image-1673339333385692_1backend

“Bu gün idmanın bütün növlərinin inkişafı üçün dövlət tərəfindən lazım olan addımlar atılmaqdadır” – İqbal Məmmədov

image-reklam_sirab_01

“Bu gün Azərbaycan özünü güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir”.

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, bu gün idmanın bütün növləri inkşafı və idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən bütün adımlar atılmaqdadır:

Bu gün dövlətimizdə sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Ölkəmizin bugünkü vəziyyəti bütün sahələrin inkişafı üçün böyük imkanlar yaradır. Eləcə də idman sahəsinin. İdmançılarımızın 2022-ci ildə qazandıqları qələbələr və ölkəmizdə yüksək səviyyədə təşkil olunan müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi tanıtdı. Ötən il idmançılarımız üçün uğurlu oldu. Keçən il beynəlxalq yarışlarda idmançılarımız 300-ü qızıl olmaqla 800-dən çox medal qazanıblar. İdmançılarımızın əldə etdiyi hər bir qələbə hamımızı qürurlandırır”.

Deputat söyləyib ki, bu gün dünyada idman sahəsində rəqabət artır:

“Hər il yeni idman ölkələri meydana çıxır. Ona görə də hər il bu yüksək nəticələri göstərmək və öz gücünü təsdiqləmək heç də asan məsələ deyil. Dünya və Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etməkdədirlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd etmək yerinə düşər. Bilirsiniz ki, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci oldu. Bu, ölkəmiz üçün tarixi qələbə idi. Keçən il Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görüldülər. İdmançılarımızın qardaş ölkədə əldə etdiyi bu qələbədə hər birimizi qürurlandırdı”.

Deputat Azərbaycanda idmanın inkişafının ardıcıl xarakter daşıdığını vurğulayıb:

“Nəsillər dəyişsə də uğurlarımız sabit qalır. İllər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara ötürülür. Bu gün yetişən idmançı gənclər bizim bu sahədəki şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlarından əminəm. Çünki bu istiqamətdə dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmaqdadır. Düşünürəm ki, əldə etdiyimiz nailiyyətlərlə yetinməməliyik. Bundan sonra da gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. İnanıram ki, bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq.

Xüsusilə son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilibdir. Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var. İdman həm fiziki güclə yanaşı həm də sağlamlıqdır. Görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər. Ən önəmlisi isə idman gənclərimizi pis vərdişlərdən uzaq qalması üçün ən gözəl seçimdir”.

İqbal Məmmədov sonda idmanın hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsi olduğunu da qeyd edib:

“Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir dövlət üçün önəmli olmalıdır. Bu gün gənclərimizin idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bu gün bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Hesab edirəm ki, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilib, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləyə bilsin.

Tək idmançılarımız üçün deyil hər yaş kateqoriyasından olan vətəndaşlarımızın sağlam yaşaması və idmanla məşğul olması üçün ölkəmizdə bütün şərait yaradılmaqdadır. Belə ki, Bakı şəhərinin parklarının bir neçəsində insanlarımızın açıq havada idmanla məşğul olmaq üçün müxtəlif alətlər yerləşdirilib. Düşünürəm ki, bu təcrübə bütün bölgələrə şamil olunmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki