image-reklam-veteninfo
image-1backend

“Arzum 9999” işi yenidən gündəmdə: Azyaşlı uşğın olması cəzanı yüngülləşdirə bilər?

image-reklam-veteninfo

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzasına görə məhkum edilən və “Arzum 9999” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verilməsi yenidən cəzanın yüngülləşdirilməsi əsaslarını gündəmə gətirib. Xüsusilə, təqsirləndirilən şəxsin himayəsində 14 yaşına çatmamış uşağın olmasının məhkəmə qərarına hansı formada təsir edə biləcəyi ictimai maraq doğurur. Bəs Azərbaycan qanunvericiliyinə görə himayəsində azyaşlı uşağı olan şəxslər üçün cəzanın yüngülləşdirilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində 14 yaşına çatmamış (azyaşlı) uşağın olması cəzanı yüngülləşdirən hallar sırasına daxildir.

“Qanunda “azyaşlı uşaq” dedikdə məhz 14 yaşına çatmamış şəxs nəzərdə tutulur. Bununla belə, bu hal cəzanın avtomatik şəkildə azaldılması və ya daha yüngül cəza növünün mütləq tətbiq ediləcəyi anlamına gəlmir.

Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən təqsirləndirilənin himayəsində azyaşlı uşağın olmasını yüngülləşdirici hal kimi mütləq nəzərə almalıdır. Bu amil cəzanın növünə və müddətinə təsir göstərə bilər.

Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə isə xüsusi güzəştli cəza yalnız müəyyən hallarda tətbiq olunur. Bunlara təqsirin könüllü etiraf edilməsi, cinayətin açılmasına kömək göstərilməsi, vurulmuş ziyanın ödənilməsi və zərərçəkmişlə barışıq kimi hallar daxildir. Bundan əlavə, ağırlaşdırıcı hallar olmamalıdır”.

Hüseynov vurğulayıb ki, himayədə azyaşlı uşağın olması təkbaşına bu güzəşt mexanizminin tətbiqinə əsas vermir.

“Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən onun məhkumun ailəsinin həyat şəraitinə göstərəcəyi təsiri də qiymətləndirməlidir. Bu baxımdan, himayəsində azyaşlı uşağın olması bəzi hallarda azadlıqdan məhrumetmə cəzasının aşağı həddə müəyyən edilməsinə və ya qanunun imkan verdiyi hallarda daha yüngül cəza növünün seçilməsinə təsir göstərə bilər”.

Hüquqşünasın sözlərinə görə, yekun qərar verilərkən yalnız bu amil deyil, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, ağırlaşdırıcı və digər yüngülləşdirici hallar, eləcə də təqsirləndirilənin davranışı birlikdə qiymətləndirilir.

Beləliklə, Azərbaycan qanunvericiliyinə əsasən himayəsində 14 yaşına çatmamış uşağın olması cəzanı yüngülləşdirən hal hesab edilsə də, bu, məhkəmənin cəzanı mütləq azaltması və ya daha yüngül cəza təyin etməsi demək deyil. Bu amil cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınan hüquqi meyarlardan yalnız biridir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki