image-3backend

Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur  

image-reklam_sirab_01

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bir sıra mühüm məsələlərə toxunub. Dövlətimizin başçısı  müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Azərbaycan Prezidenti, həmçinin vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan bir məsələyə toxunub. “Bir çoxları və zənnimcə, hakim zümrənin rəhbərləri 2020-ci ildə bizim Qələbəmizi özlərinin məğlubiyyəti kimi qəbul etdilər. Hərçənd belə düşünmək üçün heç bir əsas yox idi. Amma nədənsə, siz də dediyiniz kimi, bunu məhz belə şəxsi planda qəbul edirdilər. Mən bunu həm də fransız nümayəndələri ilə öz ünsiyyət təcrübəm əsasında deyirəm. Halbuki mən həmişə onlara izah etməyə çalışırdım ki, bunun sizinlə heç bir əlaqəsi yoxdur. Biz prinsip etibarilə sizə qarşı deyilik və heç bir şey etməmişik. Siz bizim üzərimizə gəldiniz”.

Qeyd edilib ki, 44 günlük müharibə zamanı Fransa Prezidenti 6-7 dəfə ordumuzun düşmən üzərinə uğurlu hücumlarını dayandırmaq üçün Prezident İlham Əliyevə zəng edib. Daha sonra müxtəlif təhdidlər, o cümlədən  “Dağlıq Qarabağ”ı tanımaqla bağlı təhdidlər oldu. Bu zaman isə ölkə başçısının cavabı belə oldu: “2020-ci ilin noyabrından sonra qondarma “Dağlıq Qarabağ”ı tanıyan istənilən ölkə bizdən diplomatik münasibətlərin kəsilməsinə dair nota alacaq”.

Bununla da qondarma “Dağlıq Qarabağ”ın tanınması mövzusu dərhal gündəlikdən çıxdı. Fransa isə senat və parlament üzərindən bu dıqnaqarası qurumu tanıdılar, sonra isə uzun müddət özlərinə bəraət qazandırdılar ki, hakimiyyətin bununla heç bir əlaqəsi yoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Mən düşündüklərimi həmişə özümdə saxlamışam və heç vaxt mənfi münasibətimi ona layiq olanlara göstərmək istəməmişəm. Zənnimcə, burada daha bir amil fransız rəhbərliyinin siyasi cəhətdən səriştəsiz olmasıdır. Mənə cənab Makrona qədər Fransanın üç prezidenti ilə işləmək və ünsiyyətdə olmaq nəsib olub və ölkələrimiz arasında münasibətlər həmişə çox uğurla inkişaf edib. Əgər Avropa İttifaqına üzv ölkələri götürsək, yəqin ki, həmin dövrdə – indiki hakimiyyətə qədər onlar ən fəal münasibətlər olub, həm siyasi, həm qarşılıqlı səfərlər, həm iqtisadi, həm də mədəni sahələrdə. Bizim Fransanın 13 şəhəri ilə qardaşlaşmış münasibətlərimiz olub. Çoxlu sayda mədəni tədbir keçirmişik”.

Cənab Prezident vurğulayıb ki, əgər fransız siyasi səhnəsində konsensus varsa, həmin konsensus yalnız azərbaycanofobiya zəminində olur. Təəssüf ki, təkcə hazırkı hakimiyyət deyil, hakimiyyətə iddialı olanlar da bir-birindən o qədər də fərqlənmirlər.

Hələ Rusiya sülhməramlılarının olduğu dövrdə Qarabağa qanunsuz səfərləri xatırladan dövlətimizin başçısı deyib: “Axı, onlar Fransanın indiki prezidentinin rəqibləri idi, Paris meri də, yeri gəlmişkən, o, seçkilərdə namizədliyini irəli sürmüşdü. Parisin daxil olduğu regionun qubernatoru da seçkilərdə prezident Makronun rəqibi idi və bu yaxınlarda qısa müddətdə Baş nazir vəzifəsini tutmuş cənab Barnye də bu məsələdə fərqlənir”.

Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, islamofobiya və prinsipcə ksenofobiya fransız siyasi sinfinin fərqli cəhətləridir. Dövlətimizin başçısı deyib: “Zənnimcə, bu, hər hansı şəkildə böhrandan çıxmağa kömək edəcək. Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, mənim yaddaşımda onların sayı üç və ya dörddür. Müxtəlif şəxslərdən bizim müxtəlif nümayəndələrə müraciətlər daxil olub və həmişə cavab verilib: “Biz hazırıq”. Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür”.

Prezident bu yaxınlarda yenə danışmaq və müzakirə aparmaqla bağlı növbəti, verbal diplomatik depeşanın daxil olduğunu diqqətə çatdırıb. “Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir. Amma deməliyəm ki, ötən il məyusluqla dolu bir il oldu.

Məhz keçən il Avropa İttifaqının normallaşma prosesində birmənalı olaraq Ermənistanın tərəfini tutduğunu diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb ki, Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması etimadı möhkəmləndirməyib, əksinə, sarsıdıb” – deyə ölkə başçısı bildirib.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image