image-11backend

Çin necə dünya turizminin mərkəzinə çevrilir?: Dünyanın kəşf olunmayan cənnəti – FOTOLAR

image-reklam_sirab_01

Dünya turizmində sürətlə inkişaf edən ölkələr var. Sözsüz ki, turizmin əsas qayəsi və turistlərin səfər etdikləri ölkələrdən gözləntiləri çoxdur. Hər hansı bir ölkəyə səfər edən turist ilk növbədə rahat şərait, gəzməli və görməli yerlərin çox olmasının arzu edir. Turizmin bir neçə növü mövcuddur. Sözsüz ki, bu gün Avropa və inkişaf etmiş Asiya ölkələrindən olan turistlər daha çox tarixlə zəngin olan ölkələrə üs tuturlar.  Son illər dünyanın nəhənginə çevrilən Çinə turistlərin səfəri durmadan artır. Bu gün qədim tarixi və zəngin mədəniyyəti, ecazkar təbiəti ilə hər zaman səyahət həvəskarlarını cəlb edən Çin Xalq Respublikası ən çox turist qəbul edən ölkələr siyahısında üçüncü yerdədir. Dünya Turizm Təşkilatının 2019-cu il üzrə statistikasına görə, Çin 71 milyon turist qəbul etməklə yalnız Fransa və ABŞ-dan geridə qalır. Son onilliklərdə həyata keçirilən iqtisadi islahatlar və “açıq qapı” siyasəti də bu ölkəyə gələn əcnəbi qonaqların sayında böyük artıma səbəb olub və qədim İpək Yolundan başlayan turizm və ticarət anlayışı yenidən öz mahiyyətini bərpa edib. Proqnozlara görə, dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına sahib Çin 2025-ci ildə ən çox turist qəbul edən birinci ölkə olacaq. Ölkədə biznes turizminin əsas istiqamət olması, ümumi payda 46 faiz təşkil etməsi də bu amilin göstəricisidir.

image-1

Burada başqa bir amil də əsas rol oynayır. Qədim Çinə səfər edənlər həm də burada sürətlə inkişaf edən müasir texnalogiya ilə təhciz edilən avadanlıqlar almağa başlayırlar. Bir sözlə turizxmlə ticarət öz axarı ilə davam edir. Bu gün bir çox Avropa ölkələri turizm infrastrukturunu inkişaf etdirmək, yeniləmək, fərqli xidmətlər təklif etmək üçün milyardlarla vəsait xərcləyirlər. Çünki turist daha çox yeniliyi sevir. Çin turizminin inkişafı göstərir ki, bu ölkəyə böyük turist axını tarixən ipək ticarəti ilə, müasir dövrdə isə dünya qiymətlərilə müqayisədə istehsalı daha münasib başa gələn məhsullarla bağlıdır. İkinci Dünya müharibəsindən 70-ci illərin sonuna qədər ölkə sərhədlərini əcnəbilərin üzünə bağlayan Çinin kommunist hökuməti sonda başa düşdü ki, xaricdən gələn sərmayənin qarşısını alır, ticarətə, iqtisadiyyatın inkişafına mane olur. 80-ci illərin əvvəllərində, Den Syaopin hakimiyyəti dövründə ölkədə böyük turizm infrastrukturunun qurulmasına başlanıldı, hotellər, istirahət kompleksləri tikildi. 1985-ci ildə ölkəyə 1,4 milyon turist gəlmişdi. Sonrakı illərdə bu rəqəm həndəsi silsilə ilə artdı.

