image-16536384052227118221_1000x669backend

Əli Hüseynli: Ərazilərimizin işğaldan azad edilməsi ilə dövlət müstəqilliyimizin yeni erası başlanıb

image-reklam_sirab_01

Azərbaycan ictimaiyyəti ötən ildən başlayaraq 28 may tarixini Müstəqillik Günü kimi qeyd edir.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdir. 1991-ci il oktyabrın 18-də isə “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz dövlət müstəqilliyini bərpa edərək Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni bir dövrünə qədəm qoymuşdur. Beləliklə, XX əsr Azərbaycanın dövlət müstəqilliyinin həm elan olunması, həm də bərpa edilməsi ilə əlamətdar olmuşdur.

Bu fikirləri Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ifadə edib.

Sədr müavini bildirib ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2021-ci il oktyabrın 15-də Milli Məclisin qəbul etdiyi “Müstəqillik Günü haqqında” Qanunun preambulasında belə bir ifadə yer alıb: “…dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir”. Bu baxımdan, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunması barədə qərarın qəbulu məntiqi nəticədir. Prezident İlham Əliyev 2021-ci il oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bu düzəlişlərə münasibətini bildirərkən vurğuladı: “Bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu”.

Hələ zamanında dövlət müstəqilliyini xalqımızın ən böyük tarixi nailiyyəti adlandıran ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirmiş və bunu obyektiv yanaşmalarla əsaslandırmışdı. Onun 1999-cu ildə 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciətdə deyilir: “…1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı”.

1920-ci ilin aprelin 28-də süquta uğramış Azərbaycan dövlətinin müstəqilliyi 71 ildən sonra – 1991-ci ildə SSRİ-nin dağılmasından sonra baş verən ümumi proseslər fonunda yenidən, formal şəkildə bərpa edildi. Lakin təbiidir ki, bu proseslər ictimai-siyasi şəraitdən, mental xüsusiyyətlərdən asılı olaraq və proseslərə təsir göstərə bilən tarixi şəxsiyyətlərin mövqeyi baxımından hər bir ölkədə fərqli cəhətləri ilə seçilir. O cümlədən Azərbaycanda da müstəqilliyə aparan yolun konkret tarixi mərhələləri və özünəməxsus xüsusiyyətləri vardır.

Əsl tarixi həqiqət odur ki, Heydər Əliyev 1987-ci ildə SSRİ-nin ali hakimiyyət orqanlarında tutduğu yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra ona qarşı bu ədalətsiz münasibətdən məyus olmuş Azərbaycan xalqının Sovetlər Birliyinə inamı sarsıldı və məhz bu hadisə onun müstəqillik məfkurəsinin formalaşmasına ilk təkan oldu. Çünki Heydər Əliyev Sovet Azərbaycanına rəhbərliyi birinci dönəmində (1969-1982-ci illər) qurucu lider kimi xalqın böyük rəğbətini qazanmışdı. Xalq azadlıq hərəkatı və 1990-cı ilin qanlı yanvar hadisələri də müstəqillik düşüncələrinə yol açan amillərdən olmuşdur.

Mərkəzin və yerli hakimiyyətin təqiblərindən qorunaraq 1990-cı ilin iyulunda gizli yollarla Bakıya gələn və iki gündən sonra özünü Naxçıvanın harayına yetirən Heydər Əliyev həmin il noyabrın 17-də Muxtar Respublikanın Ali Məclisinin sədri seçildi. Ulu Öndər siyasi fəaliyyətini orada davam etdirməyə, faktiki olaraq blokada vəziyyətinə düşmüş Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı. O, hələ müstəqilliyin rəsmi bəyan olunmadığı bir vaxtda üçrəngli bayrağımızı qaldıraraq Naxçıvanda sovet rejiminın sonuna çıxmaqla müstəqilliyimizin bərpasına gedən yolun təməlini qoymuş oldu.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmasına baxmayaraq, müstəqilliyimizin ilkin mərhələsində Ermənistanın təcavüzü və hakimiyyət uğrunda daxili çəkişmələr çox keçmədən Azərbaycanı əldə edilmiş tarixi nailiyyətin yenidən itirilməsi təhlükəsi ilə üz-üzə qoydu. Səriştəsiz və xəyanətkar AXC-Müsavat cütlüyünün antimilli mövqeyinin nəticəsi olaraq Qarabağ torpaqlarının itirilməsi, separatizm meyilləri, iqtisadi və sosial tənəzzül, yüz minlərlə məcburi köçkün və qaçqının həllini tapmayan ağır problemləri ilə müşayiət olunan proseslər sonda vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmış xalqın hakimiyyətə inamını tam sarsıtdı və o, nicat yolunu yalnız Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü.

Zaman də göstərdi ki, əgər o zaman xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev amili olmasaydı, Azərbaycan bir dövlət olaraq, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Ulu Öndərin söylədiyi “Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən çətindir” kimi tarixi həqiqət XX əsr ölkə tarixinin məhz bu reallıqlarına söykənir. Heydər Əliyevin güclü siyasi iradəsi və əzmi sayəsində və dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməzliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasi kurs nəticəsində xalqımız bu dəfə müstəqillik şansından davamlı olaraq bəhrələnə bildi. Prezident İlham Əliyev Ulu Öndərin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı naminə göstərdiyi fəaliyyətə siyasi qiymət verərkən demişdir: “1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər uğurlu inkişaf yolu ilə gedir… Məhz o illərdə bizim inkişafımızla bağlı strateji seçimlər edilmişdir ki, Azərbaycan müasir, demokratik ölkə kimi inkişaf etsin”.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən Heydər Əliyev ideyalarının ən etibarlı və sədaqətli davamçısı olan dövlətimizin başçısı İlham Əliyev islahatçı Lider kimi ölkənin yeni inkişaf konsepsiyasını ortaya qoydu. Müstəqil ölkə olaraq Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutması, söz sahibi olması, daim artan nüfuzu məhz onun yorulmaz fəaliyyətinin nəticəsidir. Müstəqilliyimizin bu tarixi mərhələsində ölkəmiz yeni nəsil dövlət modelini dünyaya təqdim edir. İndi Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq səviyyədə vacib aktor rolunu oynayır, mütərəqqi təşəbbüslərlə çıxış edir. Ölkəmiz 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına sədrlik edir, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ən nüfuzlu mövqe sahibidir. Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi tolerant məkana çevrilmişdir. Bütün sahələr üzrə həyata keçirilən və ilk növbədə insan amilinə söykənən tarixi islahatlar və genişmiqyaslı Dövlət Proqramları müstəqilliyimizin əsaslarını möhkəmləndirən amil kimi ölkəmizin dinamik inkişafını hədəfləyir.

2020-ci ilin sonlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il ərzində Ermənistanın işğal altında saxladığı Qarabağ torpaqları işğaldan azad edildi və xalq-Prezident-ordu birliyinin təcəssümü olan 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız böyük tarixi Qələbə sayəsində dövlət müstəqilliyinin ən vacib elementlərindən biri olan ərazi bütövlüyümüz bərpa olundu. Beləliklə, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini, onun ən ümdə vəsiyyətinə ləyaqətlə əməl edən Prezident İlham Əliyev isə ölkənin ərazi bütövlüyünü təmin etdi.

Bu gün azad Qarabağda dünyanı heyrətə gətirən böyük quruculuq və bərpa işləri aparılır, ölkənin öz imkanları hesabına maliyyə resurslarının yatırılması ilə yanaşı dünyanın böyük şirkətləri, iş adamları fəal şəkildə bu prosesə cəlb olunur. Şübhə yoxdur ki, yeni reallıqlar, ilk növbədə, məhz Azərbaycanın müstəqil dövlət kimi dünya miqyasında daha güclü mövqe əldə etməsi üçün real zəmin yaradır. Ona görə də, Prezident İlham Əliyevin təbirincə desək, əmin ola bilərik ki, bizim inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki