image-cavansir_feyziyevbackend

“Hər iki məsələdə Türkiyə haqlıdır”

image-reklam_sirab_01

Millət vəkili Cavanşir Feyziyevlə müsahibə

– Rusiya-Ukrayna müharibəsi Avropada ümumi təhlükəsizliyə böyük təhdidlər yaradıb. Hazırda, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsi və bu ölkələrlə bağlı Türkiyənin mövqeyi dünya siyasətinin əsas mövzularındandır. Sizcə, Türkiyənin tələbləri nəzərə alınacaqmı?

– Rusiya-Ukrayna müharibəsi artıq elə həddə çatıb ki, təkcə Avropada deyil, bütövlükdə dünyada qlobal təhlükəsizliyə ciddi təhdidlər yaradır. Müharibə Ukrayna və Rusiya xalqlarına fəlakətlər gətirməklə yanaşı həm də bütün dünyada qarşılıqlı iqtisadi əlaqələrin pozulmasına səbəb olub ki, bu da bütövlükdə dünya iqtisadiyyatında geriləməyə və hətta artıq bəzi ölkələrdə kütləvi aclıq hallarına gətirib çıxaracağı qaçılmazdır.

Belə bir şəraitdə İsveç və Finlandiyanın NATO üzvlüyünə qəbul olunmaq üçün müraciəti də başa düşüləndir. Bununla onlar öz dövlətləri üçün təhlükə riskini azaltmağa çalışırlar. Bu iki ölkənin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin mövqeyi də təbiidir. Bu məsələ yeni deyil və Rusiya-Ukrayna müharibəsinin gedişi ilə heç bir əlaqəsi yoxdur. Əvvəllər də Türkiyə ilə həmin ölkələr arasında qarşılıqlı münasibətlərdə narazılıqlar olub.

Türkiyənin terrorizmə qarşı apardığı mübarizədə onu dəstəkləməyən və ya hər hansı bir şəkildə bu mübarizəyə yardım etməkdən imtina edən dövlətlərin NATO-ya üzvlüyü məsələsinin məhz indi gündəmə gəlməsi qarşılıqlı münasibətlərdə əvvəldən mövcud olan problemin də müzakirəsinə yol açıb. Türkiyə tərəfindən verilən açıqlamalara görə İsveç və Finlandiya  Suriyanın Şimal sərhədlərində Bəşər Əsəd rejimi ilə əlbir olub Türkiyəyə qarşı fəaliyyət göstərən PKK/YPG qüvvələrini bu və ya digər şəkildə dəstəkləyən ölkələrdir. Həmin dövlətlər əvvəllər də Türkiyə ilə bağlı müzakirəyə çıxarılan bir çox məsələlərdə adətən Türkiyənin əleyhinə çıxış ediblər. Ona görə də belə bir məqamda həmin ölkələrin NATO-ya üzvlüyü məsələsində Türkiyənin də öz növbəsində “veto” hüququndan istifadə etməsi məntiqli və qanunauyğun siyasi gedişdir.

Lakin Türkiyənin “veto”su həll olunmayacaq problem deyil. Bunun üçün həmin dövlətlər terrorizmə qarşı mübarizə ilə bağlı beynəlxalq səviyyədə qəbul olunmuş müvafiq qərar və konvensiyalara uyğun olaraq beynəlxalq qanunlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidirlər. Türkiyənin tələbi də məhz bundan ibarətdir və tamamilə haqlı tələbdir. İsveç və Finlandiya da bunu yaxşı anlayır və ona görə də Türkiyə ilə danışıqlara hazır olduqlarını bəyan edirlər.

– Bu arada Türkiyə özünün Suriya sərhədləri boyunca yeni təhlükəsizlik əməliyyatlarına başlayıb. Dünya düzənində tarazlığın pozulduğu indiki vaxtda Türkiyənin başladığı hərəkatla bağlı fikirləriniz necədir?

– 2011-ci ildə Suriyada Qərb və bəzi qonşu dövlətlər tərəfindən başladılmış rəngli inqilab cəhdi uğursuzluqla nəticələndi. Vəziyyət gözlənilməz məcraya yönəldi və nəzarətdən çıxdı. Belə bir şəraitdə orada baş verən hadisələrdən ən çox zərər çəkən dövlət məhz Türkiyə oldu. İndiyədək 5 milyondan çox Suriya qaçqınları Türkiyə ərazisində və Türkiyə dövlətinin hesabına yaşayır. Avropa Birliyi qaçqınların tələbatlarının qarşılanmasında Türkiyəni dəstəkləyəcəyinə söz versə də bu dəstək çox cüzi oldu və növbəti dəfə Avropa Birliyi Türkiyə qarşısında öz öhdəliyini lazımi şəkildə yerinə yetirmədi.

Bütün bunlar azmış kimi üstəlik Suriya ərazisini tərk edən ABŞ ordusunun silah-sursatları da müəmmalı şəkildə PKK/YPG terrorçularının əlinə keçdi və həmin terrorçu qüvvələr Türkiyə sərhədləri boyunca Suriya ərazisində möhkəmləndilər. Türkiyə haqlı olaraq bunu öz təhlükəsizliyinə qarşı ciddi təhdid hesab etdi. “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarını keçirməklə Türkiyə Suriya sərhədlərində möhkəmlənmiş terrorçuları sərhəd zolağından uzaqlaşdırdı. Amma bununla da Türkiyə üçün təhlükə tam sovuşmadı. Bəşər Əsəd rejimi və eləcə də xarici qüvvələr tərəfindən dəstəklənən PKK/YPG qüvvələri Münbiç ərazisində möhkəmlənməklə yeni terror mərkəzi formalaşdırmağa başladılar ki, bu da Türkiyənin təhlükəsizliyi üçün potensial təhlükə mənbəyi kimi görülür.

Belə bir şəraitdə Türkiyənin növbəti hərbi əməliyyat keçirməklə Münbiç ərazisini terrorçulardan təmizləməkdən başqa çıxış yolu qalmır. Digər tərəfdən, Suriyanın şimalından terrorçuların sıxışdırılıb çıxarılması hazırda Türkiyə ərazisində müvəqqəti məskunlaşmış qaçqınların öz ölkəsinə qayıtması üçün də vacibdir. Əslində bütövlükdə dünya birliyinin, beynəlxalq təşkilatların və özünü dünyanın ən böyük güc mərkəzi hesab edən dövlətlərin görməli olduğu işi Türkiyə özü görür və buna görə də Türkiyəyə minnətdar olmalıdırlar. Hesab edirəm ki, həm İsveç və Finlandiyanın NATO-ya üzvlüyü, həm də Suriyanın şimalında başladığı anti-terror əməliyyatları ilə bağlı Türkiyənin mövqeyi tamamilə haqlıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki