Ermənistan parlamentinin “Ermənistan” fraksiyasının deputatı Mesrop Manukyanın adı yenidən hökumət dairələrinin diqqət mərkəzinə düşüb.
“Joqovurd” qəzetinin yazdığına görə, deputatın iştirakı ilə bağlı məhkəmədə araşdırılan cinayət işinin gedişatı hökumət çevrələrində müzakirə olunur.
Vətəninfo.az erməni mediasına istinadən xəbər verir ki, söhbət 29 aprel 2025-ci ildə baş vermiş hadisədən gedir. Həmin gün Mesrop Manukyan və fəal Artur Çaxoyan Yerevanın Nor Nork inzibati rayonunun keçmiş rəhbəri Tiqran Ter-Marqaryanın şəklinə qatıq töküblər. Hadisə ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.
Növbəti gün – aprelin 30-da Nor Norkda keçirilən ictimai müzakirə zamanı Artur Çaxoyana fiziki hücum edilib. Bu hadisə ilə bağlı da ayrıca cinayət işi açılıb.
2025-ci ilin mayında yayılan məlumata əsasən, Mesrop Manukyan və Artur Çaxoyan xuliqanlıqda ittiham olunub, Tiqran Ter-Marqaryan da daxil olmaqla digər şəxslər isə Çaxoyana qarşı zorakılıq epizodu üzrə istintaqa cəlb ediliblər.
Qəzetin məlumatına görə, cinayət işi hazırda məhkəmədə araşdırılır.


