image-2

Bu ölkənin təcrübəsi göstərir ki, turizm sənayesini inkişaf etdirmək üçün sadəcə gözəl təbiət, zəngin tarixi-mədəni irs yetərli deyil. Bütün bunların yanında bir də iqtisadi amil, azad ticarət imkanı, biznes təşviqi olduqda ölkə turizmi daha çox cəlbedici olur, ziyarət həm də ticarətə çevrilir. Bu baxımdan Dubayı, Sinqapuru misal göstərmək olar. Tarixi zənginliyinin olmamasına baxmayaraq, bu yerlər turistlərin ən çox baş çəkdiyi məkanlardır. Hətta Avropada ən qədim tarixi ilə öyünə biləcək Yunanıstan İtaliyadan daha az turist cəlb edir. Səbəb: İtaliyanın təklif etdiyi biznes imkanları bu ölkədə yoxdur. Qayıdaq Çinə. Bu gün Çin Xalq Respublikası da dünyanın iqtisadi güc mərkəzi, əsas turizm mərkəzi olmaq yolunda irəliləyir.  “Şərqin Havay adaları” adlandırılan Haynan adasında da müasir resort hotellər göz oxşayır. Tropik iqlimilə seçilən bu ada bütün Cənubi Şərqi Asiya məkanında məşhurdur və qonşu ölkələrdən ildə yüz minlərlə turist cəlb edir. Rəngarəng təbiəti, dağları, çimərlikləri, yaşıl qolf meydançaları olan adada turizm infrastrukturunu inkişaf etdirmək məqsədilə böyük layihələr həyata keçirilib, 2004-cü ildə ada dəmiryolu xətti ilə Çinə birləşdirilib.

image-5

Çinin tarixi-mədəni irsinin 45 nümunəsi UNESCO-nun siyahısına daxil edilib. Ölkə hökuməti bu zənginliyin qorunması istiqamətində böyük işlər görür. Paytaxt Pekinin qədim şəhər hissəsində, Böyük Çin səddində, “Cənnət məbədi”ndə və s. əsaslı bərpa işləri görülüb. Bu siyahıda yer alan ilk imperator mavzoleyi, Magao mağaraları, Böyük Çin kanalı da turistlərin maraq göstərdiyi məkanlar arasındadır. Çinin qeyri-maddi mədəni irsi də UNESCO-nun müvafiq siyahısında öz yerini tutub.

Çin Xalq Respublikasının turizm baxımından ən cəlbedici şəhəri, təbii ki, paytaxt Pekindir. Hazırda 24 milyon sakini olan şəhər 8 əsrdən çoxdur ki, paytaxt statusunu qoruyub saxlayır. Müasir infrastrukturu, inkişaf etmiş xidmət sektoru, nəqliyyat sistemi ilə dünyanın qabaqcıl paytaxtları siyahısındadır. Şanxay və Honkonq da əhalinin sıxlığı ilə seçilən şəhərlərdir. Birinci nisbətən ənənəvi şəhər statusunu saxlasa da, Honkonq daha çox müasir həyat tərzi, infrastrukturu, Avropa düşüncə tərzinə yaxın mədəniyyəti və biznes mərkəzləri ilə seçilir. Burada dünyanın ən hündür binalarını, hotel və biznes mərkəzlərini görmək olar.

Başqa bir amil isə təbiətin Çinə bəxş etdiyi gözəlliklərdir. Təbiətin möhtəşəm olması səbəbindən Çinə səfər edənlərin sayı durmadan artır.  Çində qədimdən belə bir xalq kəlamı var – “Huanşan da daxil olmaqla 5 məşhur dağı görənlər digər dağları görmək istəməz. Huanşan dağını görən isə heç bir dağı görmək istəməz”. Yəni Huanşan dağı o qədər gözəldir ki, onu görən bir çinlinin ölkədəki digər məşhur dağlara səyahət etməsinə gərək qalmayacaq.

Çinin şərqindəki Anhuy əyalətinin cənubunda yerləşən Huanşan dağ silsiləsi 1200 kvadratkilometr sahəni əhatə edir. Milli təbiət qoruğu olan bu dağ silsiləsində 77 təpənin hündürlüyü 1000 metrdən çoxdur. Bura sanki yüksək təpələrin, dərin vadilərin, bulud dənizinin gözoxşayan harmoniyasıdır.

