“TikTok” sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadlər işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Trend-in əldə etdiyi məlumata görə, Sabirabad rayon sakini 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə “TikTok” platformasında canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib. O, müvafiq qərarla inzibati qaydada həbs edilib. Daha əvvəl də tik-tok platformasında qeyri-etik hərəkətləri və çıxışlarına görə həbs edilənlər olub. İndi də bu şəbəkəni izləyəndə təhqir dolu çıxışlara rast gəlmək olur. Halbuki bunu digər sosial şəbəkə platformalarında edə bilmirlər.
Bəs niyə insanlar özlərini tik-tokda idarə edə bilmir və özünü orada rahat buraxır? Burada hansı psixoloji elementlər var?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov açıqlamasında bildirib ki, insan qarşısında real üz, real baxış və ani sosial reaksiya görməyəndə daxildə saxladığı impulsları daha rahat ortaya çıxarır: “ “TikTok” insanları dəyişdirmir. Çox vaxt sadəcə onların içində olanı gücləndirir. Nəzarət, məsuliyyət və sosial nəticə hissi zəifləyəndə insanın xarakterində gizli qalan tərəflər üzə çıxır. Bəzilərində bu yaradıcılıq olur, bəzilərində isə aqressiya, narsisizm, təhqir ehtiyacı və diqqət aclığı şəklində biruzə verir. Ekranın arxasında azadlıq hissi artır, məsuliyyət hissi azalır, diqqət isə mükafata çevrilir. Bu üç amil birləşəndə bir çox insanın daxilində gizlənən, normal şəraitdə nəzarətdə saxladığı tərəflər səhnəyə çıxır. Bu, texnologiyanın yox, insan təbiətinin rəqəmsal güzgüdə böyüdülmüş əksidir.
“TikTok” istifadəçiyə çox sürətli şəkildə mükafat verir. Bir təhqir, qalmaqallı fikir və ya aqressiv çıxış minlərlə baxış toplaya bilər. Beyin isə baxış sayı ilə mənəvi keyfiyyəti ayırd etmir. O, sadəcə mükafatı görür. Nəticədə insan getdikcə daha sərt, daha kobud və daha qalmaqallı davranışlara meyllənir. Çünki sakit və ölçülü danışıq az diqqət gətirir, emosional partlayış isə alqoritm tərəfindən daha çox yayılır. Real şəxsiyyət yavaş-yavaş performansa çevrilir. Adam artıq öz xarakterini yox, auditoriyanın tələb etdiyi obrazı oynayır. Əgər təhqir və qalmaqal ona izləyici qazandırıbsa, zamanla həmin obraz onun rəqəmsal kimliyinə çevrilir. Uzun müddət aqressiv və təhqiredici obraz oynayan insan bir nöqtədən sonra obrazla özünü qarışdırmağa başlayır. O, artıq sadəcə rol ifa etdiyini hiss etmir. Sosial mediadakı mən ilə real həyatda olan mən arasındakı sərhəd bulanıqlaşır. Peşəkar mühitə yönəlmiş platformalarda insanın reputasiya riski daha yüksəkdir. TikTok isə sürət, emosional reaksiya və əyləncə üzərində qurulub. Orada bir çox istifadəçi özünü cəmiyyətin üzvü kimi deyil, səhnədəki ifaçı kimi hiss edir. Səhnədə isə diqqət qazanmaq çox vaxt hörmət qazanmaqdan daha vacib görünür”.
Sosioloq Üzeyir Şəfiyev bildirir ki, sosial şəbəkələrdə nəzarət sistemi zəifdir və ya bəzi insanlar elə düşünürlər ki, istənilən paylaşımı etmək olar və buna görə heç bir hüquqi məsuliyyət daşımayacaqlar: “Gələcəkdə hüquqi maarifləndirmə işləri daha da gücləndirilməlidir. İnsanlar sosial media və sosial şəbəkələrdən istifadə zamanı hansı hallarda hüquqi məsuliyyət yarandığını bilməlidirlər. Əgər onlar bu cür paylaşımların hüquqi məsuliyyət doğurduğunu bilsələr, hesab edirəm ki, belə addımların sayı xeyli azalacaq. Digər tərəfdən, müxtəlif troll, saxta və ya anonim adlarla paylaşımlar edənlər də var. Lakin onlar nəzərə almalıdırlar ki, hüquq-mühafizə orqanlarının imkanları artır və belə hesabların aşkarlanması istiqamətində dünyada kifayət qədər təcrübə formalaşıb. Məsələn, Almaniyada bu istiqamətdə 2017-ci ildən tətbiq olunan təcrübə mövcuddur. Sosial şəbəkə operatorları ilə hüquq-mühafizə orqanları arasında əməkdaşlıq mexanizmi yaradılıb. Troll və saxta hesablar vasitəsilə qanunazidd paylaşımlar edən şəxslərin kimliyi müəyyənləşdirilir və onlar hüquqi məsuliyyətə cəlb olunurlar. Bəzi insanlar hələ də düşünürlər ki, “TikTok”, “Instagram” və ya digər platformalarda anonim qalmaq mümkündür. Amma artıq bunun əksini göstərən kifayət qədər təcrübə mövcuddur. Hesab edirəm ki, bu proses davamlı xarakter daşımalıdır. Kampaniya xarakterli olmamalı, mütəmadi şəkildə aparılmalıdır. Media ilə birgə bu istiqamətdə iş davam etdirilməli, eyni zamanda sosial şəbəkə operatorları da zorakılığı, nifrəti və digər qanunazidd davranışları təşviq edən paylaşımların qarşısının alınmasında daha fəal olmalıdırlar. Paralel olaraq, sosial şəbəkə platformaları üzərindən maarifləndirmə işləri də genişləndirilməlidir. İnsanlar bilməlidirlər ki, hansı paylaşımlar hüquqi məsuliyyət yarada bilər. Hazırda maarifləndirmə işi tam yetərli səviyyədə olmadığı üçün belə hallara rast gəlinir”.Musavat.com


























