Neft və qaz enerji istehsalı sahələrinin inkişafı prosesi
Azərbaycanı dünyaya tanıdan “qara qızıl” iqtisadi güc və qüdrət rəmzidir. Artıq əsrlərdir ki, Azərbaycanın neft sahəsində qazandığı şan-şöhrət günbəgün daha da artır. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra tez bir zamanda iqtisadiyyatı dirçəltmək istiqamətində zəruri addımlar atmağa başlamışdır. Bu istiqamətdə ilk hədəf neft sənayesini böhrandan çıxarmaq və inkişaf etdirmək idi. Həmin məqsədlə neft sənayesinə investisiya və yeni texnologiyalar cəlb etmək, sərfəli şərtlərlə xarici neft şirkətləri ilə müqavilələr bağlamaq üçün danışıqlar aparılması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə tapşırıldı. Neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqlidir. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir. Beləliklə, Azərbaycan neftinin Türkiyəyə nəql olunması barədə mühüm hökumətlərarası sazişlər imzalanmışdır.Neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.
Azərbaycan qazına olan tələbat sürətlə artır. Potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik. Birləşmiş Ştatlar və Birləşmiş Krallıq Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyib. Böyük dəstək nəticəsində effektiv nailiyyətlər əldə olunub. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak etmişlər. Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Komissiya “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacaq. Bununla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir.Enerji mənbələrimiz artırılmaqdadır. Misal olaraq Xəzər dənizinin böyük potensialı qeyd oluna bilər. Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir. Vətən müharibəsindən sonra Kəlbəcər və Laçının enerji potensialı 9-10 min meqavat təşkil edir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur.
Natiq Babayev /Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü