image-photo-2021-11-21-21-16-45-1backend

Çay üstündə qalaya – Kəlbəcərə qayıdırıq

image-reklam_sirab_01

Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər rayonunun ərazisinin çox hissəsi meşəlikdir. Kəlbəcər toponiminin mənşəyi qədim türk dilindən kevli “çayın üstü”,çer isə “qala” mənasını verir, yəni “çay üstündə qala” deməkdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayon ərazisi qızıl, civə, qum,çınqıl,mışar daşı, mineral sular ilə zəngindir. Kəlbəcədə qədim Alban abidələridən “Laçınqaya”, “Lev”, “Uluxan”, “Qalaboynu”, “Comərd” var.
1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 gündan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşmuşdur. Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etmişdir. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin 30 il ərzində həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilmədi. Revanşist Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun Vəng kəndi ərazisində alban məbədi, Çərəkdar kəndində alban kilsəsi , Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq dağıdılıb. Bundan əlavə işğal dövründə Kəlbəcərin Zod aşırımında qızıl yataqları Ermənistan tərəfindən qanunsuz istismar edilmiş,üstəlik xarici şirkətlər bu ərazilərə cəlb olunmuşdur. Kəlbəcərdəki mineral su bulaqları istismarı ölkəyə 7.5 milyard manat həcmində ziyan vurmuşdur.
Uzun illik işğal dövründən sonra 10 Noyabr Üçtərəfli Bəyanatına əsasən 15 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması,ərazinin böyüklüyü idi. Ermənistan Hökümətindən fərqli olaraq Azərbaycan yenə də humanizmlik göstərərək bu xahişi nəzərə almış vaxt 25 noyabra qədər uzadılmışdır. Nəhayət 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır. Bu tarixi qələbə ilə Kəlbəcər əhalisi öz əzəli torpaqlarına qovuşdular.
Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror hərəkətləri nümayiş etdirmiş, ərazini tərk edərkən evlərlə bərabər meşələri də yandırmışdır.
İşğaldan azad olan ərazilərdə hal-hazırda yenidənqurma işləri həyata keçirilir. Tərtər çay üzərində SES tikilir, yollar çəkilir. Kəlbəcərdə yaşayış məntəqələrinin yenidən qurulması 4 mərhələdə həyata keçiriləcək. Belə ki,birinci növbədə bərpa olunacaq ərazilərə 13 yaşayış məntəqəsi daxildir ki, bunlara Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, Zar, Keşdək, Qılınclı, Qamışlı, Hacıkənd, İlyaslar, Lev, Zallar, Başlıbel, Ağcakənd və Zülfüqarlı kəndləri aiddir. İkinci növbədə bərpası nəzərdə tutulan yaşayış məntəqələri üzrə yenidənqurma tədbirləri 3 fazaya bölünür. Birinci fazada 39, ikinci fazada 5 kəndin bərpası nəzərdə tutulur. Üçüncü növbədə isə daha 23 məntəqənin bərpası nəzərdə tutulur.Tezliklə əhali öz yeni evlərinə qayıdacaq, möhtəşəm torpağımıza xarici turistlər istirahətə gələcək.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Ayşən İsmayılova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki