Putin, yumşaq desək, çox utanmaz adam (sözdə prezident olduğunu nəzərə alıb daha nəzakətli ifadəni seçdim, Rusiya lideri gərək buna görə mənə “Dostluq” ordeni verə) imiş. O, Düşənbədə keçirilən MDB dövlət başçılarının sammitində üzünü Mərkəzi Asiya ölkə liderlərinə tutub deyib:
“Ötən il Rusiyanın Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanla ümumi ticarət dövriyyəsi 45 milyard dollardan çox olub, bu, yaxşı nəticədir, lakin onların ümumi əhalisinin kiçik bir hissəsini təşkil edən Belarusla müqayisədə xeyli aşağıdır”.
Təsəvvür edin, hər gün Rusiyanın müxtəlif şəhərlərində özbəyi, qazaxı, türkməni, tacıki, qırğızı, azərbaycanlını təhqir elə, təyyarəsini vur, diasporasının aparıcı adamlarını öldür, sonra da onlara Belarusu misal göstər və dolayısıyla ticarət dövriyyələrini artırmalarını tələb et. Bir-birinə zidd olan bu iki fikri ağla gətirmək və açıq şəkildə ifadə etmək üçün üzünün suyunu itirmək lazımdır. Adam anlamır ki, ticarət əlaqələri, iqtisadi əməkdaşlıqlar hədə-qorxu ilə əmələ gəlməz. Ticarət dostluqdan, yaxın münasibətlərdən, qarşılıqlı etimaddan keçir. Bundan əlavə, hansı dövlətlə ticarət münasibətlərini inkişaf etdirmək istəyirsənsə, ona cazibədar təkliflər sunmalısan. Əks halda, şillə-təpiklə qurduğun ticari əlaqələr mütləq fiasko ilə nəticələnər. Putin dua etsin ki, Mərkəzi Asiya ölkələri ilə Rusiya arasında iqtisadi münasibətlər hələ də var və bu dövlətlər qonşuluq xətrinə ondan nəsə alırlar.
Putini Mərkəzi Asiya ilə ticarət əlaqələrinin vəziyyətindən narahat olması təsadüfi deyil. Doğrudan da ərazisi hardasa 5 milyon kv.km-ə bərabər olan, əhalisi 77 milyonu keçən bu coğrafiya ilə ticarət dövriyyəsinin 45 milyard dollarla məhdudlaşması, ərazisi cəmi 207.6 kv.km, əhalisi 10 milyondan belə az olan Belarusla isə 57.6 – 60 milyard dollara çatması yaxşı göstərici deyil. Amma bunun bütün günahını Mərkəzi Asiya ölkələrində axtarmaq da yalnız Putin kimi dar məntiqli adamın ağlına gələ bilər.
Obyektiv yanaşsaq, bu absurd vəziyyətin bir neçə səbəbi var. Səbəblərdən bəzilərini obyektiv, bəzilərini isə subyektiv kateqoriyalarına şamil edə bilərik. Obyektiv səbəblər odur ki, Belarus Rusiyadan əsasən neft, təbii qaz, qara metal məmulatları alır, ona kənd təsərrüfatı məhsulları satır. Belarusun Rusiyadan idxal etdiyi məhsulların hamısı isə Mərkəzi Asiya ölkələrində mövcuddur və bu ölkələr əsasən həmin məhsulların ixracı ilə məşğuldur. Mərkəzi Asiya ölkələri Rusiya ilə ticarət dövriyyəsini artırmaq üçün özündə bol olan həmin məhsullarımı almalıdır?
Subyektiv amillərə gəlincə, sirr deyil ki, həmin ölkələr 200-300 il rus əsarətində qalıb. Üst-üstə götürəndə dünyanın ən böyük coğrafi ərazilərindən olan Türküstan və eyni zamanda biz məhz Rusiyanın imperialist siyasəti nəticəsində iqtisadi inkişafdan məhrum qalıb. İndi isə yalnız təbii sərvətlərimizin satışına əsaslanan iqtisadiyyatımız Rusiya ilə ticari əlaqələrimizi genişləndirməyə imkan vermir. Çünki Rusiya da, biz də xarici bazara eyni məhsulları satırıq. Rusiya özünü də yetərli səviyyədə inkişaf etdirə bilmədiyinə görə, ondan alacağımız sənaye məhsulları da yetərli səviyyədə deyil.
Ən əsası, Rusiyanın aqressiv militarist xarici siyasəti nəticəsində bizim iqtisadi partnyorlarımız ona qarşı ağır sanksiyalar həyata keçirir. Bununla da kifayətlənmir, onunla ticarət əlaqələrini sürdürən ölkələri də sanksiyalarla təhdid edir. Yeri gəlmişkən, Belarus məhz bu səbəbdən – sanksiyalar altına düşdüyündən Rusiya ilə ticarət əlaqələrini genişləndirməyə məhkum olub. Minskin əlində imkan olsaydı, Rusiyaya ucuz qiymətə satdığı məhsulları Avropaya daha uyğun qiymətə ixrac edərdi. Amma onun bu şansı olmadığından və özünə lazım olan xammalı Rusiyadan daha ucuz aldığından ticarət əlaqələrini genişləndirməyə məcburdur.
Mərkəzi Asiya və Azərbaycan kimi ölkələrin isə Rusiya ilə ticarət əlaqələrini genişləndirməsi mümkün deyil. Əks halda öz enerji bazarlarını itirər və iqtisadi çöküşlə üzləşə bilərlər. Görünür, elə bu səbəbdən də Mərkəzi Asiya ölkələrinin ticarət dövriyyəsində Rusiya Çinə uduzur. Bu coğrafiyada Rusiya yalnız Tacikistanın ən böyük ticarət ortağı statusunu saxlayır. Bunun yeganə səbəbi heç də Tacikistanın rus enerjisindən asılığı deyil. Həm də Tacikistanın Əfqanıstandan gələ biləcək Taliban işğalı xofu var. Rəsmi Düşənbə Taliban və radikal islamçı qrupların təhdidindən xoflanıb Rusiyanın ətəklərinə sığınıb. Yəqin ki, yaxın vaxtlarda o da öz qorxularına qalib gəlib Çinə sığınacaq və beləcə Rusiya getdikcə Mərkəzi Asiya ölkələrində yalnızlaşacaq.
Azərbaycana gəlincə, biz zatən hələ 2022=ci ildən etibarən Rusiyanı 4-cü ticarət ortağı siyahısına salmışıq. DGK-nin rəmi məlumatlarına görə, 2022-ci ildə Ukrayna belə, Azərbaycanla ticarət dövriyyəsi sahəsində Rusiyanı bir addım geridə buraxmışdı:
1. 38.6%-i İtaliya,
2. 10.9%-i Türkiyə,
3. 5.8%-i Ukrayna,
4. 5.1%-i Rusiya,
Ukrayna savaşından sonra bu ölkə ilə ticarət əlaqələrimiz zəiflədiyindən Rusiya 3-cü ortağımıza çevrilmişdi. İnşallah, yaxın zamanlarda Çinin və digər xarici ölkələrin də təşəbbüsü ilə Rusiya sözügedən sıralamada daha aşağı pillələrə düşəcək.