Son dövrlərdə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında diqqətçəkən kadr dəyişiklikləri və istefalar dalğası davam edir. Bu prosesin son halqalarından biri olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev tutduğu vəzifədən ayrılıb.
Qəzənfər Abdullayevin istefa verməsi sadəcə təsadüfi bir gediş kimi görünmür. Belə ki, onun vəzifədən getməsindən əvvəl mətbuatda və sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı kəskin tənqidi yazılar dərc olunmuşdu. Mətbuatda onun milyonlarla manat dəyərində mülklərə sahib olması ilə bağlı məlumatlar geniş müzakirələrə yol açmışdı.
Bununla yanaşı, onun rəhbərlik etdiyi və ya tabeliyində olan qurumların ciddi maliyyə problemləri və vergi borcları ilə üzləşdiyi də ortaya çıxdı. Təqdim edilən sənədlərə əsasən, onun strukturlarının dövlət qarşısında külli miqdarda vergi borcları mövcuddur:
– “Duzdağ Estate” MMC: 35 757.75 AZN vergi borcu
– “Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının tabeliyində Duzdağ Müalicə Mərkəzi” MMC: 21 629.57 AZN vergi borcu
– “Ağbulaq Xizək” MMC: 5 673.49 AZN vergi borcu
Vəziyyəti daha da gərginləşdirən məqamlardan biri də Duzdağa müalicə üçün gələn vətəndaşların və xəstələrin ödənişləri ilə bağlı ortaya çıxan iddialardır. Məlumata görə, müalicə üçün mərkəzə müraciət edən şəxslərin rəsmi kassaya deyil, birbaşa Qəzənfər Abdullayevin şəxsi kartına ödəniş etməyə məcbur edilməsi və ya bu üsuldan istifadə olunması ciddi narazılıqlara və suallara yol açmışdı. Bu cür maliyyə opersiyaları və şəffaflıq prinsiplərinin pozulması barədə yayılan iddialar onun mövqeyini xeyli zəiflətdi.
Mediada və ictimaiyyətdə artan təzyiqlər fonunda Qəzənfər Abdullayev səhhətində yaranan problemləri əsas gətirərək öz ərizəsi ilə vəzifəsindən azad olunmasını tələb etdi. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası onun bu ərizəsinə baxılacağını elan etdi və istefa faktı rəsmən təsdiqləndi.
Qəzənfər Abdullayevin istefası Naxçıvanda həmkarlar ittifaqları sistemində yeni kadr islahatlarına, audit yoxlamalarına və genişmiqyaslı müzakirələrə zəmin yaradıb.
Vətəninfo.az
Sosial şöbə


