Huanşan sözü Çin dilindən tərcümədə “Sarı dağ” mənasını verir. Əvvəllər “İşan” adlanan dağ hazırkı adını 747-ci ildə Tan sülaləsinin hakimiyyəti dövründə alıb. Təbii mənzərəsi, sərt qayaları, buludları ötən təpələri, zəngin bitki örtüyü, bulaqları ilə məşhur olan Huanşan dağının Çin mədəniyyətində yeri böyükdür. Bu dağ daim yaradıcı adamların ilham mənbəyi olub. Tarix boyu çinli şairlər, yazıçılar əsərlərində Huanşan dağından, onun gözəlliyindən bəhs edib, rəssamlar, heykəltəraşlar dağı təsvir ediblər. Elə günümüzdə də Huanşan dağları şair və yazıçıların, rəssamların, fotoqrafların tez-tez baş çəkdiyi məkandır. UNESCO Huanşan dağının Çin mədəniyyətindəki rolunu nəzərə alaraq, onu 1990-cı ildə mədəniyyət və təbiət kriteriyası üzrə Dünya İrs Siyahısına daxil edib.

Dağ silsiləsi mezozoy dövrünə, təxminən 100 milyon il əvvələ aiddir. Onun indiki halı isə Kaynozoy erasının sonuncu dövründən, yəni 2,58 milyon il əvvəldən formalaşmağa başlayıb. Huanşan dağları sıx şam ağacları ilə əhatələnib və özünün unikal görünüşü ilə görənləri heyran edir. Silsilənin ən hündür zirvələri Lotos, Parlaq və Səma pikidir. Huanşan dağ silsiləsi Milli Təbiət qoruğu statusuna malikdir və ən yüksək – A5 kateqoriyalı turizm məkanıdır. Huanşan dağlarının turistik baxımından rolunu təsəvvür etmək üçün bircə rəqəmə baxmaq kifayət edər. Pandemiyadan əvvəl – 2019-cu ildə Huanşan dağlarına 74 milyon turist səfər edib. Bu rəqəm dünyada olduqca populyar turizm məkanı olan Havay adalarını illik ziyarət edənlərin sayından təxminən 7 dəfə çoxdur.

Huanşan dağ silsiləsində bir neçə turizm marşrutu var. Turistlər həm kanatla, həm də piyada dağın zirvələrinə qalxa bilərlər. Yolboyu əsrarəngiz mənzərələr, qeyzer və bulaqlar, göllər, kiçik çaylar, bulud dənizi insanı valeh edir. Dağa qalxarkən yorulanlar bəzən yolboyu dayanıb nəfəsini dərir, ya da yaxınlıqdakı kafelərin birində bir stəkan çay və ya qəhvə içir. Günəşin doğuşunu və batmasını seyr etmək istəyən turistlərin gecələməsi üçün otellər də fəaliyyət göstərir. Rütubətli kontinental iqlimə malik Huanşan dağlarında buludlu hava və aramsız yağışlar tez-tez baş verir. Havanın orta aşağı temperaturu yanvarda -5,2 dərəcə Selsi, orta yuxarı temperaturu isə iyulda +20,5 dərəcə Selsidir.

Huanşan dağlarının zəngin bitki örtüyü var. Bu bitkilər arasında nadir, nəsli kəsilməkdə olanlar, hətta yalnız Huanşan dağlarında bitənlər də var. Onlardan biri də qonaq qarşılayan şam ağacıdır. Nadir bitkilərdən olan qonaq qarşılayan şam ağacı Huanşan dağının simvolu hesab olunur. Huanşan dağ silsiləsində yaşı 100-ü ötmüş 10 mindən çox müxtəlif növ şam ağacı var. Ümumilikdə, silsilənin sahəsinin 83 faizini bitki örtüyü, 56 faizini meşə təşkil edir. Dağda həm də faydalı bitkilər, o cümlədən dadı ilə seçilən Maofen çayına və linci adlı dərman bitkisinə rast gəlmək mümkündür.

Bir sözlə Çinə səfər etməklə müasirliklə tandem təşkil edən minillik tarixə malik abidələri görmək mümkündür. Çinin sürətli inkişafı onu deməyə əsas verir ki, bu ölkəyə səfər edənlər yüz il bundan sonrakı dövrə qədəm qoyduqlarını dilə gətirirlər.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image