyirmi masada bildirib ki, 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.
Qeyd edək ki, Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verib. Belə ki, Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcək. Avropada interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.
“Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik. İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir. Üç ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına çevrilmişik” deyən övlətimizin başçısı həmçinin qeyd edib ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır: “Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir”. Qeyd edək ki, davamlı və sabit əməkdaşlıq üçün Azərbaycanın lazımi resursları və infrastrukturu var ki, onlar daha da inkişaf etdirilir.
Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru