Son illər Azərbaycanda internet üzərindən fəaliyyət göstərən maliyyə piramidalarının sayı sürətlə artır. Əvvəllər əsasən messencer qruplarında və qapalı kanallarda yayılan bu sxemlər artıq açıq şəkildə sosial şəbəkələrdə, küçə reklamlarında, iri monitorlarda, hətta bəzi televiziya ekranlarında belə təbliğ olunur. İnsanlara yüksək gəlir, qısa zamanda zənginləşmə və “asan qazanc” vəd edən platformalar peşəkar marketinq kampaniyaları ilə özlərini etibarlı biznes kimi təqdim edir. Nəticədə minlərlə vətəndaş reklamlara inanaraq pullarını bu sistemlərə yatırır, platformalar yoxa çıxandan sonra isə ortada nə vəsait qalır, nə də məsuliyyət daşıyan reklamçılar.
Son aylarda Azərbaycanda sosial şəbəkələrdə, xüsusilə “TikTok” və “Instagram” platformalarında “Anyunboxing.com” adlı layihənin reklamları geniş yayılmışdı. Platforma istifadəçilərə çox sadə bir vəd verirdi: reklamlara baxmaq, tapşırıqları yerinə yetirmək və ən əsası, dostlarını sistemə dəvət etməklə “qısa yoldan” varlanmaq. Reklam çarxları peşəkar hazırlanmış, müxtəlif influenserlər, reklam agentlikləri və açıq reklam daşıyıcıları vasitəsilə geniş auditoriyaya təqdim olunmuşdu. İnsanlarda belə təsəvvür yaranırdı ki, bu qədər açıq şəkildə reklam olunan platformanın fəaliyyəti mütləq qanunidir.
Hələ iyunun 5-də yayımladığımız araşdırmada “Any Unboxing”in klassik “Ponzi” maliyyə piramidası olduğunu, sistemin real iqtisadi fəaliyyətə deyil, yeni qoşulan insanların vəsaiti hesabına yaşadığını, gec-tez çökəcəyini və böyük sayda zərərçəkənin ortaya çıxacağını yazmışdı.
Təəssüf ki, xəbərdarlığımız öz təsdiqini tapdı. Platforma fəaliyyətini dayandırdı, sayt bağlandı, rəhbərliyi isə toplanmış vəsaitlərlə yoxa çıxdı.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin məlumatına görə, son aylarda “Any Unboxing” platforması ilə bağlı çoxsaylı müraciətlər daxil olub. Araşdırmalar zamanı müəyyən edilib ki, piramidanın təşkilatçıları vətəndaşları onlayn qruplar vasitəsilə sistemə cəlb edib, müxtəlif məbləğlər müqabilində virtual qutular satıblar. İştirakçılara həmin qutuları hər gün açmaqla gəlir əldə edəcəkləri vəd edilsə də, onların hesablarında görünən məbləğlərin heç bir real iqtisadi əsası olmayıb və həmin vəsaitləri nağdlaşdırmaq mümkün olmayıb. Bundan əlavə, yeni üzvlər cəlb edən şəxslərə bonuslar vəd olunub. Nəticədə 300-dən artıq vətəndaş müxtəlif məbləğlərdə maddi ziyana məruz qalıb.
Ancaq bu hadisə yalnız bir maliyyə piramidasının ifşası deyil. Burada cavab gözləyən daha mühüm sual var: bu platformanı geniş şəkildə reklam edənlər hansı məsuliyyəti daşıyırlar?
Təkrarən qeyd edək ki, “Any Unboxing” təkcə sosial şəbəkələrdə paylaşılmırdı. Onun reklamlarına şəhərin müxtəlif küçələrində yerləşən LED monitorlarda, ictimai obyektlərdə, insanların gündəlik istifadə etdiyi məkanlarda, hətta bəzi televiziya kanallarında rast gəlmək mümkün idi. Yəni bu elanlar minlərlə insanın qarşısına çıxarılıb.
Bəs sonradan həmin platformanın dələduzluq olduğu üzə çıxanda reklamdan gəlir əldə edən şirkətlərin, agentliklərin, media qurumlarının və reklam sifarişini qəbul edən tərəflərin hüquqi və mənəvi məsuliyyəti varmı? Reklam haqqında qanunvericilik bu halları necə tənzimləyir? Reklam yerləşdirən şirkətlər reklam etdikləri məhsul və ya xidmətin qanuniliyini yoxlamağa borcludurlarmı? Yoxsa onlar yalnız “biz sadəcə reklam yerləşdirmişik” deməklə məsuliyyətdən yayına bilirlər?
Azərbaycan Dövlət Reklam Agentliyindən bildirilib ki, Agentlik reklamların yerləşdirilməsinə görə təqdim olunmuş ərizələrə baxarkən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərini rəhbər tutur, reklam materiallarının qanunvericiliyə uyğunluğunu qiymətləndirir və müəyyən edilmiş tələblərə cavab verən reklamların açıq məkanda yerləşdirilməsinə icazə verir:
“Qüvvədə olan qanunvericiliyə əsasən, reklam yayıcısı reklam yerləşdirilməsinə icazə verilmiş reklam daşıyıcısında yeni reklam yerləşdirmək istədikdə əvvəlcədən Agentliyə müvafiq sənədləri və reklam eskizini təqdim etməlidir. Təqdim olunan materiallara baxılarkən reklamın məzmununun qanunvericiliyin tələblərinə uyğunluğu, qanunla müəyyən edilmiş qadağa və məhdudiyyətlərə riayət olunması, habelə reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı tələblər qiymətləndirilir.
“Any Unboxing” tətbiqi ilə bağlı reklam eskizləri 15 aprel 2026-cı il tarixində Agentliyə təqdim edilib. Təqdim olunmuş reklam materialları platformanın tanıdılmasına yönəlmiş ümumi xarakterli reklam məzmunu daşımış, reklam mətnində və vizual tərtibatında vətəndaşların pul vəsaiti yatırmasına çağırış, gəlir əldə ediləcəyinə dair vədlər, investisiya təklifləri və ya “Ponzi” sxeminin əlamətlərini əks etdirən hər hansı məlumat müəyyən edilməyib. Reklam materiallarına baxılarkən qanunvericiliyin tələblərinə zidd hallar aşkar edilmədiyindən reklamın açıq məkanda yayımına icazə verilib.
Reklam yayımlandıqdan sonra daxil olmuş məlumat əsasında məsələ əlavə araşdırılıb. Araşdırma zamanı vətəndaşın təqdim etdiyi materiallarda tətbiqə daxil olmağın mümkün olmaması və platforma ilə bağlı şübhə doğuran digər hallar müəyyən edildiyindən aprel ayında Agentlik tərəfindən sözügedən reklamların açıq məkanda yayımının dayandırılması istiqamətində zəruri tədbirlər görülüb. Belə ki, açıq məkanda yerləşdirilmiş bütün reklam daşıyıcılarında sözügedən reklamın yayımının dayandırılması təmin edilib.
Digər tərəfdən, bildiririk ki, sonradan aidiyyəti dövlət orqanları tərəfindən aparılmış araşdırmalar nəticəsində sözügedən platformanın fəaliyyəti ilə bağlı qanun pozuntusu əlamətləri müəyyən edilib. Bununla əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən ictimaiyyətə məlumat verilib. Bu da onu göstərir ki, söhbət reklam materiallarının məzmunundan deyil, sonrakı mərhələdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmiş qanunsuz fəaliyyətlə bağlı hallardan gedirdi”.
Qeyd edilib ki, reklamın Agentlik tərəfindən qiymətləndirildiyi və yayımına icazə verildiyi tarixdə həmin fəaliyyətlə bağlı Agentliyə hər hansı rəsmi məlumat təqdim edilməmişdi:
“Bundan əlavə, cari ilin iyun ayında eyni mövzu ilə bağlı Agentliyə təqdim edilmiş yeni reklam eskizlərinə baxılıb və onların açıq məkanda yayımının məqsədəuyğun olmadığı reklam yayıcılarının diqqətinə çatdırılıb.
Agentlik öz fəaliyyətində hər zaman qanunvericiliyin tələblərini rəhbər tutaraq əlavə araşdırma tələb edən və ya şübhə doğuran hallarda aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq edib və öz səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini təmin edib”.
Qeyd olunan bu kimi kiberdələduzluğun ifşa olunması üzə araşdırma yazıların müəllifi, jurnalist Məhəmməd Türkmən saytımıza açıqlamasında qeyd edib ki, reklam fəaliyyəti ilə məşğul olan hər bir tərəf – kanal, sayt, şəbəkə, bloger və ya fərdi şəxs reklam etdiyi məhsul, şəxs yaxud qurumla bağlı hüquqi və mənəvi məsuliyyət daşımalıdır.
Onun sözlərinə görə, hazırda ölkədə bir çox maliyyə piramidaları məhz tanınmış simaların köməyi ilə böyük kütlələrə çıxış əldə edir:
“Azərbaycanda böyük səs-küyə səbəb olmuş “Any Unboxing” tipli piramidalar bəzi bloggerlər, müğənnilər və media vasitəsilə sürətlə populyarlaşıb. Məsələn, “Any Unboxing”in Azərbaycandakı rəhbəri olan və hazırda həbsdə qalan Arzu Musayeva vaxtilə “Kanal S” televiziyasında efirə çıxaraq öz layihəsini reklam etmişdi. Həmin efir görüntüləri sonradan kəsilərək sosial şəbəkələrdə “Görürsünüz, rəhbərimiz televiziyadadır, biz qanuni işləyirik” rəyi yaratmaq üçün geniş şəkildə paylaşıldı.
Geniş izləyici kütləsinə malik olan bloger Aysel Şükürova bu platformanı aktiv şəkildə reklam edirdi. Məsələ ictimailəşdikdən və ifşa yazıları paylaşıldıqdan bir müddət sonra o, həmin videoları səhifəsindən sildi. Lakin bu ifşaların arxiv görüntüləri və skrinşotları hələ də mövcuddur.
Reklam panelləri “Asan Xidmət” mərkəzlərində, “28 May” metro stansiyasının çıxışında, mərkəzi küçələrdə və iri ticarət mərkəzlərinin (molların) qarşısında yerləşdirilib. Bu reklamların daxilində şirkətin fəaliyyəti, saytı və ya hüquqi detalları barədə heç bir məlumat verilmirdi. Əsas məqsəd insanların yaddaşında sadəcə “Any Unboxing” loqosunu və adını həkk etmək, onlarda bu brendə qarşı yalançı etimad formalaşdırmaq idi”.
Jurnalist bildirir ki, bir çox xəbər saytı da maddi maraqlar qarşılığında bu piramidanın təbliğatçısına çevrilmişdi: “Bəzi saytlar ödəniş qarşılığında layihəni tərifləyən məqalələr dərc etmişdilər. Müəyyən şirkətlər vasitəsilə bir çox media orqanına press-relizlər göndərilsə də, bəzi hallarda bu cəhdlərin qarşısı vaxtında alınıb və reklamlar sildirilib.
Bu gün reklam fəaliyyəti ilə məşğul olan qurumlar və şəxslər təqdim etdikləri şirkətlərin fəaliyyətini tam araşdırmır, heç bir rəsmi məlumata sahib olmadan onları kütləyə təqdim edirlər. Qanunvericilik səviyyəsində bu boşluq aradan qaldırılmalı və ciddi cəza tədbirləri görülməlidir ki, hər kəs reklam yerləşdirməzdən əvvəl onun arxasında duran həqiqətləri araşdırmağa məcbur olsun”.
Beynəlxalq hüquq üzrə ekspert Əlövsət Allahverdiyev açıqlamasında bildirib ki, reklam yayımlayan və ya bu işlə məşğul olan hər bir qurum, ilk növbədə, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunvericiliyinə riayət etməlidir:
“Digər tərəfdən, reklamını aparacağı şirkətin fəaliyyəti, məhsulu və ya xidmətləri ilə öncədən yaxından maraqlanmalıdır. Məsələn, biz gündəlik həyatımızda hər hansı bir həkimin xidmətindən istifadə etmək istədikdə, dərhal sosial şəbəkələrdə onun haqqında yazılan rəyləri oxuyur, fəaliyyətini və nüfuzunu araşdırırıq. Elə isə fəaliyyətindən xəbərdar olmadığımız bir şirkəti və ya şəxsi kor-koranə şəkildə kütləyə reklam etmək özü də böyük bir məsuliyyətsizlikdir. Burada iki əsas məqam ortaya çıxır: Bilməyərəkdən (araşdırmadan) reklam etmək: Ola bilsin ki, reklamı yayımlayan tərəf həmin şirkətin şübhəli fəaliyyətindən tamamilə xəbərsizdir. Lakin bu halda belə “bilməmək” məsuliyyətdən azad etmir. Hər bir tərəf reklam etdiyi subyektin etibarlılığını mütləq araşdırmalıdır. Bilərəkdən fırıldaqçılığa şərik olmaq: Əgər reklamçı şirkətin qanunsuz fəaliyyətindən və ya şübhəli reputasiyasından xəbərdar ola-ola sırf maddi qazanc naminə onun təbliğatı ilə məşğul olursa, bu, birbaşa hüquqi məsuliyyət yaradır.
Hazırda bazarda tikinti layihələri, mənzil satışı və digər sahələrdə fəaliyyət göstərən elə şirkətlər var ki, onların adları tez-tez qalmaqallı hadisələrdə çəkilir və vətəndaşlar onlardan narazıdırlar. Hesab edirəm ki, bu cür platformaları reklam edənlər yalnız öz qazanclarını düşünməməli, eyni zamanda mənəvi məsuliyyətlərini də unutmamalıdırlar. İnsanlar dərk etməlidir ki, bu gün qanunsuz fəaliyyətə şərait yaradarlarsa, sabah zərərçəkənlərin sırasında onların öz yaxınları, ailə üzvləri və ya qohumları da ola bilər”.
Hüquqşünas qeyd edib ki, əgər hər hansı bir şəxsin əməlində dələduzluq cinayətinin tərkibi varsa, bu halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaranır:
“Məcəllənin 178.1-ci maddəsində dələduzluğun, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, yaxud əmlak hüquqlarını əldə etmə əməlinin hüquqi tərifi və ilkin cəzaları konkret olaraq göstərilib:
İlk dəfə törədildikdə tətbiq olunan cəzalar:
1000 manatdan 2000 manatadək miqdarda cərimə;
360 saatdan 480 saatadək ictimai işlər;
2 ilədək müddətə islah işləri;
2 ilədək müddətə azadlığın məhdudlaşdırılması;
2 ilədək müddətə azadlıqdan məhrumetmə.
Əgər eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya təkrarən törədilərsə (hazırda cəmiyyətimizdə belə hallara, xüsusən də təkrarən törədilən dələduzluq əməllərinə tez-tez rast gəlinir), cəzalar daha da ağırlaşır.
Ağırlaşdırıcı hallar tərəfindən törədildikdə tətbiq olunan cəzalar:
4000 manatdan 7000 manatadək miqdarda cərimə;
1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması;
2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə.
Hesab edirəm ki, qanunvericilikdə cəzanın ağırlıq dərəcəsi ilə vurulan ziyanın miqdarı bəzən tam mütənasib olmur. Elə hallar olur ki, vətəndaşlara 500 000 və ya 700 000 manat məbləğində çox böyük həcmdə ziyan vurulur. Belə böyük miqyaslı cinayətlərin qarşılığında təyin olunan 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası vurulan zərərlə müqayisədə olduqca yüngül görünür. Lakin məsələyə yalnız cəzaların ağırlaşdırılması yönündən yanaşmaq düzgün olmaz.
Bu problemin köklü həlli üçün cəmiyyətdə hüquqi və maliyyə savadlılığının artırılması, insanların aldadılma risklərinə qarşı daha diqqətli olması üçün mütəmadi maarifləndirmə fəaliyyətləri həyata keçirilməlidir.
İnsanların düşüncə tərzinin dəyişməsi: Aldatma və asan qazanc yollarına deyil, dürüst fəaliyyətə və insanlara fayda verməyə yönələn bir cəmiyyət düşüncəsi formalaşdırılmalıdır. Sosial-iqtisadi problemlərin həlli: Ölkədəki sosial problemlərin köklü şəkildə həll edilməsi və vətəndaşların rifahının yaxşılaşdırılması insanların bu növ fırıldaqçı şəbəkələrin tələsinə düşmə ehtimalını minimuma endirəcək”.Musavat.com


























