Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 1 iyunda keçirilmiş 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Azərbaycanda enerji sahəsinin müstəqillik dövründə keçdiyi inkişaf yoluna, cari vəziyyətə və gələcək perspektivlərə dair fikir və mülahizələrini tədbir iştirakçıları ilə bölüşdü. O, diqqətə çatdırdı ki, Azərbaycanın enerji strategiyasının, o cümlədən “Əsrin müqaviləsi”nin həyata keçirilməsində ilk növbədə Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərləri mühüm rolu oynamışdır. Daha sonra isə “Şahdəniz” qaz yatağının işlənməsi nəticəsində Azərbaycanın enerji sektorunda neftlə bərabər qaz istehsalı və ixracı da mühüm yer tutmuşdur. Qaz ixracında 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum boru kəməri xüsusən ilkin mərhələdə vacib rol oynayıb. Hal-hazırda isə Azərbaycanın təşəbbüsü ilə yaradılmış 3500km-lik Cənub Qaz Dəhlizi bu sahədə ölkəmizin rolunu əhəmiyyətli dərəcədə artırmış, onu mühüm qaz ixracatçısına çevirmişdir.
Bu il Cənub Qaz Dəhlizi vasitəsilə ixrac olunacaq qazın həcminin 24 milyard kubmetrə çatacağı gözlənilir. Amma Azərbaycan qazına olan tələbat, xüsusən də Avropada artmaqdadır. Ancaq qaz sektoru spesifik sahədir, bir ay və ya bir neçə ay ərzində qaz istehsalını kəskin şəkildə artırmaq mümkün deyil. Bunu həyata keçirmək üçün danışıqlar aparmaq, müqavilələr imzalamaq və müvafiq işlər görmək, o cümlədən Cənub Qaz Dəhlizinin buraxıcılıq qabiliyyətini genişləndirmək lazımdır. Ona görə də potensial tərəfdaşlar arasında sıx əlaqələndirmə, yaxından əməkdaşlıq və dialoq tələb olunur. Bakı Enerji Həftəsi bu məsələlər barədə fikir mübadiləsi aparmaq baxımından əlverişli platformadır. Çünki burada maraqlı hökumət və dövlətlərin rəsmiləri, ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edir.
Yeri gəlmişkən, Azərbaycan iri enerji şirkətləri və müxtəlif ölkələrlə bu sahədə uzunmüddətli, etibarlı və səmərəli əməkdaşlıq və tərəfdaşlıq təcrübəsinə malikdir.
ABŞ və Böyük Britaniya Azərbaycanın yürütdüyü enerji siyasətini daim dəstəkləyib. Britaniyanın BP şirkəti Azərbaycan üçün strateji tərəfdaş və aparıcı investordur. Eləcə də, Avropa İttifaqı ölkələri və Avropa Komissiyası Azərbaycanla enerji sahəsində yaxından və məhsuldar tərəfdaşlıq qurublar. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak ediblər. Xüsusilə qeyd edilməlidir ki, enerji sahəsindəki uğurlu tərəfdaşlıq Azərbaycanın Türkiyə və Gürcüstanla münasibətlərini yüksək səviyyəyə qaldırmışdır. Beləliklə, yürüdülən enerji siyasəti Azərbaycanın xarici siyasətinə və beynəlxalq münasibətlərinin də uğurlu inkişafına ciddi töhfə verib.
Azərbaycan enerji sahəsində əldə etdiyi uğurlarla kifayətlənmir, yeni perspektivləri inkişaf etdirmək əzmi və iradəsi göstərir. 4-cü Sənaye İnqilabının gətirdiyi yenilik, fürsət və imkanlardan enerji sektorunda bəhrələnmək Azərbaycanın iqtisadi prioritetləri sırasındadır. Bu baxımdan, Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi əhəmiyyət verir və bu istiqamətdə xarici tərəfdaşlarla artıq böyük layihələrə start verilib. ACWA Power və Masdar kimi enerji şirkətləri Azərbaycanda günəş və külək enerjisi stansiyaları inşa edirlər. BP Şirkəti ilə işğaldan azad edilmiş Cəbrayıl rayonunda bərpa olunan enerji layihəsinin həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır. Eləcə də, Xəzər dənizinin Azərbaycan sektorunun nəhəng bərpa olunan enerji potensialının və işğaldan azad edilmiş digər ərazilərin, o cümlədən Kəlbəcər və Laçın rayonlarının bərpa olunan enerji potensialının reallaşdırılması nəzərdə tutulur. Bu layihələr Azərbaycan iqtisadiyyatının enerjiyə artan tələbatını qarşılamaqla yanaşı, xaricə elektrik enerjisi ixracının həcmini də əhəmiyyətli surətdə artırmağa imkan verəcək.
Çıxışında Prezident İlham Əliyev qeyd etdi ki, Zəngəzur təkcə nəqliyyat dəhlizi deyil, həm də enerji dəhlizi kimi çıxış edə bilər. Enerji sektorunun şaxələndirilməsi nəticə etibarı ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verəcək.
Beləliklə, Prezident İlham Əliyevin çıxışı zamanı verdiyi bəyanatlar və onların praktik təzahürləri, görülən işlər və onların ilkin nəticələri Azərbaycanın enerji sektorunun inkişafında yeni mərhələyə qədəm qoyduğu qənaətinə gəlməyə əsas verir.