İran Prezidenti Məsud Pezeşkian ölkəsinin “nə müharibə, nə də sülh” vəziyyətində qalmasının zərərli olduğunu bildirərək bu qeyri-müəyyənliyin mümkün qədər tez aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.
Pezeşkianın sözlərinə görə, mövcud vəziyyət ölkədə qeyri-müəyyənlik yaradır və müxtəlif sahələrdə problemlərin həllini çətinləşdirir. O qeyd edib ki, İranın yerləşdiyi coğrafiya zəngin mineral ehtiyatlara və böyük iqtisadi potensiala malikdir. Buna görə də ölkənin düşdüyü vəziyyətə məntiqli şəkildə aydınlıq gətirilməsi bir sıra problemlərin aradan qaldırılmasına şərait yarada bilər.
İran Prezidenti ABŞ və İsraili ölkənin iqtisadiyyatına təzyiq göstərməkdə, xüsusilə istehsal zəncirini pozmaqla işsizliyi, sosial problemləri və ictimai narazılığı artırmağa çalışmaqda ittiham edib.
Pezeşkian əlavə edib ki, istehlak modelində islahatların aparılması və iqtisadi sistemin mövcud şəraitə uyğunlaşdırılması İran cəmiyyətinin xarici təzyiqlərə qarşı dayanıqlığını gücləndirə bilər.
Onun fikrincə, bu istiqamətdə atılacaq addımlar rəqiblərin ölkədə iqtisadi və sosial problemləri dərinləşdirmək planlarının qarşısını almağa kömək edəcək.


























