İran ABŞ-la münasibətlərdə diplomatik həll yolu tapılmayacağı təqdirdə yeni hərbi qarşıdurmaya hazır olduğunu açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd Rusiyanın TASS agentliyinə müsahibəsində bildirib.
Deputatın sözlərinə görə, Vaşinqton Tehranın fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı irəli sürdüyü şərtləri qəbul etməsə, İran hərbi qarşıdurmaya hazırdır.
“Əgər amerikalılar dərc etdiyimiz şərtləri qəbul etməsələr, şübhəsiz ki, qarşıdurmaya və müharibəyə tam hazırıq”, – deyə Zöhrəvənd vurğulayıb.
O bildirib ki, mümkün yeni eskalasiya zamanı Tehran ABŞ-a danışıqlar masasında müzakirə olunan güzəştlərin dəyərindən qat-qat artıq zərər vurmaq niyyətindədir.
İranlı deputat, həmçinin Vaşinqtonun Liviya, Sudan, Suriya, İraq və Əfqanıstana münasibətdə tətbiq etdiyi siyasətdən imtina etməli olduğunu bildirib.
Zöhrəvəndin fikrincə, ABŞ-la əvvəlki danışıqlar formatı İran üçün müsbət nəticə verməyib və proses sonda hərbi qarşıdurma ilə nəticələnib.
Tehran rəsmisinin bu açıqlaması ABŞ-İran münasibətlərində gərginliyin yenidən artdığı bir vaxtda səsləndirilib. Deputatın bəyanatı İranın diplomatik danışıqlarda öz şərtlərində israr etdiyini və mümkün hərbi eskalasiyaya qarşı sərt mövqe nümayiş etdirdiyini göstərir.


























