image-reklam-veteninfo
image-1backend

Humanitar yardım növbəsi ölüm tələsinə çevrildi – 26 ölü, onlarla yaralı

image-reklam-veteninfo

Ukraynanın Zaporojye vilayətində Rusiya qüvvələrinin hava hücumu nəticəsində 26 nəfər həlak olub. Hücum zamanı humanitar yardımın paylandığı məntəqə və mülki şəxslərin sığındığı obyektlər hədəfə alınıb. Xarkovda isə xəstəxanaya endirilən zərbə nəticəsində azı 62 nəfər yaralanıb.

Vətəninfo.az xəbər verir ki, hadisə noyabrın 2-də Zaporojye vilayətinin Kamışevaxa kəndində baş verib.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumla bağlı açıqlamasında bildirib ki, ilk zərbələr səhər saatlarında humanitar yardımın paylanması üçün istifadə olunan məktəb binasına endirilib. Daha sonra insanların sığındığı obyekt də hücuma məruz qalıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, ölənlər arasında iki xilasedici və dörd polis əməkdaşı da var. Humanitar yardım məntəqəsinə hücumun ətraf yaşayış məntəqələrindən insanların çörək almaq üçün gəldiyi saatlarda – səhər 10:00-11:00 radələrində baş verdiyi bildirilir. Həlak olanlar arasında İnzibati Xidmətlər Mərkəzinin əməkdaşı və humanitar qərargahın rəhbəri də var.

Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri Mixail Semikin bildirib ki, hücum nəticəsində yaralananlardan beş nəfər, o cümlədən iki xilasedici xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, daha 20 nəfərin taleyi barədə məlumat yoxdur.

Semikin Rusiya qüvvələrinin kəndin mərkəzinə ən azı doqquz ədəd “FAB-3000” tipli idarəolunan aviasiya bombası atdığını iddia edib. Hazırda dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir. Noyabrın 3-ü Zaporojye vilayətində matəm günü elan olunub.

Zelenski hücumun əsas qurbanlarının humanitar yardım almağa gələn mülki şəxslər və ilk zərbədən sonra yaralılara kömək etmək üçün hadisə yerinə gələn insanlar olduğunu bildirib.

“Ruslar bunun mahiyyət etibarilə humanitar obyekt olduğunu bilirdilər. Dünyanın buna reaksiya verməsi vacibdir”, – deyə Ukrayna prezidenti vurğulayıb.

Xarkovda xəstəxana zərbə altına düşdü

Ukraynada ötən gecə hücumların digər istiqaməti Xarkov şəhəri olub. Şəhərin meri İqor Terexovun məlumatına görə, Rusiya raketlərindən biri xəstəxana binasına düşüb. Nəticədə azı 62 nəfər yaralanıb.

Zərbə tibb müəssisəsinin binasına və ətrafdakı çoxmərtəbəli yaşayış evlərinə ciddi ziyan vurub. Terexov bildirib ki, xəsarət alanlara tibbi yardım göstərilir, xəstəxanada müalicə alan 226 xəstə isə digər tibb müəssisələrinə təxliyə olunur.

Zelenskidən yeni kütləvi hücum xəbərdarlığı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı növbəti genişmiqyaslı hücuma hazırlaşdığını açıqlayıb.

O, “Telegram” kanalında yaydığı müraciətində kəşfiyyat məlumatlarına əsasən, Rusiyanın əsas hədəflərinin enerji infrastrukturu və logistika obyektləri olacağını bildirib.

Zelenski qeyd edib ki, Moskva noyabrın 3-də ABŞ-də keçirilən seçkilər səbəbindən beynəlxalq diqqətin Ukraynadan yayına biləcəyini nəzərə alır. Onun fikrincə, bu vəziyyət Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə bağlı çətinliklərinin dünya ictimaiyyətinin diqqətindən kənarda qalması riskini yaradır.

Ukrayna prezidenti, həmçinin Rusiyanın neft infrastrukturuna qarşı zərbələrin davam etdiriləcəyini bəyan edib və bu addımları Rusiyanın hücumlarına cavab kimi qiymətləndirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki