image-reklam-veteninfo
image-1backend

ABŞ İranın əsas körpülərini VURDU

image-reklam-veteninfo

ABŞ Silahlı Qüvvələri iyulun 17-nə keçən gecə İranın cənubunda yerləşən bir sıra hərbi və logistika obyektlərinə genişmiqyaslı hava zərbələri endirib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata görə, əməliyyat zamanı sahil müşahidə məntəqələri, hava hücumundan müdafiə sistemləri, hərbi logistika infrastrukturu və dəniz qüvvələrinə məxsus obyektlər də daxil olmaqla onlarla hədəf vurulub.

Vətəninfo.az xəbər verir ki,İranın Fars xəbər agentliyi bildirib ki, zərbələr nəticəsində Hörmüzqan əyalətində yerləşən bir neçə körpüyə ciddi ziyan dəyib. Dağıntılar arasında Bəndər Abbas şəhərinə gedən yollar üzərində yerləşən körpülər də var. Həmin şəhərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz bazalarından biri yerləşir.

The Wall Street Journal qəzetinin məlumatına görə, ABŞ-ın yüksək vəzifəli rəsmisi hücumların əsas məqsədinin Bəndər Abbasa gedən təchizat marşrutlarını sıradan çıxarmaq olduğunu bildirib. Nəşr yazır ki, bu əməliyyat İranın Hörmüz boğazı bölgəsindəki logistika imkanlarını məhdudlaşdırmağa yönəlmiş genişmiqyaslı hava kampaniyası və dəniz blokadasının tərkib hissəsidir.

İran mənbələrinin məlumatına əsasən, zərbələr nəticəsində azı 7 nəfər həlak olub, 9 nəfər isə yaralanıb.

İranın Tasnim xəbər agentliyinin Energetika Nazirliyinə istinadən yaydığı məlumata görə, hücumlar nəticəsində Bəndər Abbas və ətraf yaşayış məntəqələrində elektrik xətlərinə ziyan dəyib. Bundan əlavə, şəhərin dəmir yolu qovşağının da zərər gördüyü bildirilir.

CENTCOM əməliyyat zamanı ABŞ qırıcı təyyarələri, pilotsuz uçuş aparatları və hərbi gəmilər tərəfindən yüksək dəqiqlikli sursatlardan istifadə edildiyini açıqlayıb.

Məlumata görə, bu, İran qüvvələrinin Hörmüz boğazında ticarət gəmilərinə qarşı hücumlarından sonra ABŞ tərəfindən həyata keçirilən ardıcıl altıncı zərbədir. Bildirilir ki, iyulun 15-dən etibarən ABŞ bölgədə dəniz nəqliyyatına nəzarəti gücləndirib, İran limanlarına istiqamətlənən bəzi gəmilərin marşrutunu dəyişdirib və göstərişlərə tabe olmayan gəmilərə xəbərdarlıq atəşi açıb.

The Wall Street Journal yazır ki, ABŞ Prezidenti Donald Tramp iyunun 17-də əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, yaxın ətrafı ilə keçirdiyi müzakirələrdə İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi variantlarını nəzərdən keçirir. Qəzetin məlumatına görə, mümkün ssenarilər arasında əlavə hava zərbələri və Hörmüz boğazı yaxınlığındakı adalara hərbi qüvvələrin yerləşdirilməsi də var.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki