image-337543352_543176467921129_6780998906853324094_nbackend

“Mincemeat” əməliyyatı

image-reklam_sirab_01

İkinci dünya müharibəsi zamanı Şimali Afrikada hərbi əməliyyatlar 1940-cı ilin iyununda ingilislər və italyanlar arasında başlamışdı və birincilərin üstünlüyü ilə keçirdi. 1941-ci ilin fevralında İtaliyanın köməyinə general Rommelin komandanlığı altında almanlar gəldikdə vəziyyət dəyişdi.

Növbəti 15 ay Məhvər ölkələrinin üstünlüyü ilə keçdi, britaniyalılar şərqə, Misirə doğru geri çəkilməli oldular. Belə vəziyyət 1942-ci ilin iyulun 1-ə qədər davam etdi. Həmin gün başlayan Birinci əl-Əlameyn döyüşündə Rommel ingilislərin müdafiəsini yara bilmədi. Oktyabrın 23-də isə britaniyalılar hücuma keçərək İkinci əl-Əlameyn döyüşünə başladılar.

Aralıq dənizində Britaniya donanmasının ağalığı səbəbindən alman və italyanların təchizatı bərbad vəziyyətdə idi: canlı qüvvə, sursat, yanacaq çatışmırdı. Buna görə də Rommel britaniyalıların hücumuna uğurlu müqavimət göstərə bilmədi və qərbə doğru çəkilməli oldu.

Noyabrın 8-də isə Mərakeş və Əlcəzair ərazisinə əlavə Amerika və Britaniya qüvvələri çıxarıldı. Bununla da bölgədəki Məhvər qüvvələrinin vəziyyəti lap ümidsiz oldu. Şimali Afrikada uğur qazanacağına ümidini itirən Hitler 1943-cü ilin martında Rommeli geri çağırdı. Bon yarımadasına sıxışdırılan 250 minlik alman-italyan qüvvələri isə mayın 13-də təslim oldular.

***

Şimali Afrikada əməliyyatlar hələ yekunlaşmamış, 1943-cü il yanvarın 14-24-də Mərakeşin Kasablanka şəhərində ABŞ prezidenti Franklin Ruzveltin, Böyük Britaniya baş naziri Uinston Çörçillin əsas rol oynadığı konfransda iki ölkənin qərargah rəislərinin birləşmiş komitəsinin üzvləri, həm də “Azad Fransa” təşkilatını təmsil edən generallar Şarl de Qoll və Anri Jiro iştirak edirdilər. Sovet rəhbəri İosif Stalin Stalinqrad döyüşünün hələ davam etməsini əsas göstərərək Kasablankaya getmədi.

Ruzvelt tərəfindən “Məhvər ölkələrinin qeyd-şərtsiz kapitulyasiyası” şərtinin ilk dəfə səsləndirildiyi konfransda Şimali Afrikadakı kampaniya yekunlaşandan sonra hərbi əməliyyatları haraya keçirmək məsələsi müzakirə olundu. Qərbi Avropada ikinci cəbhə açmaq üçün qüvvələrin yetərli olmaması üzündən Siciliyaya qoşun çıxarmaq qərara alındı. Əməliyyata “Haski” kod adı verildi.

***

Qərb müttəfiqləri, xüsusən də britaniyalılar analoji əməliyyatlar zamanı düşməni çaşdırmaq və öz itkilərini azaltmaq üçün dezinfomasiya əməliyyatına böyük əhəmiyyət verirdilər. Məsələn, elə adını çəkdiyim İkinci əl-Əlameyn döyüşü öncəsi “Bertram” adlı dezinformasiya əməliyyatı keçirilmişdi.

Həmin əməliyyat Rommeli ingilis hücumunun əslində planlaşdırıldığı yerdən daha cənubda və iki gün sonra başlayacağına inandırmalı idi. Bunun üçün həmin ərazidə zirehli texnikanın, artilleriyanın, avtomobillərin maketi qoyulmuşdu. Yalançı radiodanışıqlar aparılırdı. Agentura vasitəsilə dezinformasiya ötürülürdü. Həqiqi hücum planlaşdırılan yerdə isə tankların üzərinə çəkilən maketlər onların yük avtomobili olması görüntüsünü yaradırdı.

Yük avtomobilinə oxşadılan tank
Yük avtomobilinə oxşadılan tank

O zaman britaniyalılar almanların “Eniqma” şifrələmə aparatı vasitəsilə apardıqları danışıqları oxuyurdular. “Ultra” adı verilən bu əməliyyat başqa üstünlüklərlə yanaşı, həm də almanların dezinformasiya əməliyyatlarına inanıb-inanmadıqlarını yoxlamaq imkanı verirdi.

“Bertram” əməliyyatı qarşısına qoyduğu məqsədə çatdı. Britaniyalıların hücumu Rommel üçün gözlənilməz yerdə və gözlənilməz vaxtda başladı. Döyüşün nəticələri barədə parlamentdə çıxış edən Çörçill söylədi: “Mükəmməl dezinformasiya əməliyyatı sayəsində tam taktiki gözlənilməzliyə nail olundu”.

Siciliyaya qoşun çıxarmaq üçün də belə bir əməliyyat hazırlandı və ona “Barklay” adı verildi. Bu əməliyyatın məqsədi müttəfiqlərin Siciliyaya deyil, Yunanıstana qoşun çıxaracaqlarına almanları inandırmaq idi. Bu məqsədlə daha əvvəl “Bertram”da sınaqdan keçirilmiş üsullardan istifadə olunurdu.

Gerçək desant qüvvələri Siciliyaya daha yaxın olan Tunisdə toplanırdı. “Barklay” isə almanları başqa şeyə inandırmalı idi. Guya Misirdə 12-ci Britaniya ordusu vardı. Bu ordu 3 Britaniya və 1 Polşa korpusu olmaqla guya 12 diviziyadan ibarət idi. Onun vəzifəsi guya Yunanıstana qoşun çıxarmaq imiş. Bu məqsədlə yenə maketlərdən, gərgin radiotrafikdən, agenturadan istifadə olunurdu.

Amma Şimali Afrikadan Siciliyaya qoşun çıxarılması açıq-aşkar oxunan variant idi. Buna görə də almanları növbəti dəfə aldatmaq üçün daha inandırıcı bir şeyə ehtiyac duyulurdu. İngilislər bilirdilər ki, Hitler müttəfiqlərin Yunanıstana qoşun çıxaracaqlarını və buradan Rumıniyanın neft mədənlərinə doğru irəliləyəcəklərini istisna etmir. Fürerin bu ehtimalını qənaətə çevirmək gərəkirdi. Bəs necə?

Müharibənin ilk günlərində, 1939-cu il sentyabrın 29-da Britaniya hərbi-dəniz kəşfiyyatının (NİD) direktoru Con Qodfrinin adından yayılan sənəddə düşməni çaş-baş salmaq üçün müraciət edilə biləcək üsullar sadalanırdı. Əsl müəllifin Qodfrinin köməkçisi, gələcəyin məşhur yazıçısı və Bondiana müəllifi Yan Flemminqin olduğu güman edilən sənəddə yer alan üsullardan biri də cəsədin üzərinə saxta sənədlər qoyaraq düşmənə ötürmək idi.

Şimali Afrikada bir dəfə bundan istifadə edilmişdi. Ciblərinə ingilislərin minaladığı sahələrin saxta xəritəsi yerləşdirilən cəsəd almanların tapa biləcəkləri yerə qoyulmuşdu. Həmin xəritəyə inanıb irəliləmək istəyən alman tankları torpaq qatının yumşaq olduğu yerdə batıb qaldılar.

Dezinformasiya ilə məşğul olan “XX System” adlı qurumda çalışan Çarlz Çalmi adlı leytenant indi bu üsuldan bir daha yararlanmağı təklif etdi. O, alman işğalı altında olan Fransaya üzərində ratsiya olan cəsəd atmağı təklif etdi. Elə görüntü yaradılacaqdı ki, guya paraşütün açılmaması səbəbindən ölüb və həmin ratsiyanın ələ keçməsindən xəbərləri yoxmuş kimi davranaraq düşmənə dezinformasiya ötürüləcəkdi. Təklifə o qədər də isti yanaşılmadı. Amma NİD əməkdaşı İven Monteqüyə, hər ehtimal, Çamli ilə bu ssenari üzərində işləmək tapşırıldı.

Çarlz Çamli (solda) və İven Monteqü
Çarlz Çamli (solda) və İven Monteqü

Cütlük təklif üzərində ciddi düşündükdən sonra onu xeyli dəyişdilər. Radio əvəzinə yazılı sənədlərdən istifadə etmək qərarı verildi. Amma almanlar bilirdilər ki, müttəfiqlər heç vaxt məxfi sənədləri düşmən işğalı olan ərazi üzərindən göndərmirlər. Buna görə də cəsəd dənizə buraxılmalı, aviasiya qəzasının qurbanı kimi təqdim olunmalı idi. Cəsədin İspaniya sahillərinə yaxın yerdə suya buraxılması qərara alındı. Bu ölkə bitərəf olsa da, Almaniya ilə mehriban münasibətləri vardı.

“Mincemeat” (Ət farşı) adı verilən əməliyyatın ümumi cizgilərini müəyəynləşdirdikdən sonra ilk növbədə cəsəd tapmaq lazım idi. Bu, kimsəsiz adam olmalı idi ki, cəsədini istəyən olmasın. Başqa cürünə qanun icazə vermirdi. Yanvarın sonlarında belə bir cəsəd tapıldı. Onun adı məxfi saxlanılırdı. Kimsəsiz, küçələrdə yatan biri idi və üzərinə siçan zəhəri çəkilmiş çörəyi intihar məqsədilə, yoxsa bilməyərəkdən yemiş və bir müddət sonra ölmüşdü. Cəsəd aşağı temperaturlu kameraya yerləşdirildi.

Həmin adama dəniz piyadası qüvvələrinin mayoru səlahiyyətlərini icra edən kapitan Uilyam Martin adı verildi və bundan sonra hekayəsini yaratmağa başladılar. O, qərargah zabiti kimi təqdim olundu, yoxsa zəif cüssəli birinin döyüş zabiti olması inandırıcı olmazdı. Şəxsiyyətini təsdiq edən sənəd üçün şəklini çəkmək uğursuz oldu: meyidi canlı göstərmək olmurdu. Nəhayət, bir oxşarını tapıb dəniz piyadası formasında şəklini çəkdilər.

Mayorun guya Pem adlı nişanlısı vardı. Cibinə həmin Pemin, əslində isə kəşfiyyatda işləyən qızlardan birinin şəkli qoyuldu. Şəklə Pemdən iki sevgi məktubu, eləcə də zərgərlik dükanından 53 funt sterlinq dəyərində nişan üzüyü alması barədə qəbz əlavə olundu.

Pemin şəkli
Pemin şəkli

Uliyam Martinin cibində daha iki məktub vardı. Bunlardan biri atasından idi. İkinci məktub isə bankdan idi və kredit həddini 79 funt sterlinq aşması barədə xəbərdarlıq edilirdi. Bundan əlavə, avtobus bileti, iki teatr biletinin kötükləri, Londonda dörd gecə qaldığı hotelin hesabı vardı. Hər şeyi yerli-yerində, ideal olması şübhə doğura bilərdi, buna görə də Uilyam Martinin şəxsiyyətini təsdiq edən sənəd müvəqqəti idi: guya əslini itirmişdi.

Mayorun əyninə geyindiriləcək formanın təptəzə olması şübhə doğurardı. Buna görə də onu bir müddət Çarlz Çalmi geyindi. O zaman az tapılan yaxşı keyfiyyətli alt paltarları isə avtomobil qəzasında həlak olmuş bir zabitin əynindən çıxardılar.

Əsas məsələ isə almanları çaşdıracaq sənədləri hazırlamaq idi. Onlardan biri Baş qərargah rəisinin müavini Arçibald Nayıın Əlcəzair və Tunisdə yerləşən 18-ci ordu qrupunun komandanı Harold Aleksanderə yazdığı məktub idi. Kəşfiyyatçılar əvvəlcə məktubu özləri tərtib etməyə çalışdılar. Sonda isə ordu məsələlərində daha informasiyalı adam kimi Nayın özündən xahiş etdilər. Nay bəzi kənar məsələlərə toxunduqdan sonra Yunanıstana qoşun çıxarmaqdan bəhs edir, eyni zamanda Siciliya və Dodokonesdə çaşdırıcı əməliyyatlar keçiriləcəyini deyirdi.

Digər iki məktub da Nay tərəfindən yazılmışdı və Uliyam Martin haqqında tövsiyə xarakterli idilər. Onlardan biri Aralıq dənizi donanmasının komandanı Endrü Kanningemə, digəri isə Birləşmiş qüvvələr komandanı Luis Maunbettenə ünvanlanmışdı. Mayor Martinin desant üzrə mütəxəssis kimi təqdim olunduğu bu məktublarda həm də desantın yeri barədə eyhamlar var idi. Məktublardan birini konvertə qoymazdan əvvəl arasına kiprik qoyuldu. Onu da əlavə edim ki, bütün məktublar suya bir neçə gün ərzində davam gətirən, amma açıq satışda olan mürəkkəblə yazıldı.

Bütün bunlardan sonra məktublar portfelə qoyuldu. Onların cibdə deyil, portfeldə daşınmasını əsaslandırmaq üçün portfelə hərb sənəti haqqında bir neçə broşür əlavə edildi. Bundan sonra portfel zəncirlə mayorun kəmərinə bərkidildi. Bu üsul almanları şübhələndirə bilərdi, amma başqa çarə yox idi. Portfelin cəsədlə birlikdə tapılmasını təminat altına almaq lazım idi.

Aprelin ortalarında əvvəlcə baş nazir Uinston Çörçillin, daha sonra da müttəfiq qüvvələrin Baş komandanı Duayt Eyzenhauerin razılığı alındı və son işlər görüldü. Bu zaman hesaba alınmamış bəzi problemlər yarandı. Məsələn, soyuq kamerada cəsədin ayaqları şişmişdi və ayaqqabı keçmirdi. Ayaqları elektrik qızdırıcısı ilə isitmək lazım gəldi.

Cəsədin alman işğalı altında olan Fransa və ya İspaniya kimi bitərəf Portuqaliya sahillərində də suya buraxılması nəzərdən keçirilirdi. Amma əməliyyata cəlb olunmuş hidroqraf su axınını, qabarma və çəkilməni hesablayraq İspaniyanın kiçik Uelva şəhərinin akvatoriyasını məsləhət gördü.

Aprelin 17-də mayor Uilyam Martin adlandırılan cəsədi içində quru buz olan, silindr formalı metal kapsula yerləşdirildi. Kapsulun üzərində “Ehtiyatlı davranın. Meteoroloji avadanlıq” yazılırdı. Çalmi və Monteqü onu yük avtomobilində Şotlandiyanın Qrinok limanına qədər müşayiət etdilər. Burada o, “Seraf” sualtı qayığına qoyuldu.

Cəsəd kapsula yerləşdirilməzdən əvvəl
Cəsəd kapsula yerləşdirilməzdən əvvəl

Aprelin 19-da dənizə çıxan “Seraf” on gün sonra Uelva sahillərinə yaxınlaşdı. Aprelin 30-da hələ sübh açılmamış qayıq su üzərinə çıxdı. Kapsul göyərtəyə qaldırıldı və matroslar içəri göndərildilər. Yalnız zabitlərlə qalan “Seraf” kapitanı Bill Cuell cəsədi suya buraxdı. Bundan sonra qayıq elə döndərildi ki, pərlərindən yaranan axın mayoru sahilə tərəf itələsin.

***

Uilyam Martinin cəsədi suya buraxılandan təxminən beş saat sonra balıqçılar tərəfindən aşkar edildi. Onlar hökumət orqanlarını, hökumət orqanları Britaniyanın Uelvadakı vitse-konsulu Frensis Hazeldeni, o da Londonu tapıntı haqqında xəbərdar etdi. Bundan sonra əməliyyatın növbəti hssəsi başladı: almanları maraqlandırmaq.

İngilislərin daha əvvəl istifadə etdikləri şifrələrdən biri almanlar tərəfindən sındırılmışdı. London bundan xəbərdar idi, amma bixəbər kimi davranaraq həmin şifrədən almanlara dezinformasiya ötürmək üçün istifadə edirdilər. İndi də Hazeldenə göndərilən teleqramlarda həmin şifrədən istifadə olunur, vitse-konsula mayorun portfelini mümkün qədər tez ispanlardan almaq, xüsusən də almanların əlinə keçməsinə imkan verməmək tapşırılırdı.

Bu yazışmaları oxuyan almanlar portfeli ələ keçirmək üçün cəhdlərə başladılar. Amma tərslikdən ispanlar bu dəfə həqiqətən də bitərəf davranmağa üstünlük verir, portfeli özlərində saxlayırdılar.

Vitse-konsulun hələlik yeganə uğuru ispan həkimləri cəsədin eksqumasiyasını başdansovdu keçirilməyə razı salmaq oldu. Həkimlər güman etdilər ki, zatən ölüm səbəbi məlumdur. Yəqin ki, təyyarə qəzasından sonra suya düşən bəxtsiz mayor suda boğulub Kral dəniz piyadaları mayoru Uilyam Martinin 5-6 gün əvvəl suda boğulması barədə akt tərtib edildi və o, mayın 2-də hərbi ehtiramla Uelva qəbiristanlığında dəfn olundu.

Portfel isə Madridə göndərildi. İspaniyada fəaliyyət göstərən alman hərbi kəşfiyyatının (abver) zabitləri nə qədər cəhd göstərsələr də sənədlərlə tanış ola bilmədilər. Bunun üçün abverin rəhbəri, İspaniya diktatoru Frankonun yaxın dostu Vilhelm Kanarisin şəxsi müdaxiləsi lazım gəldi. Nəhayət, mayın 8-də konvertlərdəki surğuclu möhür qoparılmadan məktublar çıxarıldı, şəkilləri çəkildi, yenidən bükülüb konvertə qoyuldu. Bu zaman onların birindəki kiprik artıq yox idi. Almanlar məktubların mətnini dərhal radio ilə Berlinə xəbər verdilər. Şəkillər isə bir neçə gün sonra çatdı.

İspanlar portfeli mayın 11-də Madriddəki ingilis attaşeyə verdilər, o da Londona göndərdi. Yoxlama zamanı kipriyin yoxa çıxmasından əlavə kağızların bir dəfədən çox açılıb qatlandığı aşkar edildi. Bundan sonra köməyə yenə “Ultra” gəldi. Almanların mayın 12-də göndərdikləri və ingilis şifrəçilərin iki gün sonra oxuya bildikləri teleqramda müttəfiqlərin Balkanlara qoşun çıxaracağı söylənilirdi. Uinston Çörçillə xəbər verildi: düşmən farşı bütöv uddu.

***

Adolf Hitler doğrudan da sənədlərə tam inandı. Fransadan bir, SSRİ-yə qarşı Şərq cəbhəsindən iki tank diviziyası Yunanıstana göndərildi (halbuki sonuncular Kursk döyüşündə lazım ola bilərdilər). Siciliya limanlarındakı mina gəmiləri də yunan limanlarına yan aldı.

İyulun 9-da “Haski” əməliyyatı başladı: müttəfiqlər Siciliyaya desant çıxardılar. Amma Berlində hələ bir neçə gün güman edirdilər ki, bu, aldadıcı əməliyyatdır, əsas qüvvələr Yunanıstana çıxacaq. Gerçəkliyi anlayanda isə nəyisə dəyişmək üçün artıq gec idi.

Həyata keçirilməsi üçün üç ay lazım gələcəyi düşünülən Haski əməliyyatı 38 gün ərzində yekunaşdı. Bu zaman müttəfiqlər 7 mindən bir qədər çox itki verdilər ki. bu da təxmin ediləndən xeyli az idi. Şübhəsi ki, Bitaniya kəşfiyyatının “Ət farşı” çox böyük rol oynadı.

Siciliya əməliyyatının uğurlu gedişi İtaliyada siyasi dəyişikliklərə səbəb oldu. Döyüşlər hələ yekunlaşmamış, iyulun 25-də Faşist partiyası öz lideri Benito Mussolininin hakimiyyətdən kənarlaşdırılması barədə qərar qəbul etdi. Duçeni qəbul edən kral ona müharibənin uduzulduğunu, xalqın və ordunun yorulduğunu söylədi. Mussolini həbs edildi. Yeni hökumətin başçısı marşal Badalyo müttəfiqlərlə gizli sülh danışıqlarına başladı.

“Mincemeat” hətta sonrakı döyüşlərdə müsbət rol oynadı, amma başqa yöndə. İki dəfə (Normandiyaya qoşun çıxaranda və Niderlandda keçirilən “Market Qarden” əməliyyatı zamanı) gerçək sənədlər almanların əlinə keçdi. Bu sənədlərdə müttəfiqlərin gerçək planları təsvir olunurdu. Ancaq almanlar bunu növbəti “farş” hesab edərək inanmadılar.

***

İkinci dünya müharibəsindən sonrakı ilk illərdə “Mincemeat” hələ də məxfi saxlanılırdı. Məsələn, Uinston Çörçill müharibəyə həsr olunan memuarlarında onun adını çəkmirdi. Sadəcə yazırdı: “Yayındırıcı manevrlər sayəsində düşmən son ana qədər əsas zərbənin yeri barədə qəflətdə idi. Bizim dənizdəki hərəkətlərimiz, Misirdəki hazırlıqlarımız Yunanıstana ekspedisiya barədə düşünməyə sövq edirdi”.

Yalnız 1953-cü ildə İven Monteqü özünün əsas rol oynadığı əməliyyat haqqında “Heç olmayan adam” adlı kitab yazdı. İki milyon nüsxə ilə satılan bu kitabda da bütün həqiqətləri açmağa icazə verilməmişdi. Məsələn, Uilyam Martinin əsl kimliyi, eləcə də “Ultra” əməliyyatı barədə heç nə deyilmirdi (sonuncu 1974-cü ilə qədər məxfi saxlanıldı). Monteqünün kitabı əsasında 1956-cı ildə eyni adlı film çəkildi. 2021-ci ildə “Mincemeat əməliyyatı” adlı daha bir film çəkildi.

İspaniyada dəfn olunan naməlum cəsədin sinə daşında “Uilyam Martin, 1907-ci il martın 29-da doğuldu, 1943-cü il aprelin 24-də öldü. Uels, Kardiffdən Con Qlindur Martinin və Antoniya Martinin sevimli oğlu. Dulce et Decorum est pro Patria Mori, R.I.P.” yazılırdı. 1996-cı ildə həmin şəxsin 1909-cu il doğumlu Qlindur Maykl olması təsdiqləndi (başqa versiya irəli sürənlər də var). Bundan sonra sinə daşına “Qlindur Maykl, mayor Uilyam Martin kimi xidmət etdi” sözləri əlavə olundu.

Yadigar Sadıqlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki