image-photo-2021-11-11-18-41-35backend

Konstitusiyanın qurulmasında Heydər Əliyevin rolu

image-reklam_sirab_01

 

12 Noyabr! Bu gün müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının təsis olunmasından 26 il ötür. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu öndər Heydər Əliyevin uzaqgörənlik və cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar ölkəmizin inkişafındakı əngəlləri aradan qaldırmaqla yanaşı, qanuni, hüquqi, dünyəvi dövlət quruculuğuna təkan verən yeni milli Konstitusiyanın hazırlanması və qəbuluna şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu haqda danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

1995-ci il  noyabr ayının 12-də ümummilli liderin rəhbərliyi ilə ilk dəfə müstəqil Azərbycan Respublikasının Konustitusiyası hazırlanaraq ümumxalq səsverməsi – referendum yolu ilə təsdiqləndi. Referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri kimi xüsusi olaraq diqqəti cəlb etməkdədir. Konstitusiyamız hazırlanarkən daim dövlətçilik, demokratizm, beynəlmiləlçilik kimi prinsiplərə xüsusi əhəmiyyət vermişdir. Bu məqamda Ulu öndərin bu fikirləri diqqəti cəlb edir: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.

Azərbaycan Konustitusiyası demokratik inkişaf, hüquqi dövlətçilik və insan hüquq və haqlarını özündə birləşdirən və mütərəqqi dünya təcrübəsinin əsas nailiyyətlərini özündə əks etdirən fundamental bir sənəd kimi hüquq tarixində öz yerini layiqli şəkildə tutmaqdadır. Həmçinin, bu da qeyd edilməlidir ki, Konustitusiyamız şanlı tariximizin 1918-1920ci illərini əhatə edən Azərbaycan Xalq Cümhuriyyəti zamanı qəbul olunmuş İstiqlal Bəyannaməsini özündə yaşadan və inkişaf etdirən bir sənəddir. Bu da Ulu öndərin Azərbaycanın şanlı tarixinə verdiyi dəyəri göstərir.

H.Əliyevin Konstitusiyamızın təsis edilməsində demokratiya, dövlətçilik, insan hüquq və azadlaıqlarını başlıca prinsip olaraq əsas götürdüyünü əyani olaraq görürük. Belə ki, Azərbaycan həmin ildən insan hüquq və azadlıqlarının demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulmuş və 1998-ci il 10 fevral tarixində Konstitusiyamızda da qeyd olunduğu kimi, Azərbaycanda ölüm hökmü ləğv edilmişdir. Bununla, Azərbaycan nəinki MDB, həmçinin Şərqdə ölüm hökmünü ləğv etmiş ilk ölkə olaraq tarixə düşmüşdür. Bu da Ulu Öndərin rəhbərliyi altında təsis edilmiş Konustitusiyamızda Azərbaycanın hüquqi dövlət olduğunu bir daha təsdiq edir.

Beləliklə, Ulu öndər Heydər Əliyevin xüsusi göstərişi və tələbi ilə hazırlanan müstəqil Azərbaycanın Ana Yasası –  Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə xüsusi vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Konstitusiyamızın başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Bu da yuxarıda sadalanan prinsipləri ümdə vəzifə olaraq daim göz önündə tutan ümummilli lider Heydər Əliyevin Konstitusiyamızın təsis olunmasında göstərdiyi xüsusi çabanın bir hissəsi kimi özünü əks etdirir.

 

Bakı Dövlət Universiteti – Babayeva Xalidə

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki