“Devin Medya Akademi” adlı qurumun fəaliyyətində daha bir fırıldaqçılıq hadisəsi aşkarlanıb. Qeyd edək ki, bir müddət əvvəl bu şirkətin film çəkilişləri üçün həvəskar aktyorlar axtardığı barədə elan yayılmış, nəticədə yüzlərlə vətəndaş aldadılmışdı.
Redaksiyamıza müraciət edən vətəndaş Əhməd Gülməmmədov da şirkətin fəaliyyətindən zərərçəkənlərdəndir. Onun sözlərinə görə, “Devin Medya Akademi” ondan 250 manat məbləğində ödəniş alıb, lakin bu günə qədər nə təlimlər təşkil olunub, nə də vəsait geri qaytarılıb.
“Şirkət sadəcə vədlərlə vaxtı uzadır. Mənim kimi onlarla insan aldadılıb. Pulumuzu alıblar, amma nə çəkiliş var, nə də təlim,” – deyə Əhməd Gülməmmədov bildirib.
Məlumat üçün qeyd edək ki, bir neçə ay öncə 871 nəfərin bu şirkət tərəfindən aldadıldığı aşkarlanmışdı. Həmin şəxslərin hər birindən qrupa əlavə edilmək adı ilə 20 manat pul toplanmışdı.
Hazırda zərərçəkənlər şirkətin fəaliyyətinin müvafiq orqanlar tərəfindən araşdırılmasını və ödədikləri vəsaitin geri qaytarılmasını tələb edirlər.