Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkənin müdafiə qüvvələri Rusiyanın Engels hərbi aerodromunda yerləşən Tu-95 strateji bombardmançı təyyarəsini məhv edib.
Vətəninfo.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında açıqlama verib. Onun sözlərinə görə, Rusiya bu tip təyyarələrdən Ukraynaya raket zərbələri endirmək üçün istifadə edir.
“Əsgərlərimizə dəqiqliyinə görə təşəkkür edirəm. Xüsusilə, Ukrayna Təhlükəsizlik Xidməti Engelsdə Rusiyanın ölkəmizə raket hücumları həyata keçirmək üçün istifadə etdiyi Tu-95 hərbi təyyarəsini məhv edib”, – deyə Zelenski bildirib.
Ukrayna lideri qeyd edib ki, məhv edilən təyyarə ilə Ukrayna dövlət sərhədi arasındakı məsafə təxminən 800 kilometr olub.
Ukrayna Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, ilkin məlumatlara əsasən, təyyarə ciddi zədələnib və onun quyruq hissəsi tamamilə sıradan çıxıb.
“Rusiya hərbi maşınının əsas elementlərini sistemli şəkildə məhv edirik. Hər məhv edilən strateji bombardmançı Ukrayna şəhərlərinə atılacaq onlarla raketin qarşısının alınması, insanların həyatının xilas edilməsi və düşmən üçün milyonlarla dollarlıq itki deməkdir”, – deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, Ukraynanın bu əməliyyatından sonra Rusiya strateji aviasiyası hətta uzaq hərbi aerodromlarda belə təhlükəsiz olmadığını hiss edir.


























