Məlum olduğu kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- Cop29 bu ilin Noyabr ayında Bakıda keçiriləcək. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı- Cop Konvensiyasının ali qərar qəbul edən orqanıdır. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan Azərbaycan konfransın keçirilməsi ilə bağlı öz namizədliyini irəli sürdü. Digər iki namizəd ölkənin geri çəkilməsindən sonra COP29-un Bakıda keçirilməsi ilə bağlı qərar verildi. Bu ölkəmizin tarixində buvaxta qədər keçirilmiş ən böyük beynəlxalq tədbir olacaq. Ehtimallara görə COP29-un keçiriləcəyi müddət ərzində ölkəmizə 70-80 min civarında xarici qonaq gələcək.
Bəs bu nəhəng tədbir planetimiz və Azərbaycan üçün hansı əsas fürsətləri yaradacaq ?
Fikrimcə iki əsas məsələni qabartmaq olar:
1)Qlobal miqyasda iqlim dəyişikliyinin azaldılması tədbirlərinin maliyyələşdirilməsi
2)Ölkəmizə “yaşıl” enerji sahəsində nəhəng investisiyaların cəlbi
1)İlk öncə qlobal hədəf barədə məsələlərə toxunaq. Aydındır ki, maliyyə ilə bağlı məsələləri həll etmədən iqlim dəyişikliyinin mənfi nəticələrini aradan qaldırmaq mümkün deyil. İqlim dəyişikliyi son illərin əsas müzakirə mövzularından birinə çevrilib. İqlim dəyişikliyi bir çox hallarda zəif inkişaf etmiş ölkələrin iqtisadi-sosial fəaliyyətləri nəticəsində daha ciddi təsirlərlə üzləşir. Bu ölkələrin qarşıdakı illərdə müvafiq istiqamətlərdə təkmilləşdirmələr aparması vacibdir. Bu isə qlobal miqyaslı əməkdaşlıq və inkişaf etmiş ölkələrin ciddi maliyyə yardımı ilə mümkündür. Bundan başqa inkişaf etmiş ölkələrin resurslarının səfərbər edilməsi ilə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının müəyyən inkişaf səviyyəsinə çatdırılması,yüksək texnologiyaların tətbiqi,ətraf mühitin qorunması tədbirlərinin maliyyələşməsi təmin edilməlidir. Hələ 2009-cu ildə çoxsaylı ölkələr arasında əldə olunan razılaşmaya əsasən inkişaf etmiş ölkələrdən inkişafda olan ölkələrə iqlim fəaliyyətinə dəstək üçün illik 100 milyard dollar vəsait ayrılmalıydı. Beynəlxalq təşkilatların hesabatına görə 100 milyard dollarlıq hədəfə ilk dəfə 2022-ci ildə nail olunub. Amma bu rəqəm bir çox inkişaf etməkdə olan ölkəni qane etmir və onlar illik minimum 1.1 triyon dollarlıq maliyyə vəsaitinə ehtiyac olduğunu qeyd edirlər. Bundan başqa Çin və neftlə zəngin bir çox ölkələrin illik maliyyə yardımına daha çox töhvə verməsi ilə bağlı bəzi dövlətlər və təşkilatlar tərəfindən çağırışlar edilir. Maliyyələşmə ilə bağlı bütün bu və digər məsələlər Noyabrda müzakirə olunacaq və böyük ehtimalla biz Bakıda veriləcək tarixi qərarların şahidi olacağıq
2)COP29-la bağlı ölkə olaraq əsas hədəfimiz isə “yaşıl” enerji sahəsində nəhəng investisiyaların Azərbaycana cəlb olunmasıdır. Ölkə olaraq son illərdə “yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmə yolunda böyük addımlar atmışıq. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35%,2050-ci ilə qədər isə 40% azaldılmasını hədəfləyib. Bundan başqa Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30%-a çatdırmaq niyyətindədir( Mənbə: Azərtac ). Bundan başqa Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqları “Yaşıl enerji” zonası elan edib. Bu barədə 2022-2026-cı illəri əhatə edən tədbirlər planı təsdiqlənib.
Ölkəmiz ümumilikdə bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridir. Belə ki,ölkənin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt,dənizdə isə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt qiymətləndirilir.( Mənbə:Azərbaycan Respublikası Energetika Nazirliyi ). Hazırda bu potensialın çox kiçik hissəsindən istifadə olunur. Amma gələcək illər üçün optimist ola bilərik. Belə ki,2020-ci ildən bu tərəfə Masdar,ACWA,Power,BP,Total Energies və digər nüfuzlu şirkətlərlə bərpa olunan enerji layihələri üzrə əməkdaşlığa başlanılıb. 2023-cü ilin 26 Oktyabr tarixində BƏƏ-nin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində MDB-də ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ GES” istifadəyə verilib. Stansiyaya ümumilikdə 262 milyon dollar xarici sərmayə yatırılıb. Bundan başqa Azərbaycan Hökuməti və BƏƏ-nin “Masdar” şirkəti arasında ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. Bu müqavilələr yaxın gələcəkdə iki günəş və bir külək elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur. Qeyd olunan investisiyalar və “yaşıl enerjiyə” keçid ölkəmiz adına sevindirici məqamlardır. Amma bu istiqamətdə işləri daha da genişləndirməliyik. COP29 bu məqamda ölkəmiz adına böyük fürsətlər yaradır. Tarixin bizə bəxş etdiyi bu şansdan maksimum yararlanmalı və “yaşıl enerji” sahəsində fəaliyyət göstərən nəhəng şirkətlərin sərmayəsini ölkəmizə cəlb etməliyik. Burada hökumətlə yanaşı,vətəndaş cəmiyyəti və medianın da üzərinə müəyyən işlər düşür. Əminəm ki,ölkə olaraq bu çətin işin öhdəsindən də layiqincə gələcəyik.
Siyasi Fəal: Elvin Baxşalızadə