Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.
Görüş əvvəlcə nazirlərin təkbətək formatında baş tutub. Daha sonra danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, regional məsələlər, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və gündəmdə olan digər aktual mövzuların müzakirə edilməsi planlaşdırılıb.
Rusiya mediasının yaydığı məlumata görə, Sergey Lavrov bildirib ki, Moskva və Bakı mövcud çətinliklərə baxmayaraq, iqtisadi, humanitar və regional əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Lavrov qeyd edib ki, tərəflər 22 fevral 2022-ci ildə imzalanmış Müttəfiqlik Əməkdaşlığı haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirmək istiqamətində fəaliyyət göstərirlər.
Ceyhun Bayramov isə bildirib ki, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əlaqələrdə müsbət dinamika qorunur. Nazir tərəflərin 2025-ci il üzrə əməkdaşlıq hədəflərini, perspektivli layihələri və Hökumətlərarası Komissiyanın iclasının nəticələrini müzakirə edəcəklərini vurğulayıb.
Danışıqlarda həmçinin Cənubi Qafqazdakı vəziyyət, regional əməkdaşlıq formatları və “3+3” platformasının gələcək perspektivlərinin nəzərdən keçirilməsi gözlənilir.
Görüşün yekunları ilə bağlı nazirlərin birgə mətbuat konfransı keçirəcəyi planlaşdırılır.
Görüş Moskvanın Spiridonovka küçəsi, 17 ünvanında yerləşən və 1938-ci ildən etibarən Rusiya Xarici İşlər Nazirliyinin Qəbul Evi kimi istifadə olunan tarixi binada keçirilir.


























