image-1backend

Ermənistan rəsmilərinin sətiraltı mesajları sülhə xidmət etmir

image-reklam_sirab_01

Vətən müharibəsindən və ötənilki antiterror tədbirindən sonra Ermənistan rəsmilərinin həqiqətləri təhrif edən və bir-biri ilə daban-dabana zidd olan bəyanatları getdikcə bu qənaəti möhkəmləndirir ki, Ermənistan rəhbərliyi sözdə sülhdən danışsa da, sətiraltı mesajları ilə ona mane olur. N.Paşinyan hökumətinin əsas simalarından biri, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın guya “Qarabağın Azərbaycana Rusiya tərəfindən verilməsinə” dair uydurma iddiası da elə eyni qəbildəndir. Bu cür ikibaşlı və həqiqətləri təhrif edən açıqlamalar sülhü şərtləndirən etimad mühitinin formalaşmasına deyil, tərəflər arasında inamsızlığın güclənməsinə xidmət edir.

İddia oluna bilər ki, Qriqoryanın açıqlaması Paşinyan hökumətinin müharibədəki məğlubiyyət payının ictimai fikirdə nisbətən yumşaldılmasına hesablanıb və hazırkı dövlətlərarası münasibətlər fonunda yalnız Rusiyaya qarşı yönəlib. Lakin bu fikri irəli sürənlər nədənsə diqqətdən qaçırırlar ki, A.Qriqoryan “Qarabağın Rusiya tərəfindən Azərbaycana verilməsini” iddia etməklə dolayısı ilə həm də ərazinin hüquqi mənsubluğunu şübhə altına almış olur. Əgər Ermənistan Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edirsə, onda onun Ermənistandan alınıb guya Azərbaycana “hədiyyə edilməsi” və ya iddia olunduğu kimi, “verilməsi” Ermənistanda niyə narazılıqla qarşılanmalıdır ki? Heç şübhəsiz ki, cəmiyyətimizin hiddətinə səbəb olan digər məqam Armen Qriqoryanın Azərbaycan Ordusunun savaş meydanındakı parlaq Qələbəsinə və döyüş ruhuna kölgə salmaq, gerçəkliyi təhrif etmək cəhdidir. Bu, Ermənistan Baş naziri Nikol Paşinyanın bir müddət əvvəl “tarixi” və real Ermənistan arasında apardığı müqayisə ritorikasını xatırladır. Həmin açıqlama, ilk baxışdan, təqdir olunacaq bəyanat kimi qəbul edilə bilərdi. Əslində isə, Paşinyan “tarixi Ermənistan” ifadəsinə istinad etməklə, sətiraltı olsa da, ölkəsinin miflərə söykənən uydurma tarixini növbəti dəfə legitimləşdirməyə çalışmışdı. Prezident İlham Əliyev məhz bu səbəbdən həmin bəyanatın üstündən sükutla keçmədi və ictimai şəkildə bildirdi ki, müqayisə “tarixi Ermənistanla” deyil, uydurulmuş, mifik Ermənistanla aparılmalıdır.

Xaricdən gələn çağırışlar arasında tez-tez eşidirik ki, tərəflər bir-birinə inanmalıdır. Amma nədənsə bu çağırışı edənlər görmək istəmirlər ki, Ermənistanın Müstəqillik bəyannaməsində və Konstitusiyasında Azərbaycana qarşı nəzərdə tutulan ərazi iddiaları hələ də hüquqi qüvvəsini saxlayır. Belə bir vəziyyətdə hansı cəmiyyət otuz illik işğalçılıq keçmişi olan Ermənistan kimi bir ölkənin sülh ritorikasına asanlıqla inana və ya özünü inandıra bilər? Azərbaycan Prezidenti Ermənistan rəhbərliyindən israrlı şəkildə tələb edəndə ki, referendum keçirilərək Ermənistan Konstitusiyası dəyişdirilməli və ərazi iddialarından qanunvericilik səviyyəsində imtina olunmalıdır, bəzi xarici dairələr beynəlxalq hüquqa söykənən bu haqlı tələbi təhdid kimi qələmə verməyə çalışırlar. Halbuki, eyni tələblə çıxış edən Ukraynanın mövqeyi həmin dairələr tərəfindən yekdilliklə dəstəklənir. Azərbaycan cəmiyyətinin bəzi xarici dairələrin sülh ritorikasının səmimiliyinə etibar etməməsinin səbəblərindən biri də elə bu cür utancverici ayrı-seçkilik siyasəti ilə bağlıdır. Sülhlə bağlı bəyanatların səmimiliyinə cəmiyyətimizdəki inamsızlığının başqa bir səbəbi də odur ki, İrəvan üzərinə götürdüyü öhdəlikləri ya çox tezliklə unudur, ya da əvvəl verdiyi bəyanatdan bir müddət sonra imtina etməyə başlayır. Məsələn, N.Paşinyan ilk vaxtlar bildirirdi ki, Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbində tam haqlıdır və sülh müqaviləsinin imzalanması üçün bu qaçılmazdır. İndi isə iddia edir ki, guya bu, Ermənistanın daxili işidir. Ermənistan Baş nazirinin son bəyanatı dolayısı ilə həm də o deməkdir ki, Qarabağın yurisdiksiyası sətiraltı şəkildə yenidən şübhə altına alınır. Çünki Paşinyan Qarabağı, həqiqətən, ölkəmizin tərkib hissəsi kimi tanıyırsa, onda Azərbaycana qarşı ərazi iddiasını hansı məntiqlə öz daxili işi hesab edə bilər?

Təəssüf ki, Ermənistanın sülhə mane olan ziddiyyətli bəyanatlarının siyahısı bununla bitmir. Üstəlik, Fransa və digər hamilərinin köməkliyi ilə intensiv şəkildə hücum silahları ilə silahlanır və ya silahlandırılır. Eyni vaxtda beynəlxalq media resursları vasitəsilə dünya ictimaiyyətini inandırmağa çalışırlar ki, guya referendumun keçirilməsi 2026-cı ilə planlaşdırılır. Amma bunu məqbul hesab edən məlum xarici dairələrdən və təşkilatlardan heç biri Ermənistana demir ki, əgər referendumu iki-üç il sonraya planlaşdırırsansa, hücum təyinatlı silahların alışını da elə həmin vaxta saxlamalısan, əks təqdirdə, sülhə zərbə vurursan. Bunu demirlər və deməyəcəklər, çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə bugünkü Azərbaycan təkcə Ermənistanın deyil, həm də onun havadarlarının orta əsrlər təfəkkürünə söykənən mifologiyasını, utancverici ayrı-seçkilik və bölücülük siyasətini iflasa uğradıb.

Ermənistan sanki bilərəkdən hər şeyi edir ki, oradan gələn bəyanatların səmimiliyinə Azərbaycan cəmiyyəti inanmasın. Bəzi Qərb dairələri və onların təsiri altında olan beynəlxalq təşkilatlar isə xeyli müddətdir ki, N.Paşinyanı az qala “demokratiyanın simvolu” kimi dünya ictimaiyyətinə sırımağa çalışırlar. Nə qədər absurd görünsə də, ölkəmizdəki radikal müxalifətin təmsilçiləri bu təbliğatda alətə çevriliblər. Həm xaricdəki məlum dairələr, həm də radikal müxalifət nümayəndələri sanki unudublar ki, Paşinyan Baş nazir seçildikdən az müddət sonra Qarabağa gələrək “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bir bəyanat səsləndirmişdi. Bu gün demokratiya və insan haqları carçısına çevrilən beynəlxalq təşkilatlardan heç biri o zaman səsini ucaldıb ona demədilər ki, beynəlxalq hüquqa zidd bəyanatı səsləndirən, işğalı dəstəkləyən siyasətçi demokratiyaya və insan haqlarına həqarət etmiş olur. Yalnız savaş meydanında məğlub edildikdən və onminlik fərari gerçəkliyi ilə üzləşdikdən sonra Paşinyan etiraf etməyə məcbur oldu ki, Qarabağ Azərbaycandır! Bu cür kəskin siyasi transformasiyanın arxasında səmimiyyət və ya demokratiyaya bağlılıq amilinin dayandığına kim sadəlövhcəsinə inanırsa, yenə də özü bilər. Amma əsl həqiqət ondadır ki, Qarabağın Azərbaycana aid olduğunu etiraf etdikdən az müddət sonra Paşinyan keçmiş qondarma separatçı rejimin üzdəniraq rəhbərliyinə təbrik məktubu göndərdi. Heç şübhəsiz ki, davamlı xarakter alan bu cür addım və bəyanatlar sülhə deyil, yalnız inamsızlığa və onun dərinləşməsinə xidmət edir. Ötən ilin sentyabrında həyata keçirdiyimiz antiterror tədbiri beynəlxalq hüquq normalarına, humanitar hüquqa və BMT Nizamnaməsinə tam uyğun olmaqla yanaşı, həm də ərazi bütövlüyümüzə və süverenliyimizə təhdid yaradan bu cür addımlara adekvat cavab idi.

Buna görə də Ermənistanda iqtidarlı-müxalifətli erməni cəmiyyəti qəbul etməlidir ki, Cənubi Qafqazda, o cümlədən Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquq normalarına və tarixi ədalətə söykənən sülhün və dinc yanaşı yaşayışın alternativi yoxdur. Nəhayət, anlamalıdırlar ki, daxili siyasi ab-havanı bəhanə edərək referendumu ləngitməklə, yaxud Azərbaycanın sülh təşəbbüsünə süni iddialar əsasında “paket təklifi” adı altında cavab verib vaxtı uzatmaqla miflərə söykənən saxta tarixlərini yenidən “dirildə” və legitimləşdirə bilməyəcəklər. Miflərə inanıb revanş hissi ilə yaşamaq isə real Ermənistana yalnız daha dərin uçurum vəd edir. Ermənistandan fərqli olaraq, Azərbaycan bunda maraqlı deyil və həm də bu səbəbdən sülhün fürsət qapısını hələ ki, açıq saxlayır.

Ülvi Quliyev

Milli Məclisin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki