image-gullu-yologlubackend

“Failed state” – uğursuz dövlət…

image-reklam_sirab_01

Ermənistanın və erməni xalqının tarixinə baxanda, doğrudan da “uğursuz” sözü ilk ağla gələnlərdəndir. Bu sözü ermənilər nə qədər “məzlum” sözü ilə əvəz etməyə çalışsalar da, bunun adı uğursuzluqdur. Uğursuz xalq, uğursuz, dövlət, uğursuz baş nazir, uğursuz müharibə cəhdləri…
30 il ərzində torpaqlarımızı işğal altında saxlayan, güclü müdafiə istehkamlarından və dağıntılardan başqa bölgədə bir şey qoymayan, 44 günlük savaşın sonunda biabırcasına məğlub olan Ermənistanın nəyə və kimə güvənərək yenidən müharibə ritorikasını işə salması “daldan atılan daşı” xatırladır…
Qələbəyə aparan sonun başlandığı ilk günlərdə olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenə də Vətənimizə, haqq davamıza, uğurumuza müxtəlif münasibət sərgiləyən dünya ölkələrinin jurnalistlərinə müsahibələr verir, bir il əvvəlki günlərə qayıdır, hadisələri təhlil edir, dostu, düşməni ayıraraq Qarabağın gələcəyinə, bölgədə sülhə, əmin-amanlığa, barışa gedən yolu müəyyənləşdirir. Belə maraqlı müsahibələrdən biri də Ali Baş Komandan İlham Əliyevin 2021-ci il 27 sentyabr tarixində Türkiyənin Anadolu Agentliyinə müsahibəsidir.
Əgər Rusiyanın nüfuzlu dərgisi olan “Nasionalnaya oborona”nın baş redaktoru İqor Korotçenko ilə müsahibəsi həqiqi dostla söhbətdə olduğu kimi öz səmimiliyi ilə seçilirdisə, Türkiyənin Anadolu Agentliyinə müsahibəsi qardaşla söhbəti andırırdı… Söhbətin sonunda biz bunun şahidi olduq…
Maraqlıdır ki, Azərbaycanın mərd xalqının, ordusunun və liderinin parlaq qələbəsindən sonra Ermənistanı müdafiə edən, kənardan “qorxma, biz səninləyik” deyənlər, humanitar yardım adı ilə silahlandırmağa çalışanlar, status məsələsini yenidən gündəmə gətirənlər, mövcud olmayan inzibati ərazi adını qəsdən tez-tez səsləndirən qüvvələr müharibə vaxtı harada idilər? Verilən çoxsaylı vədlər Ermənistanı və erməni xalqını inandırmışdı ki, müharibəyə başlasalar, arxalarında böyük qüvvələr dayanacaq və onlar qələbə çalaraq daha çox torpaq işğal edəcəklər. Atalar yaxşı deyir: “Arxalı köpək qurdu basar”. Lakin söz verib erməniləri qızışdıranlar onların arxasında dayanmadılar və biz onları “iti qovan kimi qovduq”… Yaxın keçmişin bu hadisələri Ermənistana dərs olmadı. Onların yaddaşlarının bu qədər zəif olması, yenə də yalan, əsassız vədlərə uymaları adamda təəccüb doğurur. Müntəzəm xarakter alan təxribatlar, Azərbaycana qarşı yönələn açıqlamalar, qıcıqlandırıcı addımlar, havadarları olan xarici ölkələrin vətəndaşlarının ərazimizə qanunsuz gəlmələri (təbii ki, bu məsələdə Rusiya sülhməramlılarının göz yummaları narazılıq doğurur) onu göstərir ki, Ermənistan yenə də nəyəsə ümid edir…
Bu ümidi onlara verənlərdən biri fəaliyyəti görünməyən Minsk qrupudur. Bu qrup nə üçün yaranmışdır? ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏM-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. Tarixi 1992-ci ildən başlayır. Aradan ötən bu illər ərzində bu qrup fəaliyyətsizliyi ilə daim gündəmdə olmuşdur. Bu gün artıq münaqişə Azərbaycan tərəfindən hərbi yolla həll olunub, status məsələsi ortadan qalxıb, “Dağlıq Qarabağ” adında inzibati ərazi mövcud deyil. Qarabaq zonası, Şərqi Zəngəzur var. Bu halda “yaradılma məqsədi ortadan qalxmış və artıq ehtiyac olmayan Minsk qrupu nəyə lazımdır?” sualı haqlı olaraq qələbəmizə sevinənləri düşündürür. Minsk qrupu ölkələri hər vasitə ilə olmayan yerdən problem çıxartmağa və özlərinin lazımlı olduqlarını ortaya qoymağa çalışırlar. Əlbəttə, əgər problem yoxdursa, həll olunubsa, qrupun yaşaması üçün o problemi yaratmaq lazımdır. Bu prinsipi əldə əsas tutaraq üzvlər münaqişənin yenilənməsinə təhrik edən bəyanatlar verir, yaranmaqda olan stabilliyi həzm edə bilmirlər.
Azərbaycan Respublikasının Prezidenti müsahibələrinin əksəriyyətində olduğu kimi, Anadolu Agentliyinə müsahibəsində də qeyd edir ki, birinci, bu qrup artıq ömrünü başa vurub. İkinci, əgər yaşamaq istəyirsə, bizim ona təkliflərimiz var. Bu təklifləri qəbul edərək onların həyata keçməsinə çalışsalar, daha çox fayda verərlər. Bu təkliflər həqiqətən barışdırıcı mövqe tutmaq istəyən hər hansı bir qrup üçün mayak rolunu oynaya bilər.
Ermənistanın və eləcə də Rusiyada yaşayan ermənilərin əsas strateji hədəflərindən biri də Azərbaycan-Rusiya münasibətlərinin pozulması, Rusiya mediasında Azərbaycan haqqında mənfi imic yaratmaq, ara qarışdırmaqdır. Lakin Prezident İlham Əliyevin də dediyi kimi, “Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksəksəviyyəli münasibətlərdir. Ermənistanın mənfur təbliğat cəhdləri onlara uğur gətirməyəcək”…
Maraqlıdır ki, Ermənistan rəhbərliyi Türkiyə ilə münasibətləri yaxşılardırmaq istəyir. Lakin təbii ki, bunu Azərbaycanın başı üstündən edə bilməz. Bunun üçün ilk növbədə Azərbaycanla münasibətləri yaxşılaşdırmalıdır. Üstəlik Ermənistanın Konstitusuyasında Tükiyəyə ərazi iddiası var. Əvvəlcə Konstitusiyaya dəyişiklik edərək o maddəni oradan çıxartmalıdır. Bir ölkəyə ərazi iddiasındasan və bunu Konstitusiyana belə salmısan, amma yaxşı münasibət qurmaq istəyirsən… Türkiyənin təklif etdiyi 3+3 platformasının əleyhinə çıxan ölkə birbaşa Türkiyə ilə əlaqələri necə yaxşılaşdırmaq istəyir? Bu da maraqlı məqamlardan biridir.
Prezident İlham Əliyev Qarabağda yaşayan, Azərbaycan vətəndaşları olan 25 min erməninin də həm inşaat işlərində, həm də bərpa işlərində iştirakına müsbət yanaşdığını qeyd etmişdir.
Görünür, “müsəlman müsəlmanın dostudur” ifadəsi İrana aid deyil. Ermənistanla qardaş olan İranın ölkəmizə, ərazi bütövlüyümüzə qarşı hörmətsizliyi yayda o həddə çatdırmışdı ki, rəsmi qaydada diplomatik nota verildi, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi… Ölkə başçımız Azərbaycan-İran münasibətlərinə zərər verə biləcək halların mütləq qarşısının alınmalı olduğunu və alınacağını xüsusi vurğulamışdır.
Diqqət çəkən məqamlardan biri də 30 illik işğal dövründə İranın sərhədlərimizdə hərbi təlimlər kəçirməməsidir. O zaman haqlı bir sual ortaya çıxır: nə üçün məhz indi? Bu sual Azərbaycan ictimaiyyətini, dünya azərbaycanlılarını maraqlandıran təbii sualdır. “Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir? Bu suallar legitim suallardır. Biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır”.
Ümumilikdə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini müsbət qiymətləndirən Azərbaycan Prezidenri narazılığımızın da, iradlarımızın da olduğunu bildurdi: “Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan o bölgələrə heç bir xarici vətəndaş, yaxud da ki, avtomobil daxil ola bilməz, bizdən icazə alınmalıdır”.
Azərbaycanda xalq iqtidar birliyi, Ali Baş Komandana inam bundan sonra da bizi təhdid edən xarici qüvvələrə qarşı tutarlı cavab olacaq…

Güllü Yoloğlu
AzTV-nin Beynəlxalq Departamentinin Türkdilli Dövlətlərlə Əlaqələr şöbəsinin rəhbəri, türkoloq

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki